Mais Səfərli: "Rüstəm İbrahimbəyovun xaricdə oturub, müxalifət liderlərinə öz iddialarını diktə etməsi təəccüb doğurur"
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Mais bəy, xarici qüvvələrin, eləcə də, daxildəki müəyyən məkrli qrupların rəğbət və ehtiramını belə qazana bilməyən dağıdıcı müxalifətin "Milli Şura" deyilən bir qurum yaratması və şuranın vasitəsi ilə Azərbaycanda qarşıdurma və iğtişaşlar törətməyi planlaşdırması nə dərəcədə effektli ola bilər?
- "Milli Şura"nın yaradıcıları bildirirlər ki, onlar kütləvi aksiyalara hazırlaşırlar. Həmin təşkilatlardır ki, bir müddət öncə fəvvarələr meydanında bir necə dəfə icazəsiz aksiyalar keçiriblər. Yəni, bu kimi təşkilarlar şəhərin mərkəzində bu cür icazəsiz aksiyalar keçirməklə stabilliyi pozurdular. Azərbaycan demokratik, hüquqi dövlətdir və demokratik-hüquqi dövlətdə də hər bir məsələ qanun çərçivəsində həll olunmalıdır. Ölkədə hər hansı bir qüvvələr tərəfindən icazəsiz aksiyaların keçirilməsi tez bir zamanda qanunla qarşısı alınıb və alınacaq da.
- Sizcə, "Milli Şura" deyilən bu qrupda "vahid namizəd" məsələsində ortaq məxrəcə gələ biləcəklərmi?
- "Milli Şura" deyilən bu qrupda "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlinməsi mümkün olmayacaq. Baxmayaraq ki, "Milli Şura" yaradılarkən belə bir fikir səsləndirməyə çalışırdılar ki, güya onlar "vahid namizəd" məsələsində ortaq məxrəcə gələcəklər. Amma həmin qüvvələrin son bəyanatlarına baxsaq görərik ki, onlar heç də bir-birinə güzəştə getmək istəmirlər. Yalnız bu qüvvələr o halda "vahid namizəd" məsələsi ilə bağlı razılaşa bilərlər ki, namizəd heç bir partiya ilə bağlı olmasın. Çünki müxalifət partiyaları bir-birinə güzəştə getmirlər. Yəni, neytral bir şəxsin üzərində dayana bilərlər. Müxalifət qüvvələrinin neytral bir şəxsin üzərində dayanmasının əsas səbəbi məhz müxalifətin bu seçkilərdə uduzmasını çox gözəl bilməsi ilə bağlıdır. Yəni, müxalifət partiyaları ilə bağlı olmayan bir namizəd müəyyənləşdirəcəklər. Bu, çox güman ki, Rüstəm İbrahimbəyov və ya Eldar Namazov olacaq. Çünki adları çəkilən şəxslərin heç biri AXCP və Müsavat tipli partiyaların üzvləri deyillər. Yəni, Rüstəm İbrahimbəyov və Eldar Namazov sonradan siyasətə gələn şəxslərdir. Rüstəm İbrahimbəyov tanınmış rejissor olsa da, siyasətdə naşıdır. Belə olan halda da, sözügedən şəsxlərin bu seçkilərdə uğur qazanmalarına heç bir şansları yoxdur. Ümumiyyətlə, bu günə qədər ölkədə keçirilən bütün seçkiləri də müxalifət düşərgəsini təmsil edən qüvvələr uduza-uduza gəliblər. Yəni, müxalifətin qarşıdan gələn seçkilərdə hər hansı bir uğur qazanması mümkün deyil.
- Rüstəm İbrahimbəyovun xaricdə oturub 20 illik siyasi təcrübəyə, fəaliyyət yoluna malik olan müxalifət liderlərinə öz iddialarını diktə etməsi müəyyən qədər təəccüb doğurmur ki?
- Rüstəm İbrahimbəyovun xaricdə oturub müxalifət liderlərinə öz iddialarını diktə etməsi təəccüb doğurur. R.İbrahimbəyovdan soruşmaq lazımdır ki, yaşının ahıl vaxtında birdən-birə siyasətə nəyə gəldi? Yəni, R.İbrahimbəyov niyə görə rejissor peşəsi ilə məşğul olmur? Bir sözlə, R.İbrahimbəyov rejissor olsa da, siyasətdə çox təcrübəsiz bir şəxsdir. Əgər R.İbrahimbəyovun bu il keçiriləcək seçkilərə "vahid namizəd" kimi qatılması "Milli Şura"nın fiaskosu deməkdir.
- Xaos və anarxiya vəziyyətində olan müxalifət düşərgəsinin seçkilərə birlik modelində getməsi nə dərəcədə inandırıcı görünür?
- Təbii ki, pərakəndə və dağınıq vəziyyətində olan müxalifətin seçkilərdə uğur qazanması real görünmür. Çünki müxalifət düşərgəsini təmsil edən qüvvələr xalqın gözündən düşmüş bir toplumdur. Ona görə də, yaxşı olardı ki, müxalifətçilər reallığı özündə əks etdirməyən xəyallara dalmasınlar.
GÜLYANƏ