Fuad Muradov: "Söhbət dövlət sərəncamında olan mülklərin, mənzillərin müəyyən vaxta gənclərə verilməsindən gedir"
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun SİA-ya müsahibəsi:
- Azərbaycanda gənclər siyasətinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda gənclər siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Artıq bu dövlət siyasətinə çevrilib. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəaldır və bundan sonra da bu istiqamətdə öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Bununla yanaşı, ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilən "2 fevral - Gənclər günü" mövcuddur. Ölkəmizdə Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Gənclər Fondu yaradılıb. Bu Fond yeni layihələrin dəstəklənməsi ilə yanaşı bir sıra təşəbbüslərin meydana çıxmasına zəmin yaradır. Eləcə də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da mövcuddur. Bütün bu addımlar Azərbaycanda gənclər siyasətinə böyük diqqət ayırdığının bariz nümunəsidir. Hazırda ölkəmizdə 200-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları içərisində ən fal olanı da həmin təşkilatlardır. Təbii ki, bu da təsadüfi deyil. Çünki Azərbaycanda yaşayan insanların 65%-i 35 yaşına çatmayan vətəndaşlardır. Azərbaycanın özü də gənc müstəqil dövlətdir.
Bizim gənclərimiz Milli Məclisdə, müxtəlif dövlət qurumlarında və bir sıra tanınmış KİV-də çalışırlar. Bununla yanaşı, beynəlxalq təşkilatlar da onların çalışdığının şahidi oluruq. Bu istiqamətdə görülən işlər dövlətin əsas siyasətidir. Prezident İlham Əliyevin həyata keçirdiyi proqramlara nəzər yetirsək orada gənclərlə bağlı mütləq şəkildə bir neçə fikirlər yer aldığını görərik. Bu gün bizi qoruyan ordumuz da məhz gənclərdən ibarətdir. Bütün bunlar da onun göstəricisidir ki, Azərbaycanda gənclər siyasəti prezidentin şəxsi nəzarəti altındadır.
- Güzəştli ipoteka kreditlərin verilməsinə mane olan səbəblər nədir?
- İstər İpoteka Fondu, istər Milli Bank, Nazirlər Kabineti və bu işlə məşğul olan digər orqanların əsas istəyi gənclərimizin ipoteka kreditindən yararlana bilməsidir. Qanunvericilikdə qeyd etmişik ki, güzəştli ipoteka özəlləşdirmə sənədi olan evlərə verilməlidir. Əsas problem isə ondan ibarətdir ki, bəzi binalar hələ də özəlləşdirilməyib. Bu səbəbdən də bir sıra problemlər yaranır. Xüsusi ilə qeyd edim ki, yalnız təzə binalardan evlərin ipotekaya götürülməsi mütləq deyil. Nəinki Bakıda, həmçinin bəzi regionlarımızda elə binalar var ki, onların özəlləşdirilmə sənədləri var. Bu yaxınlarda dövlət başçısının imzaladığı fərmanla güzəştli ipoteka kreditinin maksimal məbləği 35 min manatdan 50 min manata qaldırılıb. Daha bir dəyişiklik ondan ibarətdir ki, güzəştli ipoteka kreditləri 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçularına şamil edilib. Prezidentin fərmanında bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun müəyyən olunmuş maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur. Bununla yanaşı, bir sıra yeni təkliflərimiz də var. İnanıram ki, bu da hökumətimiz tərəfindən dəstəklənəcək. Həmin təklif isə ondan ibarətdir ki, mənzillərin sosial təminatla gənclərə verilməsidir. Bununla bağlı Milli Məclisə yazılı şəkildə fikirlərimi bildirmişəm. Söhbət dövlət sərəncamında olan mülklərin, mənzillərin müəyyən vaxta gənclərə verilməsidir.
- Gənclər təşkilatlarının maliyyələşdirilməsi məsələsi nə yerdədir?
-Bu gün Azərbaycan Gənclər Fondu fəaliyyət göstərir. Onlarında öz imkanları mövcuddur. Gənclər və İdman Nazirliyi mütəmadi olaraq öz dəstəyini bir sıra gənclər təşkilatına göstərir.
sia.az