PDF Oxu

Müsahibə

  • 1 534

Elşad Mirbəşiroğlu: “Misirdəki hadisələr öncədən müəyyən olunmuş ssenari üzrə cərəyan edir”

Elşad Mirbəşiroğlu: “Misirdəki hadisələr öncədən müəyyən olunmuş ssenari üzrə cərəyan edir”

Siyasi elmlər üzrə fəlsəfə dokroru Elşad Mirbəşiroğlunun SƏS TV-yə müsahibəsi:

- Elşad bəy, Misirdə, Suriyada baş verənlər, Türkiyədə cərəyan edən hadisələr regiona nə kimi təsir göstərir?

- İstər Misirdə, istər Suriyada baş verən hadisələr öncədən müəyyən olunmuş konkret ssenari üzərində cərəyan edir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Qərb müsəlman dünyasında stabil bir cəmiyyət görmək istəmir. Bildiyimiz kimi, Misirdə prezident seçkiləri demokratik yolla keçirilib. Bu yolla hakimiyyətə gələn Məhəmməd Mursinin iqtidarda olduğu müddətdə bir sıra qüsurlar mövcud idi. Çox təəssüf ki, o bu qüsur və çatışmazlıqları aradan qaldırmaq zəminində aktiv fəaliyyət göstərmirdi. Məlumdur ki, Məhəmməd Mursi 51 faiz səs çoxluğu ilə hakimiyyətə gəlib. Bu da o deməkdir ki, ölkədə yerdə qalan 49 faiz onun əleyhdarlarıdır. Bu statistik rəqəmi nəzərə alaraq, onların Mursiyə qarşı çıxacağı gözlənilən hadisə idi. Eyni zamanda keçmiş hökumətin rəhbəri Hüsnü Mübarəkin dövründə iqtidarda olan hərbiçilər də Misirdə söz sahibi olaraq qalırdı. Bunu da Mursinin hakimiyyəti üçün başlıca təhlükə hesab etmək olar. Əlbəttə, Məhəmməd Mursi bu təhlükənin fərqinə varırdı və bu yöndə ilk atdığı addım konstitusiyanın dəyişdirilməsi təşəbbüsü oldu. O, bununla öz hakimiyyətini bir növ sığortalamaq istəyirdi. Lakin onun bu cəhdi baş tutmadı, məlum olaylar bunun qarşısını aldı. Beləliklə, ona qarşı görülən tədbirlər onun hakimiyyətdən getməsini şərtləndirdi. Mən bir məqama da xüsusi ilə toxunmaq istərdim. Bu cür proseslərə ABŞ-ın və Qərbin reaksiyasının kəskin olduğu halda, Misirdə baş verən hərbi çevrilişə münasibət bildirmədilər. Onlar tərəflərin dialoqa girməsinin vacibliyini vurğulamaqla kifayətləndi. Bu da bizə ona deməyə əsas verir ki, baş verən hadisələr onların maraq dairəsinə xidmət edən proseslərdir. Bizi düşündürməyə vadar edən məqamlardan biri də müsəlman əhalisinin onların maraqlarına uyğun hərəkət etməsidir. Sanki onların yeganə məqsədi meydan fəaliyyəti ilə məşğul olmaqdır. Qərbin yürütdüyü siyasət müsəlman dünyasında daim xaosun, qarma-qarışıqlığın hökm sürməsinə xidmət etməkdir. Bu ssenari nəinki ərəb ölkələrində müşahidə olunur, eyni zamanda Türkiyədə də bunun eynisinə rast gəlmək olar. Taksim olaylarına nəzər salsaq görərik ki, meydanla bağlı qərarın öz qüvvəsini itirməsinə, onun əhali üçün açıq elan edilməsinə baxmayaraq, əhali cüzi bir bəhanə axtararaq meydana axışmağa cəhd göstərir. Bu da Türkiyənin sabitliyinin pozulmasında müəyyən qüvvələrin əlinin olduğunu deməyə əsas verir. Çox gözəl aydındır ki, belə qüvvələr ABŞ, Qərb tərəfindən təşkil olunur. Təbii ki, bunların baş verməməsi üçün dövlət tərəfindən təcili olaraq bu kimi qüvvələrin qarşısı alınmalıdır.

