PDF Oxu

Müsahibə

  • 1 791

Hacı Şahin Həsənli "Oruc insanda təqva xüsusiyyətinin yaranması üçündür"

Hacı Şahin Həsənli "Oruc insanda təqva xüsusiyyətinin yaranması üçündür"

Oruc tutmaq təkcə ac qalmaq deyil...

Müsahibimiz ilahiyyatçı alim Hacı Şahin Həsənlidir

- Hacı, Ramazan ayı nə üçün müqəddəs adlandırılır və bu ayın əsas mahiyyəti nədən ibarətdir?

- Hədislərdən çıxış edərək söyləmək əsas verir ki, Ramazan ayı ayların Sultanıdır. Bu ay oruc hökmünə görə müqəddəs hesab edilmir, ayın müqəddəsliyini şərtləndirən əsas cəhət son səmavi kitab olan Qurani-Kərimin nazilidir. Ramazan ayı yeganə aydır ki, Qurani- Kərimdə adı qeyd edilir. Hətta hədislərdə buyrulur ki, bu ayın adını hörmətlə çəkin. Yəni Ramazan gəldi, Ramazan getdi deyil, Mübarək Ramazan gəldi deyə səsləndirin.

- Bu ayda insan təkcə ac qalmaqlamı imtahan olunur?

- Orucluqda əldə etdiyi fayda yalnız ac və susuz qalmaqdan ibarət deyil. Qurani-Kərimin Əl-Bəqərə surəsində orucun nə üçün vacib edildiyi göstərilir: "Ey iman gətirənlər sizdən öncəkilərə vacib edildiyi kimi, sizlərə də vacib edildi". Oruc insanlarda günahlardan çəkinmə, pisliklərdən uzaqlaşma xüsusiyyəti yaradır. Oruc yeganə ibadətdir ki, orada əmr yoxdur, çəkindirmə var. Oruc olmağın həqiqi mənası, bədənin bütün üzvləri ilə oruc olmaqdır. Yəni, ac və susuz qalıb günah işlər görürsənsə, bu, orucun qəbul olunmasının qarşısını alar. Oruc insanda təqva xüsusiyyətinin yaranması üçündür. Əgər bu insanda yaranmasa, o zaman orucdan heç bir fayda əldə edə bilməz.

- Fiziki qüsurları və ya hər hansı bir xəstəlikləri olan insanlar oruc tutmaqdan azaddırlar. Bəs bu mübarək ayın bərəkətindən faydalanmaq üçün nə etməlidirlər?

- Əslində, əməllərin savabı niyyətlərə bağlıdır. Bir qrup insanlar vardır ki, onlar oruc tutmaqdan azaddırlar. Bu, hər xəstə insana aid edilmir. Qurani-Kərimdə qeyd edilir ki, sağlamlıq durumlarına ciddi mənfi təsir göstərən insanlar oruc tuta bilməzlər. Əgər hər hansı bir insan yaşadığı yerdən 22 km uzaq bir məsafəyə səfər edirsə, on gündən az qalarsa, oruc tutmaya bilərlər. Eyni zamanda, oruc tutmağa taqətləri olmayan çox yaşlı, ahıl insanlar, hamilə qadınlar oruc tutmamalıdırlar. Oruc tuta bilməyənlər imkan daxilində yaxşı olardı ki, hər günün əvəzində 750 qram buğda həcmində fəqir insanlara yardım etsinlər.

- Digər fəsillərə nisbətən yay fəslində oruc tutmağın nə kimi savabları var?

- Hədislərimizdə qeyd olunur ki, ibadətlərin ən üstünü çətin olanıdır. Yay fəslində günün uzun olduğu, suya daha çox ehtuyac duyulduğu zamanda, tutulan orucun fəziləti daha artıqdır. İnsan nə qədər çox çətinlik çəkirsə, savabı da bir o qədər çox olur. İnsanlarda haqlı olaraq bir sual yaranır ki, Allah-Taala niyə bizi ac və ya susuz qalmaqla imtahan edir? Buna cavab olaraq söyləmək olar ki, hər bir insanın içində gizli bir potensial var. Çətinliyə düşmədən insan həmin potensialdan istifadə etməyi zəruri hesab etmir. Oruc insanın öz nəfsinə çətinliyi daddırmalıdır. Yay fəslində tutulan oruc insanı çətinliklərə alışdırmaqla insanın diqqətini axirətə yönəldir. Bunun da insan həyatına ancaq müsbət təsirləri ola bilər.

- Ramazan ayında toyların keçirilməsi nə dərəcədə düzgündür?

- Ramazan ayı özlüyündə matəm ayı deyil, övlüyaların bayramıdır. Bu mübarək ayda halal məclisin qurulmasına daha çox diqqət etmək lazımdır. Bu ayda Həzrət Əlinin şəhadət günü var, Ona sayğı əlaməti olaraq insanlar toy etməyə üstünlük vermirlər. İslam şəriətində bu ayda toy etməmək qadağası yoxdur. Bir insan halal şəraitdə kəbin kəsdirsə, toy etsə, onun heç bir günahı olmaz.

- Ətriyyatdan və ya kosmetik vasitələrdən istifadə etmək orucu batil edirmi?

- Əgər hər hansı bir şey boğazdan içəri keçmirsə, o, orucu batil etmir.

- Dərman preparatları qəbul edən insan oruc tuta bilərmi?

- Əgər bir insan sahurdan sonra dərman qəbul edirsə, oruc tuta bilməz. Həmin insanlar sonra tuta bilmədiyi orucun qəzasını tuta bilərlər. Və yaxud da, əgər onun səhhətinə ziyanı yoxdursa, dərmanı saxlayıb iftardan sonra içsələr, daha yaxşı olardı.

- Bəzən insanlar arıqlamaq üçün oruc tuturlar. Belə olan halda, onlara savab düşürmü?

- Ümumiyyətlə, oruc insan sağlamlığına müsbət təsir göstərir. Bunu müasir tibbi elmə görə orucun insanlar üçün misilsiz faydaları var. Yalnız arıqlamaq üçün oruc tutmaq orucun fəlsəfəsi, həqiqəti, mahiyyəti ilə düz gəlmir. Oruc Allah üçün, Allah razılığı əldə etmək üçün tutulmalıdır. Orucun niyyəti arıqlamaq ola bilməz.

- Sizin fikrinizcə, müsəlman ölkəsi olaraq Ramazan ayı ölkəmizdə necə keçirilir?

- İlahiyyat sahəsində olan bir insan kimi, söyləyərdim ki, son illərdə ölkəmizdə Ramazan ayında oruc tutanların sayı artmaqdadır. Cəmiyyətin oruca yanaşmasında müsbət irəlləyişlər görünməkdədir. Kütləvi informasiya vasitələrində Ramazan ayı, oruc tutmaqla əlaqəli müxtəlif məqlələr dərc edilir, insanlar maariflənirlər.

İntizarə Məmmədova

Digər xəbərlər