SİA YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun "Qafqazinfo"ya verdiyi müsahibəni təqdim edir:
- Yeni Azərbaycan Partiyasının hazırda seçkiyə hazırlıq prosesləri nə yerdədir?
- Ümumiyyətlə, biz hər bir seçkiyə əvvəl hazırlaşırıq. Bununla bağlı biz seçki proqramı yazmışıq. Bu proqrama əsasən də fəaliyyətimiz davam etdiririk. Bir neçə mərhələni artıq həll etmişik. Əsas mərhələlərdən biri namizədin irəli sürülməsidir. Bununla bağlı Yeni Azərbaycan Partiyası öz qurultayını keçirərək namizədini irəli sürdü. Biz seçki prosesini 3 mərhələyə bölürük. Birinci mərhələ ilkin mərhələdir ki, bu seçkilər elan olunana qədərki ilkin dövrdür. İkinci mərhələyə seçkilər élan olunduqdan sonradır. Üçüncü isə yekun mərhələ hesab olunur. Bu baxımdan da biz birinci mərhələnin işlərini yekunlaşdırmaq üzrəyik. Bura seçki qərargahlarının yerlərdə yaradılması, treninqlərin, partiya üzvləri və fəalları ilə görüşlərin keçirilməsi aiddir. Bizim 84 şəhər və rayon təşkilatlarında görüşlərimiz keçirilir. Az bir hissə qalıb. Onu da avqusta qədər yekunlaşdıracağıq. İmza toplayan şəxsləri zonalar üzrə treninqlər keçirir. Eyni zamanda seçki qərargahlarında fəaliyyət göstərəcək şəxslərə də treninqlər keçirilir. Onlar təbliğat təşviqat və təşkilati işlərə bilavasitə cavabdehlik daşıyan insanlardır. Bütövlükdə bu proqram əsasında biz işlərimizi təxminən avqust ayının birinci on günlüyünə qədər yekunlaşdıracağıq. İkinci mərhələ isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq başlayacaq. Seçki elan olunan kimi qeydiyyatdan keçdikdən dərhal sonra imzatoplama və digər sənədlərlə birgə MSK-ya təqdim olunmalıdır.
- Siz az öncə qeyd etdiniz ki, partiyanın V qurultayında prezident seçkilərində iştirak edəcək namizədi elan edildi. Bundan sonra bir sıra fikirlər yarandı ki, bu elan olunma rəsmi şəkildə deyil. Seçki yaxınlaşdıqca partiyanın digər namizədləri də ortaya çıxa bilər. Bu sırada birinci xanım Mehriban Əliyevanın da adı hallanmaqdadır…
- Təbii ki, bunlar hamısı bir qrup müxalifət partiyalarının və onların mətbuat orqanlarının cəmiyyəti çaşdırmaqdan ötrü ortaya atdığı addımdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsində iki müddəa var. Bunlar 53 və 54-cü maddələrdir. Maddələrin hər biri namizədin irəli sürülməsi üçün müəyyənləşdirilib. Biri var namizəd öz təşəbbüsü ilə namizədliyini irəli sürür. Bunun üçün təşəbbüs qrupu yaradır. Digəri isə siyasi partiyanın öz namizədini irəli sürməsidir. Siyasi partiya özünün ən ali rəhbər toplantısı olan qurultayını keçirir və orada öz namizədini irəli sürür. Yeni Azərbaycan Partiyası da öz sədrinin namizədliyini özünün ən ali orqan olan qurultayında irəli sürüb. Təbii ki, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da bu toplantıda iştirak edərək bilavasitə bizim irəli sürdüyümüz namizədə dəstək verib. Sonradan məhkəmlərdə olan, dağılmış, Mehriban xanıma aidiyyatı olmayan tamamilə yad qurumlar ortaya çıxıb və onun namizədliyini irəli sürüb. Respublikaçılar partiyasının 3 məhkəmə prosesi var. Bunlar 3 yerə bölünüb. Hələ bilinmir ki, sədri kimdir. DADP də elə bir vəziyyətdədir. Sonra bir partiya da var, onun sədri axtarışdadır. Yəni bunlar hamısı şəxsi məqsəd və ara qatmaqdan ötrü olan cəhdlərdir. İqtidarın belə bir planı nəzərdə tutulmayıb. Təbii ki, nəzərdə tutulsaydı, o qədər nüfuzlu, hörmətli partiyalar var ki, onlar tərəfindən bu irəli sürülərdi. Özləri axtarışda olan adamlar ortalığa düşüblər.
