Müsahibimiz iqtisadçı ekspert Vüqar Bayramlıdır
Vüqar Bayramlı: "Ünvanlı sosial yardım proqramı çərçivəsində sosial dəstək fondunun formalaşması və vətəndaşlara uzunmüddətli vəsaitlərin verilməsi nəzərdə tutulur"
-Vüqar müəllim, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi effekti əvvəliki prosedur qaydasından nə ilə fərqlənir?
-Bu proqram Azərbaycanda həyata keçirilən sosial proqramlar arasında xüsusi əhəmiyyətə malik olan proqramdır. Ünvanlı sosial yardım proqramı daha çox aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına ünvanlanmışdır. İlk dəfə olaraq MDB ölkələri arasında dünya bankının təşkilatçılığı ilə Azərbaycan höküməti tərəfindən həyata keçirilmişdir. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar dövlət büdcəsindən birbaşa yardım almaq imkanı əldə edirlər. Son zamanlar ünvanlı sosial yardımların verilməsi prosedurunda nəzarətin gücləndirilməsi müşahidə edilir. Fikrimcə, bu, aparılan islahatların bir halqasıdır. Artıq ünvanlı sosial yardım proqramı çərçivəsində sosial dəstək fondunun formalaşması və vətəndaşlara uzunmüddətli vəsaitlərin verilməsi nəzərdə tutulur. Yəni əgər əvvəlki qaydalara görə, yardım aylar üzrə hesablanırdısa, indi isə vətəndaşlara birdəfəlik yardımların verilməsi nəzərdə tutulur. Bu da imkan yaradacaq ki, vətəndaş aldığı yardımdan kiçik biznesin yaradılması, investisya qoyulması kimi məqsədlər üçün istifadə edə bilsin. Bu prosses aztəminatlı ailələrin uzunmüddətli və dayanıqlı gəlir sahəsinin yaradılmasına gətirib çıxaracaq.
- Sizcə, ünvanlı sosial yardımların verilməsi ümumilkdə tam şəkildə aztəminatlı ailələri qane edə bilirmi?
- Bildiyimiz kimi ölkədə yoxsulluq həddi 6%-ə yaxındır. Ünvanlı sosial yardımların verilməsi ilə aztəminatlı ailələr müəyyən zaman çərçivəsində hədəflərinə catmaq imkanları qazanırlar. Bu gün dünyanın hər yerində yoxsullar var. Sözügedən proqram aztəminatlı ailələrin sosial vəziyyətlərinin qorunması baxımından onların maraqlarına xidmət edir. Vətəndaşlar üçün bu proqram kifayət qədər xüsusi dəstək proqramıdır və birmənalı şəkildə imkan verir ki, vətəndaşlar öz sosial vəziyyətlərini yaxşılaşdırsınlar.
- Sizcə, ünvanlı sosail yardımların verilməsi qaydalarında sadələşdirilmə nəzərdə tutulurmu? Ayrılan məbləğin artırılması nə dərəcədə mümkündür?
- Miqyasına görə kifayət qədər çox sayda ehtiyacı olan Azərbaycan vətəndaşlarını əhatə edir. Proqramın icrasından sonra bir sıra təkmilləşdirici addımlar atılır. Ünvanlı sosial yardım verilən zaman əsas meyar vətəndaşın gəliri hesab olunur və ehtiyac meyarına uyğun hesablanır. Ehtiyac meyarı az olan vətəndaşlarımız bu proqramdan bəhrələnə bilər. Son illər ehtiyac meyarının məbləğində artım müşahidə edilir və məbləğin artması bu proqram çərçivəsində əhalinin daha çox vəsaitlər almasına gətirib çıxarır. Əgər 2012-ci ildə ehtiyac meyarı 84 manat idisə, 2013-cü ildə bu məbləğ 93 manata qədər artırıldı və növbəti illərdə də ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində aparılan əsas islahatlardan biri kimi qiymətləndirilir.
İntizarə Məmmədova