PDF Oxu

Müsahibə

  • 2 553

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəblidir

- Hadi müəllim, bu gün ölkəmiz inkişafının ən dinamik dövrlərini yaşayır. Təbii ki, hazırki mərhələyə qədər dövr elə də asan olmayıb. Bu mənada müstəqilliyimizin ilk illərindən etibarən Azərbaycanda sosial məsələlərin həlli istiqamətində görülən işləri necə səciyyələndirərdiniz?

- Dünya yaranandan cəmiyyət sosial problemlərlə üz-üzədir. Cəmiyyətdə insanla bağlı nə varsa, son nəticədə sosial sahə kimi səciyyələnir. Yəni, biz sosial siyasətdən danışanda cəmiyyətin bütün problemlərinə toxunmalı oluruq. Bir ictimai-siyasi sistemdən digərinə keçid dövründə nəzəri olaraq başqa kəskin və qlobal problemlərlə yanaşı, cəmiyyətdə sosial təbəqələşmə təbii prosesdir. Bu proses də sinifsiz totalitar cəmiyyətdən demokratik cəmiyyət və bazar prinsiplərinə uyğun sistemə keçərkən baş verir. Birinci mərhələdə təbəqələşmə ağrılı keçib, daha çox yoxsul yaransa da, sonradan tədricən yoxsullar azalır, orta təbəqə daha çox üstünlük təşkil edir.

Dünyada sosial siyasətin əsasən 4 modeli var. Hər dövlətin maliyyə imkanları, mövcud durumlarına görə onların sosial siyasəti müəyyənləşdirilib. Yəni, sosial siyasətin qurulması üçün konkret model yoxdur. Ümumi modellərə gəldikdə isə bunlar katolik, konservativ, liberal və sosial-demokratik modellərdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı sosial kataklizmlərdən xilaas edərək inkişaf yoluna çıxardı

Azərbaycanda sosial siyasətin bir neçə modelinin sintezindən ibarət yeni daha mütərəqqi model yaratmağa istiqamət götürülüb. Azərbaycanın Prezidenti və parlamenti belə bir dövrdə dövlətin sosial siyasətini konkret müəyyənləşdirmək, onun sabitliyini və dinamikasını təmin etmək üçün qanun yaradıcılığının bu sahəsinə xüsusi diqqət yetirir.

Bizim qarşılaşdığımız sosial problemlərin, demək olar ki, hamısı əsasən keçid dövrü ilə əlaqədar olub. Sosializm cəmiyyətinə daban-dabana zidd olan bazar prinsiplərinə keçmək bir sıra qlobal məsələlərin həllini tələb edirdi. Nəzərə almaq lazımdır ki, ərazimizin 20 faizi işğal altındadır, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, sosial cəhətdən az təmin olunan bu sayda insan daha çox problem yaradan faktorlardan biridir. 1992-1993-cü illərdə ölkənin istər daxili, istər xarici siyasəti düzgün təşkil olunmamış, ölkədə hərcmərclik, xaos hökm sürmüş, maddi və mənəvi sərvətlər talan edilmişdir. Belə bir vəziyyət, heç şübhəsiz ki, əhalinin sosial vəziyyətini onun təməlindən pisləşdirirdi. İlk illərdə həyata keçirilən qüsurlu iqtisadi islahatlar Azərbaycanda sosial sferaya mənfi təsir göstərirdi.