- Belə məqbul olmazmı ki, birinci xanım özü bu söz-söhbətlərə nöqtə qoysun?
- Bilirsiniz, onlar birinci xanımın diqqətinə layiq olan partiyalar deyillər ki, onlara münasibət bildirilsin. Bununla bağlı biz öz fikirlərimizi çatdırırıq.
- Müxalifət düşərgəsində qeyd edirlər ki, iqtidar seçki kampaniyasına qeyri-qanuni şəkildə vaxtından əvvəl start verib. Bu belədirmi?
- Qəti şəkildə belə bir şey yoxdur. Seçi Məcəlləsinin tələbləri var. Təbliğat təşviqat və seçkinin digər prosedurlarının müddəti var. Biz partiya olaraq ilin istənilən günündə öz partiya üzvlərimizlə görüşmək hüququna malikik. Bu siyasi partiyalar haqqında qanunda da var. Məsələn, mən bir neçə gün bundan əvvəl yeni yaradılmış Pirallahı rayonunda partiyanın təsis tədbirində iştirak etdim və bu, mətbuatda da işıqlandırıldı. Bunun təbliğata və yaxud da seçkiyə nə aidiyyatı var? Və yaxud partiyanın sədr müavini Əli Əhmədov 6 rayonda partiyanın ilk təşkilat sədrləri, rayon şura üzvləri, heyət üzvləri, partiyanın aktivləri ilə görüşlər keçirdi. Biz il boyu bu görüşləri keçiririk. Bu həm seçki, həm də adi vaxtlarda baş verir. Sadəcə bu il həssas dönəm olduğuna görə, camaatla bu barədə görüşlər aparılır. Qarşıda duran vəzifələr müəyyənləşdirilir. Biz burada təbliğat təşviqat kampaniyası ilə məşğul olmuruq. Biz sıralarımızdan kimlər bu prosesdə iştirak edəcəksə, onların vəzifələrini müəyyənləşdiririk. YAP-dan bu seçki prosedurunda təxminən 30 mindən artıq partiya üzvü iştirak edir. Bunlar həm müşahidə aparan, həm də məşvərətçi səs hüququna malik olan şəxslər olacaq. Təsəvvür edin ki, Azərbaycanda 5000-dən artıq məntəqə fəaliyyət göstərir. Hər məntəqəyə bir nəfər müşahidəçi təqdim edəndə, artıq bu 5000 nəfər deməkdir. Bundan başqa seçki qərargahlarında təbliğat qrupları yaranır ki, bunlar da kəndbəkənd düşüb seçki təbliğatı ilə məşğul olacaqlar. Plakatların yapışdırılması, çatdırılması, seçicilərə lazım olan təbliğat sənədlərinin çatdırılması ilə məşğul olan ayrıca insanlar olacaq.
- Demokratik düşərgədə Milli Şura yaranıb və onun da prezident seçkilərində vahid namizədinin Rüstəm İbrahimbəyov olduğu elan olunub. R. İbrahimbəyovun ölkəyə ayın sonlarında dönəcəyi bildirilir. Düşərgədən qeyd edirlər ki, hakimiyyət onun gəlişinə maneə yaradacaq. Bu mümkündürmü?
