Mübariz Qurbanlı: "Rüstəm İbrahimbəyov və onun ətrafındakılar Rusiyada və Qərbdə müəyyən antimilli, anti-Azərbaycan dairələri ilə əməkdaşlıq edirlər və onlardan qidalanırlar"
-Mübariz müəllim, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qeyri-real hesabatını ümumilikdə dövlətimizin həyata keçirtdiyi sosial-iqtisadi layihələrə kölgə salmaq məqsədi daşıdığını söyləmək olarmı?
-Avropa Parlamenti və onun qəbul etdiyi sənəd hüquqi bir məsuliyyət və hüquqi bir nəticə vermir. Bu parlament ayrı-ayrı ölkələrlə bağlı müxtəlif mövzularda yüzlərlə bu tipli sənəd qəbul edib. Ən xırda hadisələrə belə anında reaksiya verir. Misal olaraq deyim ki, Fransada Sarkozinin prezidentliyi dövründə qaraçıların Fransa ərazisindən çıxarılmasına münasibət bildirərək Fransa hökumətinin fəaliyyətini pisləyən qətnamə qəbul etmişdi. Yəni, istənilən ölkə haqqında bu tipli qətnamələr qəbul edib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr bəyannamə, bəyanat xarakteri daşıyır. Azərbaycan yalnız üzvü olduğu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdən və ondan irəli gələn müddəalardan hansısa bir narahatçılıq keçirə bilər. Azərbaycan Avropa İttifaqının, Avropa Parlamentinin üzvü deyil, ölkəmiz Avropa Parlamenti ilə Şərq tərəfdaşlığı çərçivəsində münasibətlər qurub və Avro Nest deyilən bir qurumda birləşən 6 ölkədən biridir. Əgər Avropa Parlamenti Azərbaycanın hansısa bir məsələsi ilə bağlı müzakirə açmaq istəyirdisə, əslində, Avro Nestdə müzakirə olunmalı idi.
-Qətnamənin qəbul edilməsində Avropa Parlamentinin 734 deputatından yalnız 32-si iştirak edib. 32 deputatın qəbul etdiyi qətnamə onu söyləməyə əsas verirmi ki, artıq Avropa Parlamenti qeyri- ciddi təşkilata çevrilib?
-32 deputatın bir araya gələrək qətnamə layihəsini müzakrəyə çıxarıb onu qəbul etməsi sadəcə deklorativ bir bəyanatdan başqa bir şey deyil. Ölkəmiz Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Bu Parlament Avropanın 27 ölkəsinin ərazisindən seçilmiş deputatlardan ibarət bir parlamentdir. Bizim parlament həmin 27 ölkənin parlamentləri ilə ikitərəfli əlaqələrə malikdir. Avropa Parlamenti 27 ölkə təmsil olunan sərhədlər çərçivəsində hansısa qərarlar, qanunlar qəbul edə bilər. Onun Azərbaycanla bağlı verdiyi açıqlamalar sadəcə informativ xarakter daşıya bilər. Ona görə də, bizim parlamentin bu məsələyə münasibət bildirməsi, sadəcə, həmin sənədin qeyri-qanuniliyini ifadə etmək məqsədi daşıyır.
-"Milli Şura"nın öz toplantısını ABŞ-da keçirəcəyi barədə məlumatlar gedir. Bu barədə nə demək istərdiniz?
