PDF Oxu

Müsahibə

  • 1 212

“Əgər Rəsul Quliyevi xatırlayan olsa, mənə deyin”

“Əgər Rəsul Quliyevi xatırlayan olsa, mənə deyin”

SİA Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun publika.az-a verdiyi müsahibəni təqdim edir:

- Son günlər Milli Şura prezident seçkilərinə çox ciddi hazırlaşdığını bəyan edir. Ümumiyyətlə, Milli Şuranı indiki iqtidar üçün nə qədər ciddi rəqib hesab edirsiniz?

- Milli Şura ilə bağlı öz fikrimizi bildirmişik. Milli Şura müxtəlif təşkilatları dəyişmiş bir qrup insanlar yığıncağıdır. Milli Şura dərnək səviyyəsində olan təşkilatdır. İndi bunun adı Milli Şura olsa da, əslində bu anti-milli qurumdur. Çünki bu Milli Şura Azərbaycan xalqına və dövlətinə heç bir xidmət göstərməyib. Bu baxımdan da ayrı-ayrı ölkələrin və dairələrin maraqlarını özündə ehtiva edən Milli Şura Azərbaycan xalqının milli mənafeyi naminə heç vaxt yaxşı iş görməyəcək. Bu, bütün cəmiyyətə də bəllidir. Milli Şuraya toplaşan insanlar son bir ildə ən azı 4-5 təşkilat dəyişiblər. Gənc olsaydılar, bunu başa düşmək olardı. Ancaq bunların yaşları o yaş deyil. Milli Şurada təmsil olunanlar müəyyən yaş həddinə çatmış insanlardır. Əgər hələ də axtarışdadırlarsa, demək bu adamlardan heç bir perspektiv gözləməyin mənası yoxdur.

- Rəsulzadə-Elçibəy yolunu tutan bir sıra müxalifət liderləri Milli Şurada təmsil olunmaqdan ehtiyat edərək bu quruma qoşulmadılar. Bu məsələyə münasibətiniz necədir?

- Əlbəttə, Milli Şuranın layihəsinin haradan gəldiyi əvvəlcədən də bəlli idi. Milli Şura Rusiyanın müəyyən dairələrinin layihəsidir. Ona görə də Vətənini və millətini sevən insanlar, o cümlədən bir sıra müxalifətçi şəxslər milli maraqları heç bir maraqlara qurban vermədi. Belə insanlar kifayət qədərdir. Təbii ki, elə müxalifətçilər də var ki, onlar üçün də dövlətin və xalqın milli maraqları hər şeydən üstündə dayanır. Ancaq elə insanlar da var ki, onlar üçün dövlətin milli maraqları 90-cı illərdən bəri heç bir əhəmiyyət kəsb etmir. Həmin şəxslər hər zaman Azərbaycan xalqının və dövlətinin milli maraqları ilə məşğul olublar. İndi Milli Şurada da Azərbaycanın milli maraqlarını satan quruma çevrilib.

- Deyilənə görə, Milli Şurada artıq Rəsul Quliyevin də 10 adamı təmsil olunur...

- Azərbaycanda küçəyə çıxıb soruşun, görün Rəsul Quliyevi xatırlayan varmı? Əgər onu xatırlayan olsa, mənə deyərsiniz. Çünki bu adam artıq Azərbaycan xalqının və cəmiyyətinin yaddaşından tam silinib. Rəsul Quliyev hansısa faydalı iş görməyib ki, Azərbaycan xalqının yaddaşında qalsın. Ona görə də Rəsul Quliyev uzun illərdir ki, ABŞ-da yaşayır. Ümumiyyətlə, Azərbaycanda bir adam belə Rəsul Quliyevi xatırlamır. Ona görə də Rəsul Quliyev kimi adamların Milli Şuraya qoşulması, elə bu təşkilatın dağılması deməkdir.

- Ola bilərmi ki, Milli Şuranın fəaliyyətinə Rəsul Quliyev maliyyə dəstəyi göstərsin?

- Ola bilər ki, Rəsul Quliyev seçkilərdə kimlərəsə sponsorluq etsin. Ancaq sosial bazası olmayan hər hansı təşkilatı maliyyələşdirmək gülüncdür. Təbii ki, ora yığışan adamlar istəyərlər ki, ordan-burdan 5-10 manat pul qoparsınlar. Bu hamıya da aydın məsələdir. Yəqin ki, Rəsul Quliyev də bu adamları maliyyələşdirəcək. Ancaq onların da heç elektoratı və sosial bazası mövcud deyil.

- Bu il keçiriləcək prezident seçkilərində 2003-cü ilin 16 oktyabr hadisələrinin təkrarlanma ehtimalı varmı?

- Təbii ki, seçki ilində həm cəmiyyət, həm də bizi əhatə edən dövlətlər və Azərbaycanda marağı olan müxtəlif təşkilatlar və sairə qüvvələr daha fəal olurlar. Bu cür təşkilatların əsas maraqları da ondan ibarətdir ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozsunlar və sairə. Həmin qüvvələr seçki ərəfəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edə bilərlər. Ancaq Azərbaycan hüquqi demokratik dövlətdir, burada bu cür addımların atılması mümkün deyil. Çünki Azərbaycanda güclü və sabit dövlət var. Azərbaycanda dövlət və prezidentlə xalq arasında güclü birlik mövcuddur. Bu birlik və həmrəylik Azərbaycanın inkişafı üçün də zəmin yaradır. Hazırda Azərbaycanda hər bir şəxs öz prezidentini dəstəkləyir. Ona görə də Azərbaycanda 2003-cü ildəki kimi seçkiöncəsi baş verə biləcək təxribatlara yol verilməyəcək. Ola bilər ki, Azərbaycanın ayrı-ayrı regionlarında nəyisə qızışdırmaq istəsinlər. Ancaq bütün bu cəhdlərin hamısı nəticəsiz qalacaq.

Digər xəbərlər