Prezident Yadında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirlinin SİA-ya müsahibəsi:
- Sabah Ermənistanın prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu da onun ilk xarici səfəridir. Bu görüşdən gözləntilər nədir?
- Bu hal Ermənistanda artıq ənənə halını alıb. Ermənistanda prezident seçildikdən sonra ilk səfər məhz Rusiyaya olur. Bu da təbii ki başa düşüləndir, çünki Ermənistanda seçkilər formal şou xarakteri daşıyır. Seçkilərdə kimin qalib gələcəyi əvvəlcədən Moskvanın özündə müəyyənləşir. Yeni seçilmiş prezidentin Rusiyaya səfəri bu baxımdan anlaşılandır. Səfər çərçivəsində bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir. Xüsusi ilə də bizim üçün maraqlı məqam olan Xocalı hava limanının açılması məsələsidir. Danılmaz faktdır ki, Sarkisyan hava limanının işə salınmasında israrlıdır. Bu günlərdə separatçı rejimin rəhbərliyindən belə bir məlumat gəlib ki, onlar təhlükəsizlik məsələləri baxımından tam təminat almadıqları üçün hava limanını aça bilmirlər. Digər tərəfdən də Azərbaycanın bu məsələyə təzyiqləri öz töhfəsinin verir. Bu günə qədər onların bu obyekti aça bilməmələri Azərbaycanın bu məsələdə nə qədər qətiyyətli olduğunun bariz nümunəsidir. Onu da qeyd edim ki, Rusiya mətbuatı Xocalı hava limanının görüşdə müzakirə olunacağı haqda xəbərlər yazır. Görüşdə Moskvanın bu məsələdə hansı mövqedən çıxış edəcəyi, Ermənistanın bundan sonra hansı addımları atacağı və bu kimi suallar ətrafında müzakirələrin aparılacağı proqnozlaşdırılır. Səfər öncəsi Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq "xarici işlər naziri" Arman Melikyan "Exo Moskva" radiostansiyasına müsahibə verib. Müsahibəsində isə o qeyd edir ki, qarşılarında duran ən vacib məsələ Dağlıq Qarabağ qondarma respublikasının danışıqlar prosesində tam tərəf kimi təşkilinə nail olmaq, danışıqlar prosesində Dağlıq Qarabağın ayrıca tərəf kimi tam hüquqla iştirak etməsidir. İkinci məsələ isə beynəlxalq birliklərin bu qondarma respublikanın tanıması ilə bağlı məsələlərdə irəliləyişə nail olmaqdır. Səfər növbəti 5 il üçün Sarkisyanın hansı addımları atması və onun istiqamətlərinin müəyyənləşdirilməsi üçün təşkil olunub. Dağlıq Qarabağla bağlı məsələnin bu görüşdə müzakirə olunmaması mümkünsüzdür. Çünki Ermənistan prezidentinin bütün səfərlərində bu məsələ müzakirə olunur.
- Ermənistanın "İrs" Partiyasının lideri Raffi Ovannisyanın keçirdiyi aksiya və ya səsləndirdiyi fikirlər nəyisə dəyişə bilərmi?
- Onun bu cəhdləri hakimiyyətdə heç bir dəyişikliyə səbəb olmayacaq. Hətta 2008-ci ildə eks prezident Levon Ter Petrasyanın cəhdlərinə baxmayaraq, Sarkisyan hakimiyyətdən getmədi. İndiki halda Ovannisyanın jestləri heç nəyi həll etməyəcək. Çünki Rusiya Sarkisyanı bu yerdə görmək istəyir. Beynəlxalq birliklərin əsas üzvləri də artıq Sarkisyanı təbrik ediblər. Bu səbəbdən də bütün etirazlar yersizdir. Raffi Ovannisyan sadəcə müxalifətin liderliyini qoruyub saxlamaq istəyir. Növbəti 5 il üçün öz planları qurmaq üçün belə addıma əl atır.
- İranın erməni separatçılarına yardım etdiyi üzə çıxıb. Buna münasibətiniz necədir?
- Bu kimi xəbərlər mətbuatda tez- tez yer alır. Narko trafikin əsas yollarından biri məhz İrandan keçir və nəzarətdən kənar Dağlıq Qarabağ ərazisinə daxil olur. Eyni zamanda, Dağlıq Qarabağ separatçı rejimi ilə təmas qurmaq üçün hər cür imkanlar var, çünki Azərbaycan nəzarətdən kənar ərazidir. Ermənistan ilə İranın münasibəti əgər strateji tərəfdaşlıq xarakterə malikdirsə, o zaman bu Ermənistanın əl altısı olan rejimdir. Məntiqi olaraq da həmin rejimlə İranın daha sıx və intensiv münasibətlərə girə bilməsi proqnozlaşdırılandır.
sia.az