PDF Oxu

Müsahibə

  • 937

Siyavuş Novruzov: “YAP-ın seçki şüarlarının necə olacağı gizli saxlanılır”

Siyavuş Novruzov: “YAP-ın seçki şüarlarının necə olacağı gizli saxlanılır”

"Bütün işləri məsləhət verən dövlətlərdən qat-qat yaxşı həyata keçiririk"

Hazırda gündəmin əsas mövzuları aprelin 14-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən yekunda dövlət başçısının diqqət çəkdiyi bir sıra məsələlərdir. Belə ki, ölkənin iqtisadi inkişafını özündə əks etdirən dövlət başçısının çıxışında xarici ölkələrin müdaxiləsi, məsləhət vermək cəhdləri, korrupsiyaya qarşı mübarizə, vətəndaş-məmur təmasının minimuma endirilməsi kimi mühüm məsələlərə də toxunulub. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibəsində gündəmdə olan məsələləri, həmçinin YAP-ın bölgələrdə keçirdiyi görüşləri şərh edib. /publika.az/

"Bölgələrdə keçirilən görüşlərin heç bir məsələyə aidiyyəti yoxdur"

- YAP-ın bölgələrdə keçirdiyi görüşlər necə aparılır?

- Hazırda YAP-ın bölgələrdəki təşkilatlarında görüşlər keçirilir. Bundan əvvəl də oldu, bundan sonra da bir sıra rayonlarda nəzərdə tutulub. Bu görüşlər ilk partiya təşkilatlarında idarə heyəti, gənclər və qadınlar təşkilatları ilə keçirilir, söhbətlər aparılır.

- Maraqlıdır ki, ilk belə görüşlər cənub bölgəsində və Quba rayonunda baş tutdu. Bunun bu bölgələrdəki narazılıqla, həmçinin dini və etnik amillə bağlı olduğu deyilir.

- Bu görüşlər tədbirlər planına uyğun aparılır. Misal üçün, Prezidentin səfərləri olan rayonlarda, biz eyni vaxtda başqa bir rayonda görüş keçiririk. Yaxud da rayonun özünü hesabatı olur və ya rayon üzrə hansısa tədbir keçirilir. Bunların üst-üstə düşməməsi üçün biz də görüşləri buna uyğun müəyyənləşdiririk. Yoxsa ya cənubda, ya şimalda, ya aranda keçirilən görüşlərin heç nə ilə əlaqəsi yoxdur. Məsələn? biz Sabirabadda və Saatlıda, həmçinin Yardımlıda, Masallıda, Qusarda, Qubada, Xaçmazda belə görüşlər keçirmişik. Eyni zamana, Ağsuda, Şamaxıda, o cümlədən Bakının rayonlarında ilk partiya rayon təşkilatları ilə görüşlərimizi keçirmişik və davam etdiririk. Bunun heç bir məsələyə aidiyyəti yoxdur. Sadəcə olaraq qrafikə uyğun reallaşır. Rayon təşkilatı hansı vaxtda hazır olursa həmin vaxtda görüşlər keçirilir.

"YAP-ın seçki şüarlarının necə olacağı gizli saxlanılır"

- YAP-ın bu ilki prezident seçkiləri ilə bağlı hansı proqramı var?

- Bununla əlaqədar YAP-ın seçki proqramı var. Bu hələ ötən ildən hazırlanıb və bütün fəaliyyətimiz sistemə uyğun aparılır. Proqrama uyğun olaraq hər ay, hər həftə, hər gün görəcəyimiz işləri müəyyənləşdiririk və həyata keçiririk.

- YAP-ın seçki şüarlarının necə olacağı da maraqlıdır.

- Vaxt yaxınlaşdıqca seçki şüarları da cəmiyyətə çatdırılacaq. Amma indi bunun necə olacağı gizli saxlanılır, açıqlanmır. Seçkiyə yaxın dövrdə açıqlanacaq.

