PDF Oxu

Müsahibə

  • 1 435

Hikmət Babaoğlu: “Bunlar hamısı planlı şəkildə həyata keçirilən tədbirlərdir”

Hikmət Babaoğlu: “Bunlar hamısı planlı şəkildə həyata keçirilən tədbirlərdir”

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, Azərbaycan prezidenti İlham Əliyevin regionlara etdiyi mütəmadi səfərlərini necə qiymətləndirirsiniz? Ümumilikdə bu səfərlər ölkəmizin inkişafı istiqamətində daha nə kimi mühüm töhvələrə yol açacaq?

- Bunların hamısı planlı şəkildə həyata keçirilən tədbirlərdir. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə səfəri, əsasən sərhədyanı rayonlarımızı əhatə edir. Sərhədyanı rayonlarımızda abadlıq-quruculuq işlərinin aparılması, yeni sənaye müəssisələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunması ilə bağlı atılan addım olmaqla yanaşı, Azərbaycan sərhəd rayonlarının, sərhəd qapılarının möhkəmləndirilməsi ilə xarakterizə edilir. Bu gün Azərbaycanın inkişafı dünyanı valeh edəcək səviyyədədir. Hazırda Azərbaycanda qeyri-ənənəvi sektorlar inkişaf etməyə başlayıb. Artıq ölkəmizin regionları ilə paytaxt arasında fərq get-gedə minimuma enib. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası prezidentinin regionların inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi proqramda və "Gələcəyə baxış: 2020" İnkişaf Konsepsiyasında da öz əksini tapıb. Azərbaycan Qərbə inteqrasiya edən, Qərb dəyərlərini mənimsəyən, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq qalıb, inkişaf edən ölkələr sırasında olmalıdır. Dövlət başçısı Şamaxı rayonuna etdiyi səfərlər zamanı nitqində də söyləyib ki, Azərbaycan regionun həm siyasi, həm də iqtisadi mərkəzidir. Bununla belə qeyd olunub ki, ölkəmiz regionun elm mərkəzinə çevrilməlidir. Bu mənada hesab edirəm ki, Azərbaycan hökuməti, cənab prezident İlham Əliyev öz imkanlarını maksimum səfərbər edərək, ölkənin inkişafı naminə bütün addımları atır.

- Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı bəyan edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu hadisədən sonra Aureliya Qriqoriu Ermənistan dövlətində təzyiqə məruz qaldı. Amma təəssüf ki, bu hadisələrə nə beynəlxalq təşkilatlar, nə də ki qurumlar tərəfindən heç bir münasibət bildirilmədi. Sizin bu ikili standartlara yanaşmanız necədir?

Aureliya Qriqoriu Moldovanın Ombudsmanıdır. Bu insan kifayət qədər insan hüquq və azadlıqlarının incəliklərinə yaxından bələd olan şəxsdir. Hesab edirəm ki, Xocalı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların Aureliyo Qriqoriunun dilindən səsləndirilməsi, Azərbaycan həqiqətlərinin təntənəsidir. Artıq insanlar ermənilərin ağ yalanını eşitməkdən beziblər: "Məhz buna görə də, bu fikrin Ermənistan parlamentindən səsləndirilməsi ədalətin təntənəsi kimi dəyərləndirilməlidir. Bəs gəlin görək, bu məsələlərə münasibət necə oldu? Biz bilirik ki, terrorizm Ermənistan dövləti tərəfindən dəstəklənir. Biz Azərbaycana, ölkə diplomatlarına, Türkiyəyə, türk doplomatlarına münasibətdə daima bunun şahidi olmuşuq. Bu terrorun çox dərin keçmişi var. Bu gün isə Ermənistan dövləti həqiqəti söyləyən hər bir şəxsə qarşı dövlət səviyyəsində rəsmi terror təşkil etməyə qadir olduğunu bir daha sübut etdi. Məsələ ondadır ki, bu günə qədər Avropada özünü insan hüquq və azadlıqlarının müdafiəçisi qismində təqdim edən Almaniyanın Ombudsmanı Markus Lüninq bu məsələyə münasibət bildirmir. Lakin onun həmkarı həqiqəti söylədiyinə, insan hüquqlarını müdafiə etdiyinə görə, təhqirə və terrora məruz qalır.

Avropa Şurasının İnsan hüquq müdafiəçiləri Azərbaycanda dırnaqarası insan hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları yaradıblar. Hesab edirəm ki, Aureliya Qriqoriu həqiqəti söyləyib və onu müdafiə etmək lazımdır. Mövqeyindən, əqidəsindən, dilindən, dini etiqadından asılı olmayaraq, bütün dinlərdə həqiqət müdafiə olunur. Əgər beynəlxalq təşkilatlar doğrudan da insan hüquqları məsələsində səmimi olduqlarını göstərmək istəyirlərsə, belə məsələlərdə həqiqəti müdafiə etməlidirlər. Biz hesab edirik ki, bu cür insanlar, Azərbaycanın dostlarıdır.

- ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atdığı addımlara münasibətiniz necədir? Həmsədrlərin münaqişənin tənzimlənməsi istiqamətindəki fəaliyyətindən hər hansı irəliləyiş gözləməyə dəyərmi?

- ATƏT-in Minsk qrupu fəaliyyətə başladığı gündən indiyə qədər heç bir addım atmayıb. Məhz buna görə də, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan tərəfindən tənqid atəşinə tutulurlar. Əgər ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyətini aktivləşdiribsə, bu, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Amma təəssüf ki, Avropada belə məsələlərə bəzi hallarda dini nöqteyi-nəzərdən yanaşma daha aktual olur. Biz Azərbaycan həqiqətlərini daha çox Avropa institutlarının diqqətinə çatdırmalıyıq. 1945-48-ci illərdə BMT yaranandan sonra beynəlxalq hüquq deyilən bir anlayış meydana gəldi. Hər kəs bu beynəlxalq hüquqa tabe olmalıdır. Bizim əsaslarımız isə ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanı müdafiə edir. Bizi sevən və sevməyən bütün Avropa ölkələri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Biz çalışırıq ki, məhz bu hüquqi aspektlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa edək. Amma məsələ burasındadır ki, Avropada olan bəzi dairələr Azərbaycanın güclənməsini istəmir və buna mane olmağa çalışırlar. Bu, açıq şəkildə ortadadır. Azərbaycan diplomatiyasının qarşısında çox böyük vəzifələr durur. Avropanı idarə edən liderlərin mövqeyi bizim liderlərin mövqeyinə daha da yaxınlaşmaqdadır. Buna görə də, hesab edirəm ki, mövcud hərbi, iqtisadi, siyasi gerçəkliyi nəzərə almaqla, Azərbaycan öz mövqeyində ardıcıl və prinsipial olmalıdır.

sia.az

Digər xəbərlər