Müstəqilliyin ilk iki ilində Azərbaycanda sosial siyasətə biganə münasibət vəziyyətin kəskin şəkil almasına gətirib çıxarmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin düzgün siyasət qura bilməməsi də problemləri artırdı. Bu cür durumda olan ölkəni dirçəltmək asan deyildi. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda, o cümlədən sosial sferada əsaslı dəyişikliklərin təməli qoyuldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sosial sahədə həyata keçirilən ilk tədbir sosial problemlərin öyrənilməsi, sosial prioritetlərin müəyyənləşdirilməsi oldu. Məlumdur ki, sosial problem subyektiv və obyektiv olur. Sosial problem həm sosial sferanın obyektiv təsvirini, həm də mövcud vəziyyətdə narazılıq elementlərinin aşkara çıxarılması üçün ictimai fikrin öyrənilməsini tələb edir. Cəmiyyətin müxtəlif sferalarında sosial nəticələrin, sosial qərarların təhlili sosial problemlərin proqnozlaşdırılmasına, problemin meydana çıxmasının qabaqcadan müəyyənləşdirilməsinə əsas verir və onların həllini qismən asanlaşdırır. Bu elmi cəhət əsas götürülərək ilk növbədə respublikadakı sosial problemlərin başlıca dairəsi təyin edildi. Bundan sonra sosial sistemlərin mövcud cəmiyyətin tələblərinə uyğun vəziyyətinə nail olmaq üçün metod və vasitələr işlənib hazırlandı. Sosial qruplar, təşkilatlar, institutlar, dəyər və normativ sistemin elementləri öyrənildi. Azərbaycanda konkret dövr üçün birinci dərəcəli, həlli təxirəsalınmaz sosial məsələlər, sosial prioritetlər müəyyənləşdirildi.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş sosial siyasətdə əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alındı və aztəminatlı ailələrin, uşaqların, qocaların sosial mudafiəsi məsələlərinə ümdə əhəmiyyət verildi. Əhalinin layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı pensiya islahatları həyata keçirildi. Əlillərin və şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin edildi.

- Sosial sahədə ilkin olaraq hansı yönümdə islahatlar həyata keçirilməyə başladı və bu, necə nəticə verdi?

- Bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətdə də bir sıra islahatların həyata keçirilməsi, bu sahədə indiyədək mövcud olan bəzi stereotiplərin aradan qaldırılması labüd idi. Çünki mövcud qaydalar bəzi mənfi hallara yol açırdı və bunların qarşısının alınması üçün güzəştlərin məqsədli kompensasiyalarla əvəz olunması qaçılmaz idi. Prezidentin qanunvericilik təşəbbüsü yolu ilə parlamentə təqdim etdiyi 2002-ci ilin büdcə qanunları paketində imtiyazların strukturlaşdırılması və ünvanlanması ilə bağlı layihənin qəbul edilməsi bu sahədə uğurlu yeniliklərin başlanğıcı oldu. Bu, dünya dövlətlərində öz nəticələrinə görə çox səmərə verən, özünü doğruldan bir xətdir. Burada bir neçə məqam var.

Birincisi, güzəştin fəlsəfəsi dəyişdi. Məsələn, əvvəllər işığa görə güzəşt var idi, ancaq bunun həddi müəyyənləşməmişdi. Bu, abstrak, bazar prinsiplərinə daban-dabana zidd olan məsələdir. Ümumiyyətlə, diferensiasiyanın olmaması sosial siyasətdə məntiqsizlik yaradır. Ən düzgün addım bu güzəştlərin pul kompensasiyası ilə əvəzlənməsidir. Belə ki, bu zaman güzəştləri əvəz edən imtiyazlar strukturlaşdırılır və ünvanlaşdırılır. Yəni, kompensasiyaların növü, məbləği və ünvanı dəqiqləşdirilir. Bunun nəticəsində də kompensasiyaların ünvanlarına çatdırılması mexanizmi daha da şəffaflaşır və buna ictimai nəzarətin təsiri artır. Bundan əlavə, orta aylıq əməkhaqlarının, pensiyaların və digər müavinətlərin artırılması fonunda daxili bazar qiymətlərinin sabit saxlanılması və hətta azaldılması nəticəsində əhalinin aztəminatlı hissəsinin sosial rifahının yüksəlməsi prosesi baş verir.

Bu islahatın nəticəsi olaraq sosial müdafiənin daha etibarlı olan mexanizminin yaradılması üçün "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun, "Sosial sığorta haqqında" Qanuna əlavə və dəyişiliklər qəbul olundu, onların tətbiqi mexanizmi barədə Prezident fərmanları imzalandı və həmin normativ hüquqi aktların uğurla tətbiqinə başlanıldı.

Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də hüquqi normativ baza yaradıldı. Milli Məclis tərəfindən qəbul olunan "Əhalinin sağlamlığının qorunması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s. qanunlar artıq uğurla fəaliyyət göstərməkdədir.

Sosial rifahı aparan addımlar və regionların inkişafı

- Hadi müəllim, ölkəmizdə regionların inkişafına xidmət edən proqramlar da həyata keçirilir. Bu proqramlar insanların sosial rifahının yüksəlməsinə nə dərəcədə təsir edir?