- Bilirsiniz, bizim üçün kimin namizəd olub-olmamasının fərqi yoxdur. İstər hər bir partiyanın ayrı namizədi olsun, istərsə də partiyalar yığışıb bir nəfəri namizəd kimi müəyyənləşdirsinlər. Bizim namizədin nə ölkə, nə də xaricdə alternativi yoxdur. Sadəcə olaraq o partiya sədrləri öz partiyaları tərəfindən dəstəklənmirlər. Partiyaları onları namizəd kimi görmür və bilir ki, bunun heç bir potensialı yoxdur. Bunun nəticəsi olaraq da hardansa bir namizəd tapıb gətirirlər. Deyirlər ki, guya konsepsiya yazırlar və ölkənin idarəçiliyi üçün plan tuturlar. Müxtəlif konstitusiya layihəsi hazırlayırlar. Amma mən onlarda doğru-düzgün hüquqşünas görmədim. Hüquqşünaslar namizəd irəli sürəndə heç olmasa baxsınlar ki, kimin namizədliyini irəli sürürlər. Bu gün bu Azərbaycan qanunvericiliyinə uyğun gəlirmi? Gəlmir. Bu onu göstərir ki, ora toplaşanların heç biri dərin savada, düşüncəyə malik olan insanlar deyil. Bu və ya digər formada hüquq-mühafizə orqanlarından qovulub özlərini vəkil adlandıran şəxslərdir ki, hüquqi cəhətdən namizədlərinin namizədliyini belə əsaslandıra bilmirlər. Birincisi, Rüstəm İbrahimbəyov namizəd kimi irəli sürülməyib. Milli Şuraya sədr seçə bilərlər. Milli Şura qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçməlidir. Müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidir. İkincisi, lap qeydiyyata alınsa belə, Milli Şura namizəd irəli sürə bilməz. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə bayaq qeyd etdiyim kimi, iki halda namizəd irəli sürülə bilər. Bir öz təşəbbüsü ilə, təşəbbüs qrupları tərəfindən, biri də siyasi partiyalar və ya onların siyasi blokları tərəfindən. Milli Şurada həm qeyri-hökumət təşkilatları, həm də siyasi partiyalar toplaşıb. Bunların da bir yerdə namizəd irəli sürməyə heç bir hüququ yoxdur. Rüstəm İbrahimbəyov tələblərə cavab versə, ya özü öz namizədliyini irəli sürməlidir, ya da siyasi partiyalar özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb sonradan blok yaradıb qərar qəbul edərək siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Yəni Milli Şura adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu, Seçki Məcəlləsinin tələbidir. Mən belə başa düşürəm ki, bunlar ya seçkidə iştirak etmək istəmirlər, ya da dolayısı ilə seçkidə heç bir səs qazana bilməyəcəklərini bilirlər. Adlarını hüquqşünas qoyublar, vəkillik etmək iddiasındadırlar. Bir doğru- düzgün sənədi hazırlayıb ortaya çıxara bilmirlər.
- Yəni belə anlamaq olar ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq...
- Hələ qanuni şəkildə namizədliyi irəli sürülməyib.
- Bəs qanuni şəkildə irəli sürülsə, onda necə?
- Qanuni şəkildə irəli sürüldükdən sonra Rüstəm İbrahimbəyovun ikinci məsələləri başlayır. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində kimlərin seçkilərdə namizəd ola biləcəyi göstərilir. Orada açıq şəkildə yazılıb ki, yaşı 35-dən yuxarı olan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan, ağır cinayət törətməyən şəxslər Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Hələ bu məsələ həll olunmayıb.
- Artıq bununla bağlı İbrahimbəyov müvafiq quruma müraciət edib. 1 ay ərzində bu məsələ həll olunmalıdır...
- O sənədi verib. Konkret Rusiya prezidentinin fərmanı lazımdır. Komissiya bu məsələni qaldırmalı, ikili vətəndaşlıq aradan qalxmalıdır. İkili vətəndaşlıq olan kimi avtomatik olaraq həmin dövlət qarşısında öhdəliklər olur. Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. 25 təşkilatdan sənəd almalıdır ki, onların qarşısında öhdəliyi yoxdur. İbrahimbəyov oranın hansısa universitetinin müəllimidir. Ordan əməkhaqqı alır. Burada qarşılıqlı öhdəliklər yaranır. Bunlara aydınlıq gətirilməlidir. Bu, bizim deyil, bütün dünyanın tələbidir. Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur. Çünki 3 adam ölkədə ona səs verməyəcək. Keçirdiyimiz sorğulardan əzbər bilirik ki, Azərbaycanda Rüstəm İbrahimbəyov adlı adam tanımırlar. Ola bilər ki, yaşlı nəslin bir neçə nümayəndəsi vaxtilə bununla bir yerdə işləyən, yaxud da ki bunun bir neçə filminə baxan insanlar onu tanıyırlar. Yeni nəsil, ümumiyyətlə, cəmiyyət o adda adam tanımır. Ona görə də deyirəm ki, bizim üçün bunun fərqi yoxdur. Bizim bir məqsədimiz var ki, hamı qanunun aliliyinə riayət etsin.
