Mütəllim Rəhimli: "İndiyədək olan birliklər ictimai inama çox böyük zərbə vurub"
"Milli Şura" ideyasının siyahısı 28 mayda elan edəcəyini bildirən dağıdıcı müxalifət nümayəndələri aralarında olan gərgin münasibətin dərinləşməsilə əlaqədar olaraq buna nail ola bilmədilər. Yenə də özünə lider deyən bu insanlar öz şəxsi iddialarından əl çəkməyərək, bir daha hansısa birlikdə, hərəkatda birləşə bilməyəcəklərini sübut etmiş oldular.
Dağıdıcı müxalifət daxilində ki, gərgin vəziyyətə münasibət bildirən Ədalət partiyasının aparat rəhbərinin sədri Mütəllim Rəhimli bunu liderlərin səhv siyasət aparmaları ilə əlaqələndirdi.
- "Milli Şura" ideyasına ictimaiyyət tərəfindən elə öncədən böyük ümidlər bəslənilmirdi. Hesab olunurdu ki, bu, müxalif düşərgənin sözünü ifadə edə bilməyəcək. Təsis olunması ilə bağlı ortaya çıxan problemlər də "Milli Şura"nın yaradıcıları arasında çox böyük fikir ayırılığı və gərginlik olduğunu üzə çıxardı. Bu problemlər sırf daxili münasibətlərdən qaynaqlanır. Ona görə də deyə bilərəm ki, "Milli Şura"nın gələcəkdə də heç bir etibar və uğur qazanmayacaq.
- Formal da olsa, keçirilən toplantıya qədər Müsavat başqanı İsa Qəmbər "Milli Şura" ideyasını dəstəkləyirdi. Lakin İsveç səfərindən sonra İsa Qəmbər fərqli mövqe ortaya qoydu. Sizcə, fərqli düşünmə və fərqli mövqeyin ortaya qoyumasının səbəbi nədən ibarət ola bilər?
- Azərbaycanda formalaşan müxalif birliklərini həmişə liderlərin şəxsi iddiaları dağıdıb. Çox pis haldır ki, müxalifət düşərgəsində şəxsi iddiaları olan heç kim prezidentliyə namizəd olmaq istəyindən əl çəkmək istəmir. "SİDSUH", "Demokratik Konqres" və digər müxalif ittifaqlarını da bu amil məhv edib. Müşahidələr göstərir ki, "Milli Şura" da bu problemdən yan keçməyib. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, İ.Qəmbər "Milli Şura"nın vahid namizədi olmaq məqsədilə manevrlərə başlayıb. Məncə, onun elan olunmasını yubadan da bu amil olub. Prezident seçkiləri ilə bağlı ortada olan qeyri-müəyyənlik bəzi şəxslər üçün yaxşı fürsətdir. Onlar gələcəkdə aktiv seçki mühitində həll edə bilməyəcəkləri problemləri hazırki passivlik dönəmində ictimai maraqların tapdanması hesabına olsa da aradan qaldırmaq istəyirlər. Çünki informasiyalardakı ziddiyyətlər və müxalifət düşərgəsindəki siyasi ab-havanın qaranlığı buna imkan yaradır.
- "Milli Şura" ideyasını ümumi müxalifətin dəstəkləməməsi bu ideyanın Rusiyanın layihəsi olması ilə bağlı ola bilərmi?
- Burada əsas məqamı "Milli Şura"nın perspektivinə münasibətdə axtarmaq daha düzgündür. Qeyd etdiyim kimi, indiyədək olan birliklər ictimai inama çox böyük zərbə vurub. Ona görə də tərkibini həddən artıq çox az dəyişdirə bilmiş "Milli Şura"ya münasibətdə həm siyasi qüvvələr, həm də geniş ictimaiyyət ehtiyatlı mövqe tutur. Köhnə simaların yenə də ötən illərdə olduğu kimi öz ssenarilərini həyata keçirməyəcəyinə qarant yoxdur.
Cahid Süleymanov