- Tarixi həqiqətlərin axarında zaman onu da təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin bilavasitə xalqa xidmət edən çox düzgün, müdrik və uzunmüddətli siyasi kursunun bir bölümü də Azərbaycanın regionları, onun kəndləri ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildəki seçki öncəsi təbliğat kampaniyasını məhz rayonlardan, kəndlərdən başlaması da təsadüfi deyildi.

O zaman kənd əhalisinin sosial sifarişləri, Prezidentimiz tərəfindən siyasi texnologiyalarda sınaqdan çıxmış "maraqların aqreqasiyası" metodu ilə dəqiq müəyyənləşdirilmişdi.

Beş ilə 600 min iş yerinin yaradılması ideyası dəqiq əsaslandırmalarla, real perspektivlər nəzərə alınmaqla ortaya çıxarılmışdı. Seçkiqabağı platformada daha çox əmək tutumlu müəssisələrin açılmasına, xüsusən aqrar bölmədə işlərin canlandırılmasına diqqət yetirmək nəzərdə tutulurdu.

Hörmətli Prezidentimizin Dövlət başçısı kimi fəaliyyətə başladığı elə birinci aylarda "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı qəbul edildi. Burada ilk dəfə çox düzgün və konkret olaraq on bölgə müəyyənləşdirildi. Onların hər birində özünəxas coğrafi, iqlim, əmək şəraiti, istehsalat ənənələri, təbii ehtiyatlar və digər məziyyətlər nəzərə alınmaqla görüləcək işlərin proqramı təsdiq olundu.

Azərbaycan kəndi bundan sonra arxada qalan XX əsrin 70-ci illərinin intibah dövrünün dirçələn həyatını, elə bil, yenidən daha yüksək keyfiyyətlə yaşamağa başladı. Bu proqramın həyata keçirilməsi ilə bağlı onlarca normativ hüquqi akt qəbul olundu. İcra strukturları daha dəqiq və konkret iş planları müəyyənləşdirdilər, maliyyə orqanları və kredit təşkilatları kəndə vəsait ayrılmasına üstünlük verdilər.

"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı ilə hazırda bölgələrdə çox müasir, kompüterlərlə təchiz edilən ümumtəhsil tədris ocaqları tikilib istifadəyə verildi.

Regionlarda yüksək tələblərə cavab verən idman qurğuları, olimpiya kompleksləri ucaldılıb, müasir tibbi avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri inşa edilərək əhalinin istifadəsinə verilib. Bölgələrdə quraşdırılan modul elektrik stansiyaları, ən ucqar dağ rayonlarına belə yeni asfalt örtüklü yolların çəkilməsi regionlarda əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Rayondaxili və kəndarası yolların çəkilməsi və təmiri burada yaşayanları doğma yurdlarına daha möhkəm bağlayır. Statistik məlumatlara görə son illərdə miqrasiyanın şəhərə axın tendensiyası azalmışdır. Sevindirici haldır ki, ölkə Prezidenti müəyyənləşdirdiyi proqramların həyata keçirilməsinə bilavasitə özü nəzarət edir, ən ucqar rayonlarda belə dəfələrlə olur, kənd əhalisinin qaldırdığı bütün problemlərin həlli üçün yerindəcə, operativ tapşırıqlar verir.

Müşahidələrimiz və elmi təhlillər bir daha onu göstərir ki, Ümummilli liderimiz Heydər Əliyevin regional siyasəti ölkə daxilində sosial müdafiənin və sosial təhlükəsizliyin təmin olunmasında ən vacib şərtlərdən biri kimi qalmaqdadır. İndi möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmin siyasətin varislik və davamlılıq prinsiplərini fəaliyyətinin baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirir.

Müasir Azərbaycan kəndində gedən inkişaf və yeniləşmə ilə müşahidə olunan sosial transformasiya proseslərinin bundan sonra da səmərəli nəticələr verəcəyinə adamlarımız möhkəm inanırlar. Bu, ondan irəli gəlir ki, uzaqgörən Heydər Əliyev dövlət quruculuğu modelinin mayası zaman-zaman dəyişən real gerçəkliklərə söykənir.

Dünyaya inteqrasiya edən bir dövlətdə kənd məhz belə bir idarəetmə kursu ilə irəli gedə və yeni-yeni uğurlar qazana bilər. Bu siyasətin yüksələn xətlə icrası isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş ideyaları ilə yeni keyfiyyətdə, daha sürətlə, daha geniş miqyasda, daha cəsarətlə həyata keçirilməkdədir.