- Yəni konkretləşdirsək, Rüstəm İbrahimbəyov qanuni şəkildə namizədliyini irəli sürsə də, ikinci mərhələdə onun problemləri olduğunu qeyd edirsiniz. Yenə də namizədliyi qeyd alınmaya bilər?
- Digər məsələləri də həll etməlidir, ondan sonra qeydiyyatdan keçməlidir. Hər şey qanuni şəkildə olmalıdır. Heç biz bunları deməyə bilərik. Sonradan vaxtı gələndə onsuz bunlar ortaya çıxacaq. Amma qabaqcadan deyirik ki, sonradan başqa-başqa təşkilatlara müraciət etməsinlər. Seçkinin elan olunmasına götürək ki, 1 aydan da az vaxt qalır. Bu günə qədər bunlar namizəd kimi bunu müəyyən edə bilməyib, bunun hüquqi təminatını həll etməyiblər. 8 partiya hər biri özünün qurultayını keçirməlidir. Qurultay keçirməkdən ötrü yerlərdə konfranslar keçirilməli və oradan nümayəndə seçilməlidir. Seçki Məcəlləsində nümayəndlərin neçə nəfər olması şərti var. Səsvermənin nəticəsi nədən ibarətdir? Bunlar hamısı siyasi partiyalar haqqında qanunun tələblərinə cavab verməlidir. Bu gün bu işlərlə məşğul olmaq əvəzinə biri deyir ki, mən Amerikada görüşlər keçirirəm, biri deyir ki, Avropada görüşlər keçirməyə gedirəm. Siz hələ hüquqi təminatınızı həll edin, ondan sonra görüşlərə başlayarsınız.
- Amerikadan söz düşmüşkən, bir neçə gün öncə həmin ölkədə Azərbaycanla bağlı Helsinki Komissiyasının dinləmələri keçirildi. Həmin dinləmələrdə ABŞ Dövlət Katibinin İnsan haqları üzrə köməkçisinin müavini Thomas Melia qeyd etdi ki, ölkədə namizədlərin qeydə alınması ilə problemlər olmamalıdır...
- Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. Qanunun tələbinə, konstitusiyanın 100-cü maddəsinə uyğun olaraq istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Azərbaycandakı qədər asan namizədlik irəli sürmək heç bir yerdə yoxdur.
- Dinləmələrin adı da maraqlıdır. "Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoratizm". Hər iki ölkə rəsmiləri bir-biriləri ilə görüşdə müttəfiq, tərəfdaş olduqlarını bəyan edirlər. O zaman bu ad nədən xəbər verir?
