Zakir Hüseynli: "Yalnız adı olan "şura"dan danışmaq düzgün olmaz"
Müsahibimiz ADP-nin sədr müavini Zakir Hüseynlidir
Son zamanlar aralarındakı münasibətlər daha da gərginləşən, sözləri bir-birlərinin boğazından keçməyən, hər biri özünü ayrı-ayrılıqda "lider" hesab edən dağıdıcı müxalifət nümayəndələri yaşadıqları böhranlı vəziyyətdən çıxa bilmədikləri üçün, qarşıdurmaları daha da dərinləşir. Onların düşmüş olduqları bu vəziyyət, əslində, hər zaman adət etdikləri bir haldır. Lakin şahidi oluruq ki, belə hallar daha da artır. Dərinləşməkdə olan gərgin vəziyyət dağıdıcı müxalifət düşərgəsinin nümayəndələri arasında artıq qan tökülməsinin qarşısını almayacaq. Çünki "Milli Şura"nın yaradılmasının tərəfdarları olan "bəy"lərlə, bu "şura"nın qəti əleyhdarları arasında qızğın mübahisələr pik səviyyəyə çatıb. Hər zaman acınacaqlı durumda olan dağıdıcı müxalifət nümayəndələrinə, daha bir zərbəni də "Milli Şura" yaradılması fikri vurmuş oldu.
Müsahibimiz ADP-nin sədr müavini Zakir Huseynli dağıdıcı müxalifət düşərgəsində yeni qurumların, şuraların, hərəkatların yaranması ideyasının yeni gərginliklər yaratması ilə bağlı suallarımızı cavablandırdı.
- Sizcə dağıdıcı müxalifət düşərgəsi nümayəndələri arasında səngimək bilməyən qarşıdurmaları "Milli Şura" deyilən qurum daha da dərinləşdirəcəkmi?
- "Milli Şura" ideyası söz-söhbətdən başqa bir şey deyil. Bu "şura"nın yaradılması barədə konkret heç nə yoxdur. Bu "şura" barədə nəsə fikir söyləmək məncə yersizdir. Azərbaycan millətinin mənafeyinə xidmət etməyən bir "şura"da, təbii ki, bütün müxalifət nümayəndələri birləşməyəcək. Müxalifət nümayəndələri yenə də ayrılacaq, fikir ayrılıqları olacaq. Bu isə, öz növbəsində, müxalifət düşərgəsindəki gərginliyi artıracaq. "Milli Şura"nın sadəcə adından söhbət gedir və ad hələ o demək deyil ki, bu "şura" yaranıb və ya nəyəsə nail olub. Yalnız adı olan bir "şura"dan nəsə gözləmək və onun haqqında fikir söyləmək doğru sayılmaz. Qeyd edim ki, hansısa qurum bütün müxalifəti deyil, sadəcə bir neçə partiyanı və ya insanı birləşdirəcəksə, o qurumun heç bir perspektivi olmayacaq.
- Müxalifəti Rüstəm İbrahimbəyov kimi siyasətdən başı çıxmayan bir şəxsin idarə etməyə başlamasını söyləmək olarmı?
- Rüstəm İbrahimbəyov yalnız siyasi bəyanatlar verməklə məşğuldur. Lakin siyasi fəaliiyyətində heç bir uğuru yoxdu. O, təbii ki, siyasətdən uzaq insandır. Rüstəm İbrahimbəyov əgər mənəm-mənəmlik ideyasından əl çəksə, hansısa işlər görə bilər. Lakin o, mənəm-mənəmlikdən əl çəkmir. Bu isə, öz növbəsində, müxalifət daxilində yenə də hansısa qruplaşmanın və son nəticədə pərakəndəliyin yaranmasına, dərinləşməsinə gətirib çıxarır.
- Digər müxalifət partiyaları sədrlərini özünə yaxın buraxmayan İsa Qəmbər və Əli Kərimlinin bu gün Rüstəm İbrahimbəyov və Eldar Namazovla eyni mövqedən çıxış etmələri təəccüblü deyilmi?
- Mən ümumiyyətlə AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin siyasətini, siyasətdəki rolunu başa düşə bilmirəm. Onlar nə etmək istədiklərini və hansı qəraralar qəbul etdiklərini düşünə bilmirlər. Bu isə, öz növbəsində, onların fəaliyyətlərində boşluqlar yaradır. Onların hansı məqsədlə Rüstəm İbrahimbəyov və Eldar Namazovla eyni mövqedən çıxış etmələri, yəqin ki, özlərinə də bəlli deyil.
Cahid Süleymanov