Modern dövlət quruculuğunda sosial məsələlər önəmli yer tutur

- Bu gün Azərbaycanın müasirləşməsi, modernləşməsi prosesində sosial məsələlər hansı yerə və rola malikdir?

- Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürürvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir.

Modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur. Sosial müdafiədə ünvanlılıq baş xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini Ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz bu böyük insanın şəxsiyyəti və xarizması sayəsində adətən, çox ağrılı və əziyyətli olan bu transformasiya-keçid proseslərini Azərbaycan çox ehtiyatlı və ağrısız başa çatdıra bilmişdir.

Bu, avropatipli sosial müdafiə modelidir. Burada ilk olaraq dövlət ona nail olur ki, insan özü özünü müdafiə edir. İkincisi, elə işlər qurulur ki, ailənin sosial müdafiədə iştirakı təmin olunur. Üçüncüsü, sosial müdafiədə qeyri-hökumət strukturlarının iştirakı təmin edilir. Artıq Prezidentin fərmanı ilə qeyri-dövlət təşkilatlarını özündə birləşdirən struktur fəaliyyətə başlayıb və onun sosial müdafiədə iştirakı üçün dövlət tərəfindən vəsait də ayrılıb. Dördüncüsu, sığorta sisteminin təkmilləşməsi davam etdirilir və tibbi sığorta, bədbəxt hadisələrdən sığorta genişlənir. Beşincisi isə dövlətin özünün sosial müdafiədə iştirakıdır.

Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətində sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin modern sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramları mövcuddur. Məhz regionlardakı infrastrukturların bərpası vasitəsilə əmək ehtiyatlarının üzə çıxarılmasını və nəticə etibarilə əhalinin sosial müdafiəsini təmin edən, onların kəndlərdən şəhərə axınını minumuma endirən bir neçə dövlət proqramı həyata keçirilib. Xüsusən pul-kredit vasitəsinin regionlara yönəldilməsi, sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.

Üçüncü istiqamət, cənab İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Məsələn, şəkərli diabetə qarşı mübarizəyə, gənc ailənin müdafiəsinə, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə və bu kimi onlarla sosial sahəyə dair proqramlar mövcuddur və onlar uğurla icra olunurlar. Burada hər bir proqram konkret sahəni öyrənir, oradakı problemlər araşdırılır və həlli üçün maliyyə vəsaiti ayrılır. Nəticədə konkretlilik və səmərəlilik özünü büruzə verir.

Dördüncü istiqamət, bu, çox mühüm faktdır və məhz sosial problemləri yaradan səbəblər aşkarlanır. Çox təəssüf ki, hələ də dünyanın bir çox ölkələrində bu gün də problemlərin həllində nəticə ilə mübarizə aparırlar. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı xüsusi dövlət proqramları mövcuddur. Məsələn, hemodializ böyrək xəstəliyidir və ən bahalı əməliyyatdır. Əməliyyatdan sonra da nəticə uğurlu sayılmır. Əslində, səmərəsi olmasa da, belə əməliyyatlar humanistlik naminə aparılır. Məhz bu xəstəliyi yaradan səbəbləri aradan qaldırmaq üçün kəndlərdə təmiz, içməli suya olan tələbat ödənilir və buna görə dövlət proqramı mövcuddur. Proqrama uyğun olaraq hazırda kəndlərin içməli su ilə təmin edən müasir qurğular quraşdırılır.

Prezident İlham Əliyevin modern dövlət modelində sosial siyasətinin beşinci istiqaməti qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunmasıdır. Bunun fonunda ən böyük aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu artıq dünya miqyasına çıxıb və xeyriyyəçiliklə, sosial müdafiənin təşkili ilə məşğul olur. İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, hümanistliyin tərbiyə olunmasıdır. Bu mənada, muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsi, həmçinin cənab Prezidentin dini tədbirlərdə iştirakı əhəmiyyətli hadisələrdir.

- Hadi müəllim, ölkəmizdə həyata keçirilən sosial islahatların yeni mərhələsi haqqında nə deyə bilərsiniz?

- Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlham Əliyevin 2003-cü ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olundu. Cənab İlham Əliyevin dövründə əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi sosial islahatlar davam etdirilmiş və daha da dərinləşdirilmişdir. İlham Əliyevin rəhbərliyi ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində ciddi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Onların içərisində minimum aylıq əməkhaqqının mütəmadi olaraq artırılması qeyd oluna bilər. Qeyri-məşğul əhalinin işlə təmin olunması, müasir məşğulluq sisteminin formalaşdırılması, yeni iş yerlərinin açılması diqqət mərkəzində olmuşdur. 2003-2008-ci illərdə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onların 548 mini daimi idi. Yalnız 2008-ci ildə açılan iş yerlərinin miqdarı 120 mindən çox idi. Bu iş yerlərinin böyük hissəsi də qeyri-neft sektoru və regionlara aiddir.

"Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası"nın yerinə yetirilməsi də uğurla davam etdirilmiş, ölkədə təbii artım, o cumlədən əmək qabiliyyətli yaşda əhalinin sayının artması davamlı xarakter almış, uşaq ölümü səviyyəsi aşağı düşmüşdür.

Sosial siyasət sahəsində ən mühüm addımlardan biri sosial yardım sisteminin dünya təcrübəsinə uyğunlaşdırılması olmuşdur. Belə ki, 2006-cı il iyul ayından ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanıb. Sığorta-pensiya sisteminin dövlət sosial yardım sistemindən ayrılması və sosial pensiyaların müavinətlərlə əvəz edilməsi də yeniliklərdəndir. Azərbaycan Respublikasında vahid sığorta-pensiya sistemi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmişdir.

Azərbaycan Respublikası Milli Məclisində sosial siyasət xəttinə uyğun olaraq qanun yaradıcılığı prosesi də davam etdirilmiş, "Dərman vasitələri haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlar qəbul edilmişdir. Bununla birgə, Azərbaycan Respublikasının Əmək və Ailə məcəllələrinə, "Gənclər siyasəti haqqında", "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında" və başqa qanunlara dəyişikliklər və əlavələr olunmuşdur.

YAP vətəndaş rifahını uca tutan partiyadır

- Siz həmçinin, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüsünüz. Necə hesab edirsiniz, partiyamızın proqramında sosial prioritetlər necə özünün əksini tapır?

- Azərbaycanın ən aparıcı siyasi qüvvəsi olan olan YAP, həmçinin ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar aparmaq yolu ilə vətəndaşların layiqli həyat şəraitini təmin etməyə, insanlara sağlam həyat tərzi aşılamaq üçün məqsədyönlü sosial siyasət yürütməyə çalışmışdır. Partiyanın üstünlük verdiyi sosialyönümlü iqtisadi model sosial ədalətin və sosial müdafiənin təminatı, eləcə də iqtisadi-sosial həyatın humanistləşdirilməsi məsələlərini ön plana çəkir. Bu model radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında aralıq mövqe tutur. Sosialyönümlü bazar iqtisadiyyatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial dövlət ideyası ilə əlaqədar sosial müdafiə və sosial ədalət ideyalarının vəhdətinə əsaslanır. Bu modelin əsas cəhəti isə onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqləri minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgü prinsipini, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatın mövcudluğunu və digər zəruri tədbirləri nəzərdə tutur.

YAP-ın platformasında ölkənin sosial siyasətinin mahiyyəti dolğun şəkildə əksini tapmışdır: "Keçid dövründə sosial siyasət sayəsində vətəndaşların sosial-iqtisadi fəallığını inkişaf etdirməklə yanaşı, əhalinin aztəminatlı təbəqələrinin dövlət tərəfindən fəal sosial müdafiəsi sistemi yaradılmalıdır. Bu məqsədlə sosialyönümlü müəssisələr üçün əlverişli şərait yaratmağa, sahibkarlıq strukturlarını həmin sahələrin birbaşa maliyyələşdirilməsinə, sahibkarların sosial sahəyə qoyduğu vəsaitdən alınan vergiləri azaltmaqla tənzimləməyə çalışılmalıdır. YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının qarşısında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılması durur".