- Görürsünüz, müxtəlif təşkilatlar var ki, 10 illik hesabatın tarixini yenidən dəyişib dərc edir, lakin daxilindən xəbəri yoxdur. Avropa Şurası ötən dəfə bir məruzəni səsləndirdi. Orada elə adamların adı var ki, həmin siyasi məhbus adlandırdıqları insanlar 5 ildən artıqdır ki, azadlıqdadırlar. Yəni bu insanlar oturub işləmirlər. Bunlara kim Azərbaycandan hansısa danos göndərirsə, o danos əsasında götürüb hesabat hazırlayırlar. Bu gün Azərbaycanda insan hüuquları Amerikadan, Avropadan da yaxşı qorunur. Yunanıstan Avropa Birliyinin üzvü olan dövlətdir. Sosial mitinqlərdə 25 nəfəri güllələdilər. Yüzlərlə insan Almaniyada, Amerikada, Fransada həbs edilir. Bu adamlar bu və ya digər şəkildə qanunu pozan insanlardır. Söhbət peşə fəaliyyətindən getmir. Peşə fəaliyyəti ilə heç kəs həbs olunmur. Törətdiyi cinayət əməlinə görə, insanlar məsuliyyətə cəlb olunur. Biri gedir qeyri-qanuni şəkildə nəqliyyat vasitəsi idarə edərək bir adamı vurub öldürür. Deyirlər ki, bu filan partiyanın üzvüdür, bunu tutmaq olmaz. Onda sual olunur ki, müəllim niyə tutulmalıdır? Partiya mənsubiyyəti onu məsuliyyətdən azad etmir. Bəs qanunun aliliyi harda qaldı? Və yaxud başqa biri iğtişaş törətməkdə, onu qaldırmaqda ittiham olunur və bu telefon danışıqları ilə sübut olunur. Məlum olur ki, bu hansısa partiyanın müavini, qəzet yazarıdır. Mən dəfələrlə mitinqdə də müşahidə etmişəm ki, mətbuat nümayəndəsi müstəqil olmalıdır. O, iştirakçı olmamalıdır. Ordan istədiyi informasiyanı verə bilər, yazını yaza bilər. Hansısa partiyanın üzvüdürsə, qeyri-qanuni onun tədbirlərində iştirak edir. Yaxud bizim elə jurnalistlərimiz var ki, mitinqdə siyasi partiya nümayəndəsindən daha bərk qışqırır. Orada qeyri-qanuni hərəkətlərə yol verirlər. Yaxınlaşanda deyirlər ki, mən mətbuat nümayəndəsiyəm. Elə şey olmur. Jurnalistsənsə, hadisələri istədiyin formada işıqlandır, amma iştirakçıya çevrilmə. Bu baxımdan da ortada heç bir qeyri -qanuni məsələ yoxdur.
- Həmin o dinləmələrdə Azərbaycan iqtidarından bir sıra problemlərin yerinə yetirilməsi tələb edildi. Məsələn, İlqar Məmmədovun azad edilməsi, seçkilər üçün açıq mühit yaratmaq və s... Bunlar yerinə yetiriləcəkmi?
- Heç bir dövlət Azərbaycandan tələb irəli sürə bilməz. Heç bir dövlət biri- birindən aslı deyil. Mən də Amerikaya deyim ki, Martin Lüter Kinqi niyə öldürdünüz? Yaxud da Kennedini niyə güllələdilər? Tapıblar indiyə kimi Kennedinin qatilini? Ona görə də hər hansı dövlət başqa birinə iddia qoya bilməz. Beynəlxalq təşkilatlar tövsiyə verə bilər. O tövsiyənin də həmin dövlətin qanunvericiliyinə, milli mənəvi dəyərlərinə uyğun olub-olmadığına baxırsan, ondan sonra qəbul edirsən. Olmursa, deyirsən ki, bunlar uyğun gəlmir. Ona görə də hər bir dövlət müstəqil dövlətdir. Məsələn, hansısa dövlətin QHT-si Azərbaycanda insan hüquqları ilə bağlı bəyanat verir. Bunun bizə heç bir aidiyyatı yoxdur? Tutaq ki, bizdə indi Mübariz Əhmədoğlu Amerika haqqında bəyanat verir. İndi Amerika bunu yerinə yetirməlidir? Və yaxud Fransa bunu yerinə yetirir? Biz niyə yerinə yetirməliyik ki? İnsanların təfəkküründə belə bir şey qalıb ki, tutaq ki, "Freedom House" və. s təşkilat belə bir bəyanat veribsə, dünyanın axırı deməkdir. Belə bəyanatları axşama qədər yazsınlar. Onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq qərəzli bəyanatlardır. Azərbaycan artıq o dövrünü keçib. Azərbaycan bu gün inkişaf etmiş dövlətdir. Ölkəmizdə qanunun aliliyi hökm sürür. Onun aliliyinə uyğun olaraq da proseslər gedir. Harada nə dinləmələr keçirirlərsə, özləri bilərlər. Bunlar hamısı Azərbaycanın təbii sərvətlərini mənimsəmək üçün təsir mexanizmidir. Amma bu dövr artıq keçib. Bunlar 1960, 70, 80, 90- cı illərin üsullarıdır. İndi bəzi ölkələrdə idarəetmə sisteminə toxunurlar. Deyirlər ki, burada idarəetmə sistemi avtoritar ya da qeyri-demokratdır. Liviya, Suriya, Misirə də bu adla yanaşırlar. Bu gün Amerika elə avtoritar rejimlərlə sıx müttəfiqlik edir ki, orada mütləq monarxiyadır. O ölkələrin heç parlamenti də yoxdur. Niyə münasibət saxlayır? Bəs hanı onun demokratiyası?
