Siyavuş Novruzov: "İsa Qəmbərin partiyada hörməti yoxdur deyə, çıxıb özü namizəd olacağını deyir"
"Dünyanın heç bir ölkəsində namizəd demir ki, mən prezidentliyə namizədəm". Bu sözləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bildirib. YAP rəsmisinin sözlərinə görə, namizədi siyasi partiya irəli sürür.
Lakin bir qrup siyasi savadları olmayan şəxslər özlərindən uydurduqları şərhlərlə ictmai rəydə çaşqınlıq yaratmağa cəhd göstərirlər: " Bir neçə savadsız şəxs ya qəsdən, ya da bilməyərəkdən belə şərhlər verirlər. O cümlədən, İsa Qəmbər belə bir açıqlama verib. Onun partiyada hörməti yoxdur deyə, çıxıb özü namizəd olacağını deyir. Özü düşüb ortaya, partiyadan da heç bir səs-səda yoxdur. Bu yaxınlarda Arif Hacılı da birmənalı şəkildə bildirdi ki, Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər deyil, başqa şəxs olacaq. Bir şəxs öz təşəbbüsü ilə namizədliyini irəli sürəndə, MSK-ya gedir, ərizə ilə müraciət edir və bunu rəsmən elan edir. Namizədin siyasi partiya tərəfindən irəli sürülməsinə isə partiya qərar verir. Bu məsələ hamıya aydındır. Sadəcə olaraq, ara qarışdırmaq üçün belə fikirləri ortaya atırlar".
"Seçkidə səs verən xalqdır, prezidenti xalq seçir"
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edən zaman namizədliyinin irəli sürülməsi ilə bağlı məsələyə münasibətini bildirən YAP İcra katibinin müavini xatırladıb ki, qanunvericilikdə prezidentliyə namizədin razılıq ərizəsi anlayışı var: "Namizədin razılıq ərizəsi alınır. Namizədin razılığı olmasa, onu necə namizəd kimi irəli sürmək olar? Prezident İlham Əliyev də namizədliyinin irəli sürülməsinə razılıq verib".
Bəzi siyasi ekspertlərin Azərbaycanda Rusiya variantının, yəni Putin-Medvedev variantının ola bilməsi fonunda verdikləri açıqlamalarına gəlincə, YAP rəsmisi qeyd edib ki, Azərbaycanda belə variant yoxdur. Belə ki, Konstitusiya və qanunlar şəxsin prezidentliyə neçə dəfə namizəd olmasına heç bir məhdudiyyət qoymur. Yəni bir şəxsin dəfələrlə prezident seçilmək hüququ var. Ölkə rəhbəri İlham Əliyevin isə namizədliyini bilavasitə xalq dəstəkləyir. Onun yürütdüyü mütərəqqi siyasət Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən birmənalı olaraq dəstəklənməkdədir: "Dövlət başçısı İlham Əliyev gördüyü işlərə görə əhalinin təkidli tələbi ilə namizədliyini irəli sürüb. Heydər Əliyev siyasətinin davam etdirilməsi xalqın, YAP-ın 600 mindən artıq üzvünün tələbidir. Bu yol davam etdiriləcək. Eyni zamanda, bununla bağlı konstitusiyada dəyişiklik ediləndə, kifayət qədər fikir mübadiləsi aparılıb. Bu məsələ öz həllini tapıb. Qanun qüvvəyə minib. Hər şey öz qaydasındadır. Bu müzakirələrə yenidən qayıtmağın heç bir mənası yoxdur. Seçkidə səs verən xalqdır, prezidenti xalq seçir. Xalqın seçiminə heç kim qadağa qoya bilməz. Hansı ölkə öz təcrübəsində nəsə yerdəyişmə edib, öz işidir. Elə ölkələr var ki, əsas aparıcı sima baş nazirdir, o da on dəfə seçilir. Bu, təyinatla deyil, seçimlə əlaqəli məsələdir."