-Biz demokratik bir ölkədə yaşadığımız üçün istənilən siyasi partiyalar, təşkilatlar bir araya gələrək hansısa bir qurum yarada bilərlər. Zaman-zaman müxtəlif adlar altında, məsələn, "Demokratik Konqres", "DUH", "SİDHUS" və bu kimi qurumlarda birləşiblər. Biz bundan heç bir narahatlıq keçirtmirik. Adlarının nə olduğundan asılı olmayaraq, xalq üçün eyni yerdə dayanırlar. Onların özləri haqqında süni ajiotaj yaratması göz önündədir, hər zaman sensaiya yaymaqla məşğuldurlar. Bu seçkilər ərəfəsində də həmin piyardan istifadə edirlər. 2003-cü ildə prezident seçkiləri ərəfəsində Londonda, 2008-ci ildə hansısa bir şəhərdə toplanmışdılar, guya toplantı etməyə burada yer yoxdu. Məqsəd "Milli Şura" adının cəmiyyətdə, mətbuatda hallandırmaq və onu tanıtmaqdan başqa bir şey deyil. Amma tanıtsalar da bir nəticə olmayacağı açıq-aydın görünməkdədir. "Milli Şura"ya münasibət məhdud çərçivədə, onların tərəfdarları arasında qalacaq. Bu insanlar siyasi boğanaq, siyasi uğursuzluq içindədirlər. Müxalifyönlü bir mətbuat orqanı "Milli Şura"da olan Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, İsa Qəmbərin, Əli Kərimlinin şəkillərini götürərək, küçələrdə insanlardan bunları tanıyıb, tanımadıqları haqqında sorğu keçirib və sosial şəbəkəyə yerləşdirilib. Vətəndaşlarımız bu fraqmentlərə baxsa, bir daha şahidi olarlar ki, şifahi sorğuda iştirak edənlərin böyük əksəriyyəti onları tanımadı və hətta "Milli Şura"nın nə olduğundan məlumatsız idilər. Bunu biz deyil, "Milli Şura"da təmsil olunan partiyanın maraqlarını qoruyan bir mətbuat orqanı keçirdirdi. Onlar özləri keçirdikləri sorğudan bir ibrət götürməlidirlər.
-Sizcə, İ.Qəmbər, Ə.Kərimli, E.Namazov Rusiya hökumətinin müəyyən dairələrinin dəstəklədiyi R.İbrahimbəyovun proyektini nə üçün dəstəkləmək məcburiyyətində qaldılar?
-Azərbaycanda müxalifyönlü siyasi təşkilatın heç biri hökumət səviyyəsində nə Avropadan, nə Amerikadan, nə də ki, Rusiyadan dəstək almır və ala da bilməz. Rusiya ilə Azərbaycan strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığa Azərbaycan və Rusiya bütün hallarda əməl etməkdədir. Onlar Rusiyada olan ölkəmizə qarşı mənfi münasibət bildirən və eyni zamanda, ermənilərlə iş birliyində fəaliyyət göstərən dairələrdən dəstək ala bilərlər. Bu insanları dövlət səviyyəsində heç kim tanımır. R.İbrahimbəyovu Rusiyada hansısa bir fərd tanıya bilər, ancaq inanmıram ki, onu parlamentin hər hansı bir depuatı tanısın. Dövlətimizin daxili işlərinə dövlətlərarası münasibətlər fonunda heç kim müdaxilə etmir və etmiyəcək. Rüstəm İbrahimbəyov və onun ətrafındakılar Rusiyada və Qərbdə müəyyən antimilli, anti-Azərbaycan dairələri ilə əməkdaşlıq edirlər və onlardan qidalanırlar. Bu, antimilli dairələrdə erməni lobbisi ilə fəaliyyət göstərməkdədirlər. Onların müxtəlif maraqları olsa da, bir araya gəliblər və bu gün iqtidara qarşı birgə toplantıya, birgə əməliyyata qatılmalarını nümayiş etdirirlər.
-"Milli Şura"nın vahid namizəd məsələsi hələ də öz həllini tapmayıb. Sizcə, bu, onu deməyə əsas verirmi ki, onlar arasında ciddi narazılıqlar var?
-"Milli Şura"nın seçkilərə bir və ya bir neçə namizədlə gedəcəkləri bizim üçün fərq etməz. Namizədlərinin kim olmasından asılı olmayaraq, bizim namizədlə yarışması qeyri-mümkündür. Cənab İlham Əliyevin şəxsiyyəti, liderliyi, beynəlxalq aləmdə, cəmiyyətdə mövqeyi, nüfuzu bizim qələbəmizə təkan verən amillərdəndir. Bizim üçün ancaq və ancaq xalqın dəstəyi lazımdır, ayrı-ayrı fərdlərin yox. Xalq isə Cənab Prezident İlham Əliyevi dəstəkləyir və biz mütləq bu dəstəyi prezident seçkilərində görəcəyik.
İntizarə Məmmədova