Elman Nəsirli: "Meydana çıxan problemlərin və anlaşılmazlıqların aradan qaldırılması baxımından bu səfərin xüsusi əhəmiyyəti olacaq "
Müsahibimiz siyasi elmlər doktoru, politoloq Elman Nəsirlidir
- Elman müəllim, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafının yüksəlməsi baxımından hansı müsbət nəticələr əlavə edə biləcək?
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi Azərbaycan-Rusiya münasibətlərinin daha da yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaq. Müəyyən mənada ikitərəfli münasibətlərdə meydana çıxan problemlərin və anlaşılmazlıqların aradan qaldırılması baxımından da, bu səfərin xüsusi əhəmiyyəti olacaq. O cümlədən, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı məsələlər də müzakirə olunacaqdır. Yəni, Rusiyanın bu münaqişəyə konkret olaraq töhfəsinin və onun reallaşdırılması məsələlərinin müzakirəsi baxımından yadda qalan olacaqdır. Çünki bütün dünya dövlətləri çox gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Yəni, Ermənistanın işğal altında saxladığı torpaqlar Azərbaycan dövlətinə məxsusdur. Ümumiyyətlə, işğalçı ölkə olan Ermənistan rəhbərliyi başa düşməlidir ki, işğalçılıq siyasətini uzun müddət davam etdirə bilməzlər. Yəni, gec-tez Ermənistan bu işğalçılıq siyasətindən əl çəkməyə məcbur qalacaqdır. Ümumilikdə isə, onu demək olar ki, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə gözlənilən səfəri kifayət qədər əhəmiyyətli olacaq.
- Rusiya Qəbələ RLS-dən imtina etdi. Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini dayandırdı. Bütün bunlardan sonra Rusiya- Azərbaycan münasibətlərində müəyyən qədər sərinlik yaranmışdı. Bu sərinliyin istiləşməsində bu görüşün önəmini necə dəyərləndirmək olar?
- Ümumiyyətlə, dövlət başçıları biri-birlərinin ölkələrinə o zaman səfər etmirlər ki, həmin dövlətlər arasında olan münasibətlərdə ciddi problemlər yaranıb. Yəni, hər hansı ölkələr arasında ciddi problemlər olduğu zaman dövlət başçılarının səfərlərindən söhbət belə gedə bilməz. Lakin Rusiya ilə Azərbaycan arasında ciddi problemlər yoxdur. Belə olan halda Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfər etməsi təəccüb doğurmamalıdır. Bəli, Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini Rusiya tərəfi dayandırıb. Yəni, Vladimir Putinin Azərbaycana səfəri zamanı Bakı-Novorossiysk kəməri ilə neftinin yenidən Rusiyaya daşınması prosesinin bərpası məsələsinin də müzakirə olunacağı gözləniləndir. Bir sözlə, Vladimir Putinin ölkəmizə səfəri bir çox məsələlərin müzakirə olunması ilə yaddaqalan olacaqdır.
GÜLYANƏ