"Hesab edirəm ki, bütün bunlar mənasız cəhdlərdir və bunun da qarşısını almağa qadirik"
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, bəzi mətbuat orqanlarında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məlumatlar yer alıb. Necə düşünürsünüz, əgər bu informasiya öz təsdiqini taparsa Azərbaycan buna cavab olaraq hansı addımı ata bilər?
- Azərbaycanda heç kim sosial şəbəkələr vasitəsilə hansısa bir təxribat reallaşdıra bilməz. Azərbaycanın sosial şəbəkələrində olan ölkə vətəndaşları da hakimiyyəti sevən, müdafiə edən, eləcə də dövlətinə sadiq insanlardır. Radikal dairələrin sosial şəbəkələrdə müəyyən qrupları vardır. Bu qruplar zaman-zaman təxribat xarakterli yazılar və s. verirlər. Biz bu cür sosial şəbəkələrdəki yazışmalardan çəkinmirik, ehtiyyat etmirik. Bu şəbəkələrdə Yeni Azərbaycan Partiyasının (YAP) kifayət qədər gücü var. Minlərlə Azərbaycan gənci sosial şəbəkələrdə milli maraqlarımızı qoruyur və prezident İlham Əliyevin apardığı siyasətin təbliğatçısına çevriliblər. Məhz buna görə də hesab edirəm ki, bəzi mətbuat orqanlarında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) nümayəndəsinin bu sosial şəbəkələrdə vəsait ayıraraq, gəncləri təxribata sövq etməsi və bununla da Azərbaycanda qarşıdurma yaratmaq istəyi mənasızdır. Düşünürəm ki, bu cür təxribatlar Azərbaycanda heç nəyi dəyişməyəcək. Əgər kimlərsə Azərbaycanda sosial şəbəkələr vasitəsilə müəyyən məbləğ müqabilində gəncləri ələ alıb və hansısa bir şeyi reallaşdırmaq istəsələr bu mümkün olmayacaq. Azərbaycan bu gün inkişaf etmiş ölkələr sırasındadır. Bizim ölkə geridə qalmış ölkə deyildir ki, burada kimlərsə sosial şəbəkələr vasitəsilə hansısa qarşıdurma yaratsın. Hesab edirəm ki, bütün bunlar mənasız cəhdlərdir və bunun da qarşısını almağa qadirik.
- Azərbaycan, Belarus və Qazaxıstan Rusiyanın Gömrük İttifaqına daxil olmaq niyyətində deyil. Amma rəsmi Moskva böyük israrla Azərbaycanın bura üzv olmasına çalışır. Bu haqda nə deyə bilərsiniz? Bunu ölkəmizə qarşı hər hansı təzyiq metodu kimi xarakterizə edə bilərikmi?
- Azərbaycan müstəqil dövlət olaraq hər zaman müstəqil siyasət aparıb və heç kimdən də asılı vəziyyətdə olmayıb. Azərbaycanın hanısa beynəlxalq təşkilata daxil olub-olmaması ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi siyasətlə həyata keçirilir. Avrasiya İttifaqı və yaxud Gömrük İttifaqı deyilən qurumda Azərbaycan təmsil olunması ilə bağlı qərarını qəti müəyyən etməyib. Prezidentin bununla bağlı Rusiya mətbuat orqanlarına verdiyi müsahibəsində bildirib ki, "biz hələ buna baxacağıq və bizim bununla bağlı seçimimiz, öz siyasətimizlə əlaqədardır". Azərbaycan bütövlükdə o qurumlara daxil olmaq istəyir ki, həmin qurumların fəaliyyəti ölkəmizin milli maraqları ilə üst-üstə düşsün. Rusiyanın rəhbərliyi altında yaradılan qurumlar vardır ki, biz o qurumların bəzilərində iştirak edirik. Amma elə qurumlar vardır ki, Azərbaycan orada iştirak etmir. Məsələn, biz Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının üzvü deyilik. Ona görə ki, bu müqaviləyə daxil olan ölkə Ermənistan bizə qarşı təcavüz siyasəti həyata keçirib. Hələ də torpaqlarımızın 20 faizi işğal altındadır. Belə olan şəraitdə işğalçı dövlətlə Azərbaycanın bir qurumda təmsil olunması düzgün deyil. Bununla belə biz Azərbaycanın Gömrük İttifaqı məsələsində də seçimimizi özümüz müəyyən edirik. Rusiyaya gəldikdə isə deyə bilərəm ki, bu adı çəkilən ölkə böyük dövlətdir. Rusiya hər zaman çalışıb ki, bir çox dövlətləri öz siyasi, iqtisadi orbitinə daxil etsin. Təbii ki, hər bir dövlət bunu reallaşdırmaq istəyir. Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri isə çox yüksək səviyyədədir.
- Bu gün Rusiya prezidenti Vladimir Putinin erməni həmkarı Serj Sarkisyanla Moskvada təkbətək görüşü reallaşdırılacaq. Sizin fikrnicə, bu görüş özündə nəyi ehtiva edəcək? Axı necə ola bilər ki, hələ heç prezidentliyi təsdiqlənməyin S.Sarkisyan rusiyalı həmkarı ilə görüş keçirsin?
- Əgər Rusiya prezidenti V.Putin erməni həmkarı ilə görüşürsə, təbii ki, burada Ermənistan-Rusiya münasibətləri fonunda Dağlıq Qarabağ məsələsinə də toxunulacaq. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu problemin həlli ilə əlaqədar Rusiyanın mövqeyi açıq-aşkar ortadadır. S.Sarkisyanın ilk dəfə olaraq seçkidən sonra Rusiyaya səfər etməsi Ermənistan prezidentinin Rusiyayönümlü siyasət aparacağına dəlalət edir. Bizim istəyimiz ondan ibarətdir ki, bu müzakirələrdə Rusiya sülhpərvər siyasəti yerinə yetirsin və işğalçı ölkəyə təzyiq göstərsin.
- Ermənistanda seçkilərdən sonra siyasi sabitlik daha da gərginləşib. "İrs" partiyasının sədri Raffi Hovanisyan seçkilərin nəticələri ilə barışmayaraq Sarkisyan rejiminə qarşı müxtəlif xarakterli təxribatlar həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Ermənistanda keçirilən seçkilərdə böyük saxtakarlıq baş verib. Hətta R.Hovansiyanın bu seçkilərdə böyük səs toplaması haqqında da fikirlər vardır. Bu isə öz növbəsində fasiləsiz mitinqlərin baş qaldırmasına yol açıb. R.Hovanisyan hətta çox sərt şəkildə bildirib ki, S.Sarkisyan "mənim meyidimin üzərində keçərək and içə bilər". Bilmirəm indi bu insan öz sözünün üstündə duracaq, ya yox. Əgər o öz sözünün üstündə durarsa, yəqin ki, S.Sarkisyanın meyidinin üzərində keçid reallaşdırılacaq. S.Sarkisyanın hakimiyyətdən imtina edəcəyi ehtimalı isə çox aşağıdır. Təbii ki, bu da Ermənistanın daxili məsələsidir. Bu işğalçı ölkənin zəifliyini və onun asılı ölkə olduğunu göstərir.
sia.az