PDF Oxu

Müsahibə

  • 1 611

Dağıdıcı müxalifətin birlik naminə heç bir ideyası reallaşmır

Dağıdıcı müxalifətin birlik naminə heç bir ideyası reallaşmır

Mütəllim Rəhimli: "Azərbaycan müxalifəti özünü gözdən salıb"

Dağıdıcı müxalifət nümayəndələri içdən parçalanma dövrünün ən pik nöqtəsini yaşadıqlarını bilmələrinə rəğmən, yenə də hansısa şuradan, qurumdan danışmağa utanmırlar. Buna misal olaraq yeni yaratmağa cəhd göstərdikləri, lakin yarada bilmədikləri "Milli Şura" adlı qurum isə artıq yaranmadan dağılmağa məhkum olub. Çünki birliyin, bərabərliyin olmadığı bir yerdə heç bir qurumdan, şuradan, hərəkatdan danışmaq olmaz.

Bu mövzuya "Ədalət" partiyası ali məclisinin sədri Mütəllim Rəhimli suallarımıza münasibət bildirdi.

- Sizcə, daxilən birləşməyi bacarmayan dağıdıcı müxalifət nümayəndələri "Milli Şura" adlı ideyanın reallığa çevrilməsinə nail ola biləcəklərmi?

- Azərbaycan müxalifəti özünü gözdən salıb. İstər seçki öncəsi, istərsə də başqa vaxtlarda zamanlarda müxalifət nümayəndələri bir araya gələ bilməyiblər və biz bu gün də bunun şahidiyik. Bəzən müxtəlif ideyalar ortaya atılıb, bu gün isə "Milli Şura" adlı ideya gündəmə gətirilib. Belə düşünürəm ki, bu ideya reallığa çevrilməyəcək. Çünki müxalifət düşərgəsində birlik yoxdursa, deməli, onlar hansısa ideyanı reallığa çevirib, bu qurum və təşkilat ətrafında təmsil oluna, birləşə bilməz. Məhz bu məntiqi fikir söyləməyə əsas verir ki, "Milli Şura" ideyası heç vaxt reallığa çevrilməyəcək.

- "Milli Şura"nı yaratmaq istəyən Rüstəm İbrahimbəyovun iddialarına görə, bu şurada AXCP, Müsavat, ACP təmsil olunmalıdır. Uzun zamandır siyasətdə olan digər muxalifət qüvvələrinin bu şurada təmsil olunmamaları təəccüblü deyilmi?

- Rüstəm İbrahimbəyovun bu cür düşünməsi və ancaq bu partiyaları "Milli Şura"da birləşdirmək fikirləri, onu deməyə əsas verir ki, o, adlarını çəkdiyimiz bu partiyaların birliyini təşkil etmək istəyir. Onun "Milli Şura" yaratmaq fikri yoxdur. Bu isə belə ideyaların reallaşmadan məhv olmalarına zəmin yaradır. Təbii ki, heç reallaşma şansı olmayan bu işdə öncədən bu fikirləri səsləndirmək də yalnışdır.

- Artıq Rüstəm İbrahimbəyovun müxalifəti öz təsiri altına alıb, onu idarə etməyə cəhdi təəccüb doğurmur ki?

- Məlumdur ki, Rüstəm İbrahimbəyov indiyə qədər Azərbaycanın siyasi həyatında aktiv iştirak etməyib. Belə olduğu halda, onun heç bir haqqı, təcrübəsi çatmır ki, bu gün Azərbaycanda müxalifəti idarə etsin və ya müxalifət düşərgəsində öndə gedib rəhbərlik etsin. Ümumiyyətlə bildirmək istəyirəm ki, hansısa müxalifət qüvvələrinin R. İbrahimbəyovu dəstəkləməsi də çox gülüncdür. Çünki bu insan siyasi həyatda heç bir rol oynamadan, bu gün özünü öndə gedən siyasətçi kimi göstərməyə çalışır. Belə insanları isə dəstəkləmək doğru sayılmaz. Onsuz da, Azərbaycan siyasi həyatında kifayət qədər siyasətçilər yetişib, lakin Rüstəm İbrahimbəyov siyasətçi deyil və inanmıram ki, bundan sonra da ola bilsin.

- AXP sədri Pənah Hüseyn açıq şəkildə bəyan edir ki, müxalifətin xarici qüvvələrlə əməkdaşlığı mövcuddur. Sizcə, bu, müxalifətin ümidini xarici qüvvələrə bağlaması deyilmi?

- Müxalifət nümayəndələrinin öz aralarında birliyinin olmaması, bunu deməyə əsas verir ki, onlar ölkənin hansısa probleminin həlli istiqamətində birləşib nəsə etmək istəmirlər. Onlar yalnız öz məqsədləri naminə çalışırlar. Xarici qüvvələrlə əməkdaşlıqları isə, ona gətirib çıxarır ki, müxalifət artıq Azərbaycanın daxili işlərinə xaricdən müdaxiləyə şərait yaradır. Təbii ki, ölkəmizin sürətli inkişafını istəməyən bir çox xarici qüvvələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etdiyi üçün müxalifətin onlarla işbirliyi qurmasını fürsət bilərək öz istəklərini reallaşdırmağa çalışırlar. Müxalifət düşərgəsi isə onlarla əməkdaşlıq etməklə ölkənin milli mənafeyinə zərbə vurmuş olurlar. Onlar, həmçinin ölkəmizdəki ictimai-siyasi sabitliyin pozulmasına şərait yaradırlar. Bu isə müxalifət üçün mənfi haldır.

Cahid Süleymanov

Digər xəbərlər