"Hansısa kənar ölkə Azərbaycana nəyi necə etməklə bağlı göstəriş verə bilməz"

- Prezident son müşavirədə bildirdi ki, kənardan heç kim Azərbaycana məsləhət verməsin. Bunu necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, bu müşavirə çox uğurla keçirildi. Mütəmadi olaraq belə müşavirələr keçirilir. Ötən ilin yekunları ilə bağlı da müşavirə keçirildi. Görülən işlər qiymətləndirildi, nöqsanlar və bunların qaradan qaldırılması göstərildi. Qarşıdakı vəzifələr müəyyənləşdirildi. Bu müşavirə də ilin birinci kvartalının yekunları ilə bağlı idi. Dövlət başçısı ətraflı şəkildə çıxış etdi, görülən işləri qiymətləndirdi, hansı addımların atılacağını diqqətə çatdırdı. Ayrı-ayrı nazirlər hesabat verdi. Qarşıda ölkə üçün hansı işlər görüləcək, nələr həyata keçiriləcək kimi qarşıdakı planlar açıqlandı. Bununla yanaşı, ayrı-ayrı qurumların, təşkilatların, yaxud kimlərinsə Azərbaycanda gedən işlərlə bağlı fikirlərinə, rəylərinə toxunuldu. Qeyd edim ki, Azərbaycanda bütün bunları ancaq xalq, cəmiyyət müəyyənləşdirir. O parkda gəzən, o məktəbdə oxuyan, o səhiyyə ocağında müalicə alan Azərbaycan cəmiyyətidir. Ona görə də kiminsə gəlib buna bir şərh verməsi, yaxud başqa fikirlər səsləndirməsi ancaq təxribat xarakteri daşıya bilər. çünki biz özümüz bu məsələlərə öz qiymətimizi veririk.

- Ümumiyyətlə, Azərbaycana kənar müdaxilə cəhdləri müşahidə olunur?

- Azərbaycanın daxili işlərinə heç kim müdaxilə edə bilməz. Azərbaycan müstəqil dövlətdir, BMT-nin bərabərhüquqlu üzvüdür. Azərbaycana hansısa kənar ölkə nəyi necə etməyimizlə, necə həyata keçirməyimizlə bağlı göstəriş verə bilməz. Bu mümkün deyil. Çünki gördüyümüz bütün işləri məsləhət verən dövlətlərdən qat-qat yaxşı həyata keçiririk, çox keyfiyyətlə reallaşdırırıq. Azərbaycanın iqtisadi inkişafına, ölkədə olan ictimai-siyasi sabitliyə, sosial islahatlara baxanda o dövlətlərin heç birində bunların olmadığını görürük. Buna görə də bizə məsləhət verənlər gəlib bizdən öyrənməli, bizdən tövsiyə almalıdırlar, biz onlardan yox.

"Azərbaycanda korrupsiyaya qarşı ən mütəşəkkil şəkildə mübarizə aparılır"

- Prezident müşavirədə korrupsiya məsələsinə də toxundu. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda korrupsiya ilə mübarizədə xüsusi qurum fəaliyyət göstərir, həmçinin Baş prokurorun yanında komissiya bu işlərlə məşğuldur. Korrupsiyaya qarşı aparılan mübarizə göz qabağındadır. Mütəmadi olaraq, görülən işlərlə bağlı mətbuata məlumatlar verilir. Kimlər korrupsiya ilə məşğul olursa onlar da məsuliyyətə cəlb olunur. Prezidentin də çıxışlarından gördüyümüz kimi, bu iş davam etdiriləcək. Əslində dünyanın hər bir yerində korrupsiya mövcuddur. Azərbaycanda isə ən mütəşəkkil şəkildə buna qarşı mübarizə aparılır.

- Müşavirədə ən vacib məsələlərdən biri də məmur-vətəndaş münasibətləri idi.

- Məmur-vətəndaş münasibətlərinin həmişə əsas olub. Prezident İlham Əliyevin fəaliyyəti dövründə, həmçinin bu müşavirədə də birinci şərt ondan ibarət olub ki, əsas olan insandır. Bütün yaradılanlar, qurulanlar, tikilənlər, istifadəyə verilənlərin hamısı insanlar üçündür. Məmurlar da həyat tərzində, fəaliyyətində insanlara nümunə olmalı və ünsiyyət qurmalıdırlar. Ən əsası isə insanların problemlərinin həll edilməsidir.

sia.az

Digər xəbərlər