Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun SİA-ya müsahibəsi:
- "El" hərəkatı KİV vasitəsilə bəyan edib ki, kütləvi aksiyalar keçirəcək. Bununla yanaşı, seçkilərdə fəal iştirak edib öz sözünü deyəcək. Doğurdanmı bu hərəkat öz sözünü deyə biləcək, yoxsa bəzi qurumlar kimi o da iflasa uğrayacaq?
- Belə hərəkatların adının nə olmasından asılı olmayaraq kütləvi aksiyalar keçirtməklə iqtidara zərbə vura bilməzlər. Çünki Azərbaycan xalqının böyük əksəriyyəti prezident İlham Əliyevin fəaliyyətindən qeyd-şərtsiz razıdır. Təbii ki, xalq bundan sonra da bu kursun davam etdirilməsini istəyir. Əgər xalq bunu istəyirsə, hər hansı bir hərəkatı yaratmaq nəticə etibarı ilə məğlub olmaq deməkdir. Hər zaman demişəm ki, Azərbaycan prezidentinin əleyhinə, yaxud da hakimiyyətin devrilməsinə qarşı yaradılan heç bir qurum müvəffəqiyyət qazana bilməz. Yaxşı olardı ki, "El" hərəkatı ölkəmizdə neqativ hallara qarşı aparılan mübarizədə prezidentimizə dəstək olan bir QHT qurumu kimi fəaliyyət göstərsin. Lakin təəssüflər olsun ki, bu kimi qurumlar prezidentin getməyi şüarı ilə meydana çıxırlar. Xalq Eldar Namazovu və onun ətrafındakı insanları yaxşı tanıyır.
- Rüstəm İbrahimbəyovun adından bəzi KİV-lərdə Mili Şuranın siyahısı yayılıb. Milli Şura ideyasına sizin münasibətiniz necədir?
- Azərbaycan xalqına Rüstəm İbrahimbəyov, Söyün Sadıqov və onların ətrafındakı insanlar məlumdur. Azərbaycanın 20 il ərzində keçdiyi və analoqu olmayan inkişaf yolu hər zaman Rusiyanı, İranı narahat edir. Danılmaz faktdır ki, bu inkişafa dözməyən qüvvələr də var. Həmin qüvvələr də belə məqamlarda birləşirlər. Rüstəm İbrahimbəyov da hazırda həmin şəxslərin maraqlarına xidmət edir. Ancaq onların istəyi Azərbaycanda reallaşa bilməyəcək. Çünki dövlətimiz öz müstəqilliyini tökülən qanlar hesabına qazanıb. Xalqımızdan da çox ölkənin başçısı bu müstəqilliyi qorumağa çalışır. Bununla yanaşı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırmaq üçün prezident İlham Əliyev hər kəsdən çox əziyyət çəkir.
- Son 2 gündə əksər ölkə KİV-ində sizin keçmiş müdafiə naziri Rəhim Qazıyevlə SƏS TV-də yayımlanan debatınızın kadrarxası görüntüləri yayılıb. Siz həmin debatda onu Rusiyaya satılmaqda günahlandırmısınız. Bu arada onu da qeyd edək ki, son zamanlar onun Moskvaya səfərlərinin sayı artıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Ona nə vaxt zəng edirdim, Rusiyada olduğunu deyirdi. Hətta Rusiyadakı yaxın dostlarım deyirdi ki, Rəhim Qazıyevlə birlikdə yeyib içirik. Xatırlayırsınızsa SƏS TV-də efirdə Şuşanın işğalı ilə bağlı debatımız var idi. Ancaq o, bu vaxt ərzində başqa mövzulara toxunub məsələni ört basdır etmək istəyirdi. Mən də bunu başa düşdüm və birbaşa onun xəyanətlərinə toxundum. O, bu sualların veriləcəyini bilirdi. Rəhim Qazıyev o zaman Şuşanın işğalı ilə bağlı məlumat aldığını bilə-bilə Moskvaya getdi. Getməsinin səbəbini isə ermənilərin Şuşaya gəlməsini demələrinə inanmamağı ilə əlaqələndirdi. Mayın 5-6-da hətta məlumat verilmişdi ki, həmin ərazilərdəki minaları təmizləyin. Rəhimin göstərişi ilə müdafiə batalyonları həmin əraziləri minalardan təmizlədi. Sonra da ermənilər öz batalyonlarını göndərdi. Bütün bu olanlardan sonra necə deyə bilərsən ki, Şuşanın işğalında heç bir günahım yoxdur?! Debatda məsələnin bu istiqamətdə olacağını başa düşüb, mövzunu dəyişmək bəhanəsi ilə özünə yaraşan ifadələr işlətdi. Hər zaman deyirdim ki, Rəhim o vaxtdan bu günə çox dəyişib. Rusiya və İranın Azərbaycanın inkişafına mane olacaq başqa dövlət yoxdur. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Rəhim Qazıyevə lazımi sözlərini deyib. Mən də üzümü Rəhim Qazıyevə tutub təkrar edirəm: Rəhim Qazıyev, bu sözlər sənə qarşı hələ çox yumşaq deyilib. Sən vətən xainisən. Azərbaycanı Rusiyaya satmaq və öz şəxsi maraqlarına xidmət etmək üçün bütün alçaqlığa əl atmısan. Hətta sənə canlı deməyə dilim gəlmir. Rəhim Qazıyev özündə qeyrət, kişilik tapırsa mənimlə debata çıxsın. Hansı televiziyada istəyirsə mən hazıram.
sia.az