"Milli Şura" mənasız
qurumdur, yaxın
vaxtlarda onlar tamamilə
parçalanacaqlar"
"Milli Şura"nın uğursuz və xəyanətkar fəaliyyətinə də toxunan Siyavuş Novruzov qeyd edib ki, o, bu qurumu ümumiyyətlə qüvvə kimi qəbul etmir: "Mən "Milli Şura"nı heç bir qüvvə hesab etmirəm. Ora müxtəlif partiyalardan beş-altı adam, Azərbaycan cəmiyyətində yarıtmaz hüquqşünaslar, vəkillər, teatr xadimləri, rejissorlar kimi tanınan şəxslər, o cümlədən, yarıtmaz partiya sədrləri toplanıb. Deyirlər, xalq bizə etimad göstərsin. Xalq sizi də, partiyanızı da yaxşı tanıyır. Əgər xalq partiya sədri kimi indiyə qədər onlara etimad göstərməyibsə, yenidən adını dəyişməklə bunu edəcək? Ona görə də "Milli Şura" mənasız qurumdur. Yaxın vaxtlarda onlar tamamilə parçalanacaqlar."
"İsa Qəmbər belə ağıllı idisə, niyə Ali Sovetin sədri olanda bunu etmirdi? Bəs niyə Xalq Cəbhəsi tələsik prezident seçkisinə getdi, Azərbaycanı parlamentli respublika elan etmədi?"
YAP rəsmisi həmçinin "Milli Şura"nın konstitusiyaya dəyişiklik ediləcəyinə, Azərbaycanın prezident idarəçiliyi respublikasından parlament idarəçiliyinə keçəcəyinə olan iddialarına da toxunaraq vurğulayıb ki, Azərbaycanda konstitusiya kifayət qədər demokratikdir. Belə ki, indi konstitusiyanı dəyişmək istəyənlər 1991-ci ildə deyirdilər ki, indiki Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisidir, həmin respublikanı bərpa edirik: "ADR parlamentli respublika idi. İsa Qəmbər belə ağıllı idisə, niyə Ali Sovetin sədri olanda bunu etmirdi? Bəs niyə Xalq Cəbhəsi tələsik prezident seçkisinə getdi, Azərbaycanı parlamentli respublika elan etmədi? İndi konstitusiya islahatından danışırlar...Sadəcə, prezident seçkisi əvəzinə, parlament seçkisi keçirilməli idi. Bu şəxslər isə həddindən artıq hakimiyyətə həris idi. İndi də boş-boş komissiya bölürlər, sədrlər təyin edirlər. "İctimai Palata"nın yol xəritəsi necə həyata keçdisə, "Milli Şura"nı da eyni aqibət gözləyir. Onların hara keçdiyini, hara tullandığını deyə bilmərəm. Amma onların heç bir planı, xəritəsi həyata keçə bilməz." "Milli Şura"nın Yeni Azərbaycan Partiyasının Xocalı təşkilatına bərabər belə, gücünün olmadığını bildirən Siyavuş Novruzov qeyd edib ki, onlar sadəcə özlərinə təskinlik verirlər: "Özlərinə təskinlik verirlər, qoy danışsınlar. "Milli Şura"da elə bir insan yoxdur ki, intellektual, sosial baza, elektorat və digər məsələlər baxımından Xocalı təşkilatından olan birinin qarşısında tab gətirsin. Xocalı təşkilatı partiyanın ən kiçik təşkilatıdır."
"Rüstəm İbrahimbəyovun prezident seçkisinə namizədliyi uyğun gəlmir"
Eyni zamanda, bu gün YAP-ın namizədinə heç bir alternativin olmadığını vurğulayan İcra katibinin müavini qeyd edib ki, müxalifətin namizədləri, eləcə də, Rüstəm İbrahimbəyov uzağı Azərbaycanda bir faiz səs toplaya bilər: "Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyi var. Seçki Məcəlləsində göstərilir ki, ikili vətəndaşlıq öhdəlikdir. Eyni zamanda, ölkədə on ildən artıq daimi yaşamaq da namizəd üçün göstəricidir. Bu baxımdan Rüstəm İbrahimbəyovun prezident seçkisinə namizədliyi uyğun gəlmir. Hüquqi baxımdan o, namizəd ola bilməz."
Rövşən NURƏDDİNOĞLU