Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Orucovun SƏS TV-yə müsahibəsi:
- Əli bəy, "Milli Şura" deyilən qondarma qurum bu il keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etmək qərarına gəlib. Onlar vahid namizəd olaraq Rüstəm İbrahimbəyovu seçiblər. Sizcə, onların məhz bu seçimi etməsinin arxasında hansısa xarici qüvvələrin maraqları dayanırmı?
- Uzun müddətdir ki, müxalifət vahid namizəd axtarışında idi. Proseslərin gedişinə nəzər yetirdikdə görürdük ki, müxalifət daxili düşərgədə bir-birilərinə güzəştə getməyi qəbuledilməz məğlubiyyət kimi dəyərləndirir. Hətta onlar sosial şəbəkələrdə belə bir-birilərinə qarşı olduqca kəskin münasibətlər sərgiləyirdilər. Çox təəssüf ki, bəzi mətbuat orqanları Milli Şuranın vahid namizədini müxalifətin vahid namizədi kimi qələmə verməklə böyük yanlışlığa yol verirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Rüstəm İbrahimbəyov yalnız Milli Şuranın vahid namizədidir. Bu onun müxalifətin vahid namizədi olmasına əsas vermir. Çünki unudulmamalıdır ki, Milli Şuradan kənarda da müxalifət partiyaları mövcuddur. Bu partiyalar ictimaiyyət arasında nüfuzuna görə heç də onlardan geri qalmır. Belə partiyalardan biri də Milli İstiqlal Partiyasıdır.
Mən şəxsən öz adımdan demək istəyirəm ki, Azərbaycan müxalifətinin arxasında hər hansı xarici ölkənin dayanmasını istəməzdim. Çünki, bizə çox gözəl aydındır ki, heç bir xarici qüvvənin Azərbaycana qarşı marağı səmimi deyildir. Hətta dəfələrlə şahidi olmuşuq ki, onlar yardım etmək adı altında ölkədəki sabitliyi pozmağa cəhd ediblər, öz şəxsi maraqlarına görə, ölkəni yönləndirməyə çalışıblar. Azərbaycanın coğrafi mövqeyi, onun sahib olduğu sərvətlər daima digər dövlətlərin marağında olub. Onlar bunlardan yararlanmaq üçün Azərbaycan siyasətini özlərinə məxsus şəkildə yönləndirməyə çalışırlar.
- Sizin fikrinizcə, İsa Qəmbərin, Əli Kərimlinin və Lalə Şövkətin öz namizədliyini deyil, məhz Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsi şübhəli, təəccüb doğuracaq məqam deyil?
- Doğru qeyd etdiniz, məsələyə aydınlıq gətirmək üçün deyə bilərəm ki, onlar Rüstəm İbrəhimbəyovun namizədliyini həqiqətən səmimi qəlbdən istədikləri üçün deyil, məhz məcburiyyət qarşısında qaldıqları üçün irəli sürdülər. Təbii ki, onların hər biri özlərinin prezidentliyə vahid namizəd qismində təqdim edilməsini istəyirdilər. Lakin onların arasında mövcud olan hərc-mərclik, birini digərindən üstün tutma iddiası, daxili parçalanma buna heç cür imkan vermirdi. Bu səbəbdən də onlar ortaq qərara gələrək Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdülər. Rüstəm İbrahimbəyov tamamilə özünü mədəniyyət sahəsinə həsr etmiş bir insandır, onun siyasətdən xəbəri belə yoxdur. O, heç vaxt siyasi proseslərdə iştirak etməyib. Buna görə də, onun siyasi iddiası da mövcud deyil. Təbii ki, belə vəziyyət də onları tamamilə qane edir. Çünki, siyasət meydanında olan, onun məğzini anlayan insan daha təcrübəli olur. Rüstəm İbrahimbəyov da belələrindən olmadığından, müxalifət məhz onun üzərində dayanmağa üstünlük verdi.
- İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul etsə də, bildirdi ki, Müsavat Partiyasının 2013-cü il qərarı ilə onun prezidentliyə namizədliyi qüvvədə qalır. Sizcə, bu proseslərin arxasında hansı planlar dayanır?
- Biz bir partiya olaraq Milli Şurada təmsil olunmuruq. Orada gedən proseslərə öz mövqeyimizi bildirmək bir qədər haşiyədən kənara çıxır, lakin söhbət müxalifət düşərgəsindən gedirsə, burada müəyyən dəyərləndirmə aparmaq hüququna malikik. Sizin qeyd etdiyiniz kimi, Müsavat Partiyasının belə bir addım atmasının arxasında gizli məqamların olduğu da diqqəti çəkir. Hərhalda, bunu alternativ variant kimi saxlamaq istəyirlər. Onlar yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov ikili vətəndaşdır. Ola bilər ki, MSK-da araşdırmalar zamanı onun namizədliyini irəli sürməsi ilə bağlı müəyyən problemlər meydana gəlsin. Rəsmi orqan onun namizədliyinə müəyyən sədd qoysun. İsa Qəmbər belə bir halın baş verəcəyi təqdirdə, vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır, öncədən öz namizədliyi iddiası üzərində dayanır. Müsavat Partiyasının tanınmış simalarından olan Pənah Hüseynin, Arif Hacılının, Rauf Arifoğlunun bu proseslərdən kənarda qalması da diqqətçəkici məqamlardandır.
- Əli bəy, müxalifət meydanında uzun müddət olan Etibar Məmmədovun İsa Qəmbər və Əli Kərimli ilə eyni cərgədə durmamasını necə qiymətləndirmək olar?
- Adətən, müxalifətdə olan yoldaşlarımız əvvəllər belə düşünürdülər ki, müxalifətin bir araya gəlməməsinə maneçilik törədən Etibar Məmmədovdur. Lakin 2004-cü ildən Etibar Məmmədovun fəal siyasətdə iştirak etməməsi bunu təsdiq etmiş oldu ki, problem Etibar Məmmədovla bağlı deyil. Müxalifət düşərgəsində Etibar Məmmədovun yoxluğundan sonra da qarşılıqlı ittihamlar, fikir ayrılıqları hökm sürməkdədir. Onlar arasında mövcud olan qəzəb, kin-küdurət nəinki azalmır, əksinə günü-gündən daha da acınacaqlı hala gəlir. Az öncə də qeyd etdiyim kimi, biz bir partiya olaraq Milli Şurada iştirak etmirik. Bunun üçün təbii ki, tutarlı səbəblərimiz də var. Biz cəmiyyətə məlum olmayan bir partiya deyilik ki, hər hansısa bir qurumu bizə hazır şəkildə təqdim edib, qəbul etməmizə məcbur etsinlər. Bizim bu quruma qoşulmamağımızın önəmli səbəblərindən biri də onun mitinq, iğtişaş mənbəyinə çevrilməsidir. Mətbuatı izləyənlər də yaxşı bilirlər ki, İsa Qəmbər bu qurumdan sui-istifadə edərək, insanları mitinqlərə təhrik edir. Azərbaycanda normal seçki prosesi getdiyinə görə, bu tipli yersiz müraciətləri etməyə lüzum yoxdur. Bizim bu kimi və digər məsələlərə aydınlıq gətirmək istəyimizə onlar tərəfindən cavab verilmədiyindən, biz Milli Şuranın tərkibində iştirak etməyə etiraz etdik.
sia.az