Qərb eyni zamanda bizim regionda da öz ssenarisini həyata keçirməyə cəhd edir, lakin Azərbaycanda mövcud olan vəziyyət bu strategiyanın həyata keçirilməsinə imkan yaratmır. Çünki, Azərbaycan hakimiyyəti çox böyük dəqiqliklə siyasi kursunu reallaşdırır. Azərbaycanda sosial dialoq mühiti mövcud olmaqla yanaşı, tolerantlıq ən yüksək səviyyədə təmin olunmaqdadır. Azərbaycanda dövlətçiliyin yüksək səviyyədə inkişafı ölkədə bu tip ssenarilərin həyata keçirilməsinin qarşısını böyük məharətlə alır. Lakin, bu strategiyanın yeridilməsi Ermənistanda mümkün olacaq bir məslədir. Çünki, bu gün Ermənistanda vəziyyət sosial partlayış həddindədir. Hətta bu yaxınlarda mətbuat İrəvanı "Ruhlar şəhəri" adlandırıb. Orada mövcud olan vəziyyət o dərəcədə acınacaqlıdır ki, xalq hər an öz hiddətini bildirmək iqtidarındadır. Azərbaycanda vəziyyət Ermənistandan tamam fərqli durumdadır. Bildiyimiz kimi, Cənab Prezident bu yaxınlarda Müsəlman Dünyasının lider prezidenti seçilib. Bu da onu deməyə əsas verir ki, onun təmsil etdiyi ölkə müsəlman dünyasının lider ölkəsidir. Azərbaycan hər baxımdan həsəd aparılacaq ölkələr sırasındadır. Ermənistan isə Azərbaycanla rəqabət aparacaq gücdə deyil. Sözügedən ölkələrdə baş verən hadisələrin eynilə Ermənistanda olması, gözlənilən bir haldır.

- Misirdə, Liviyada bu hadisələr baş verən zaman iddia olunurdu ki, Azərbaycanda da bu kimi proseslər baş verəcək. Sizin bu iddialara fikriniz necədir?

- Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda belə proseslərin baş verməsi qeyri-mümkündür. Mən deyərdim ki, bu kimi iddiaları səsləndirən insanlar Azərbaycanın bir nömrəli düşmənləridir. Çünki onlar bu iddianı dəstəkləməklə, Azərbaycanın məhv olmasını istədiklərini bir daha sübut etmiş olurlar. Lakin mən əminəm ki, onların irəli sürdüyü fikir heç vaxt reallaşmayacaq. Ölkəmiz regionda mövcud olan dövlətlərdən üstündür. Azərbaycan nəinki özünü, hətta digər ölkələri də öz zəngin iqtisadiyyatı ilə təmin etmək gücünə malikdir. Buna misal olaraq Gürcüstanı göstərə bilərəm. Gürcüstan bu gün Azərbaycanın iqtisadi yardımı ilə özünü təmin edən ölkədir. Məhz Azərbaycanın hesabına Gürcüstanın kapitalı formalaşır. Ermənistan Azərbaycandan iqtisadi yardım almadığına görə onun kapitalı iflas vəziyyətdədir. O region ölkəsi olaraq Gürcüstana müraciət edir. Gürcüstanın da Azərbaycan iqtisadiyyatından bəhrələnməsini əsas götürərək deyə bilərik ki, Gürcüstan vasitəsi ilə Ermənistan da Azərbaycan iqtisadiyyatından bəhrələnir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan cəmiyyəti monolit bir forma alıb. Mən əminəm ki, bundan sonra da Azərbaycanda hərtərəfli inkişaf yüksək səviyyədə davam edəcək, onun rifahı günü-gündən yaxşılaşacaq. Ərəb baharının ölkəmizdə reallaşması qeyri-mümkün məsələdir. Çünki Azərbaycan hakimiyyətinin arxasında onu dəstəkləyən güclü xalq dayanır.

- Bu gün belə iddialar da mövcuddur ki, dünyanın hegemon ölkələr tərəfindən bölünməsi prosesi gedir. Sizcə, bu iddialar nə dərəcədə doğrudur?

- Təbii ki, bu gün dünyada nüfuz müharibəsi gedir. Xüsusilə də müsəlman şərqində baş verən proseslər imperializmin təşəkkül tapmasından ibarətdir. Bildiyimiz kimi, ərəb dünyası neft ehtiyatları ilə zəngindir. Hegemon dövlətlər xaos yaradaraq bu təbii sərvətlərə sahib olmaq istəyirlər. Onların gerçək məqsədi sözügedən ərazilərdə sabitliyin bərqərar olmasına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlməyib. Eyni zamanda Azərbaycan da geostrateji baxımdan münbit ərazidə yerləşib. Bəzən ölkəmizi şərqin qapısı da adlandırırlar. Məhz buna görə də onlar Azərbaycanın təbii sərvətlərini öz aralarında bölmək niyyətindədirlər. Bu gün Dağlıq Qarabağ münaqişəsində Rusiya Ermənistandan cılız bir alət kimi istifadə etməklə, Azərbaycana öz təzyiqini göstərmək istəyir. Lakin Azərbaycan özünəməxsus siyasətini yeritməklə, uğurlu manevrlər etməklə ona qarşı yönəlmiş planları iflasa uğradır.

sia.az

Digər xəbərlər