- Bir neçə gün əvvəl prezidentin başçılığı altında Nazirlər Kabinetinin iclası keçirildi. Prezident çıxışında qeyd etdi ki, ermənipərəst, ölkənin uğurlu inkişafını qəbul edə bilməyən insanların sayı artıb. Sizcə, prezident konkret olaraq kimləri nəzərdə tutur?
- Burada xaricdə və daxildə Azərbaycanın inkişafını gözü götürməyən, ona qara yaxmaqla məşğul olan, onun haqqında mənfi imic formalaşdıran insanlar nəzərdə tutulur. Məsələn, Leyla Yunus kimi, elə o Milli Şuraya toplaşan insanlar və s... Bu gün bu insanlar ermənilərlə eyni tərəzinin gözündədirlər. Onların da Azərbaycandakı inkişafı, quruculuğu, artan gəlirləri gözü götürmür.
- Yəni belə çıxır ki, prezident konkret olaraq daxildə "Milli Şura"-nı belə qüvvə adlandırır...
- Milli Şurada kökü erməni olan insan hüquqları müdafiəçiləri var. Azərbaycanda metronu partladıb yüzlərcə azərbaycanlını öldürən, ailəsini başsız qoyan adama siyasi məhbus adı verənlər, Azərbaycanın ərazisində təxribat törədən, parçalanmasına çalışan Əlikram Hümbətova siyasi məhbus adı verənlər, Şuşanı satan Rəhim Qazıyevə, Azərbaycan xalqına olmazın ziyanlar vuran, vətən xaini Rəhim Qazıyevə siyasi adı verənlər və onunla bir yerdə oturanlar. Bunlar kimlərdir? Bunlar da vətən xainləridir. Bunlar ermənidən betərdirlər. Erməni bilirsən ki, açıq düşməndir. Bunlar gecə-gündüz Avropa Şurasına, ayrı-ayrı qurumlara Azərbaycan haqqında olmazın yalan-böhtan yayanlardır. Hansı ki, bu adam toyuq oğrusudur. Valideynlərindən pul alıb onu siyasi məhbus adlandırırlar. Artıq bunu dəllalığa çeviriblər. Azərbaycanda bu adamları hamı tanıyır. Onların da bir qrupu yığışıb Milli Şuraya. Çünki bu cür adamların yeri, məhz oradır.
- Seçki keçirilən, ümumiyyətlə iqtidarı və müxalifəti olan ölkələrdə hər iki tərəf arasında mübarizənin olması aydındır. Azərbaycanda da bu mübarizəni, rəqabəti sağlam şəkildə aparmaq mümkün deyilmi?
- Bizdə mübarizə sivil qaydada gedir. Biz normal şəkildə bayaq elan etdiyim proqramın həyata keçirilməsi ilə məşğuluq. Hələ bunlar qəzet üzərində fəaliyyət göstərirlər. Görürsünüz, indi qəzet vasitəsilə atışırlar. Müsavatla Xalq Cəbhəsi arasında qırğın gedir. Pənah Hüseynlə o birilər bir-birinə söyüşlər, təhqirlər səsləndirirlər. Yəni o cür tör-töküntülər yığışıb Milli Şuraya və təbii ki, onun da axırı yoxdur.
sia.az