Partiya hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı vardır və zəngin təbii ehtiyatlara malik Azərbaycan vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsi ümdə vəzifədir. YAP əməkhaqqı və pensiya təminatı sistemində islahatlar aparılmasını, əməkhaqqının, pensiyaların, sosial ödənişlərin artırılmasını, yeni iş yerlərinin açılmasını özünün başlıca vəzifələrindən hesab edir. Eyni zamanda, ana və uşaqların, işsiz qadınların, qoca, ahıl və əlillərin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsini, bu qəbildən olan vətəndaşlara layiqli təqaüd və müavinətlərin verilməsini xüsusi diqqət mərkəzində saxlayır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi, YAP-ın fəal iştirakı ilə hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır. Əsas Qanunun 16-cı maddəsinin I hissəsində göstərilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".

Heydər Əliyev Fondu mərhəmətin və xeyrxahlığın ünvanıdır

- Hadi müəllim, sosial siyasətdən danışarkən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələri vurğulamamaq mümkün deyil. Fondun layihələrinin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə, Heydər Əliyev Fondu ölkəmizdə bir çox mühüm layihələr həyata keçirir. Mən ilk növbədə, gələcəyimiz olan yeni nəslin sağlam ruhda böyüməsi üçün Fondun gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Uşaqları Azərbaycanın sabahı adlandıran, cəmiyyəti onların problemlərinə biganə qalmamağa çağıran Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqları da diqqət mərkəzində saxlayır. Üç uşaq anası kimi, analıq missiyasının həyata keçirilməsini həyatın ən ümdə vəzifəsi hesab edən və uşaqların müəyyən hissəsinin valideyn himayəsindən kənarda böyüməsi faktının hamını narahat etməli olduğunu vurğulayan Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hər il "Buta" sarayında belə uşaqlar üçün keçirdiyi Yeni il şənlikləri ənənə halını alıb. Mehriban xanım Əliyeva bu şənliklərə qatılır, uşaqlarla səmimi söhbət edir, təbriklərini, arzularını çatdırır, dərslərini yaxşı oxumalarını, sağlam böyümələrini, uğurları ilə hər kəsi sevindirmələrini istəyir, onlarla şəkil çəkdirir. Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar istedad və bacarıqlarını sərf edir, respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirlər. Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni il şənliklərində hər dəfə 2 minə yaxın uşaq iştirak edir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il qaçqın və məcburi köçkün uşaqları üçün Yeni il hədiyyələri ayırır, Novruz bayramında xüsusi şənliklər təşkil edir. Yeni tədris ilinin başlanğıcında "Təhsilə dəstək" layihəsi üzrə Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etməsi də ənənə halını alıb. 2012-2013-cü tədris ilində 15 min birinci sinif şagirdi bu imkandan yararlanıb.

Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Heydər Əliyev Fondunun əməkdaşları qocalar evlərində ahıllara baş çəkir, Ramazan bayramında iftar süfrələri açılır. Bu xeyirxahlığın sərhədləri indi ölkəmizin hüdudlarını aşıb və bununla bağlı bir çox nümunələr qeyd etmək olar. Məsələn, Qurban bayramında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda imkansızları sevindirməsinə münasibət bildirən Pakistan Müsəlman Həmrəylik Liqasının sədri, siyasətçi Səlim Seyfulla Xan belə bir aksiyanın keçirilməsini yüksək qiymətləndirib, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bu aksiya çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük mənəvi dəstək mənbəyidir.

Azərbaycanın birinci xanımının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə tikilən məktəblərin və təmir edilən uşaq evlərinin sayı xüsusilə diqqət çəkir. Son 5 ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 400-dən çox məktəb və uşaq bağçası tikilib. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən uşaq evlərinin və internat məktəblərin inkişafı proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilir. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından örnək olacaq nümunələr sırasındadır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında, milli həqiqətlərimizin dünyaya çatdırılmasında, o cümlədən cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik ənənələrinin möhkəmlənməsində müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət birbaşa müqəddəs kitabımızın bəşər övladına təlqin etdiyi keyfiyyətlərlə tamamlanır. Onun yorulmadan şəhid ailələrinin, kimsəsizlərin, xəstələrin, fiziki qüsuru olan şəxslərin qayğısına qalması, həm də müsəlman xanımının necə yüksək insani keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərir.

Mehriban xanım Əliyeva həm də UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfli bir missiyanı yerinə yetirir. Xoşməramlı səfirlər özlərinin nüfuz və təsir imkanlarından istifadə edərək bütün dünyada təmsil etdikləri qurumun ideyalarını dəstəkləyərək bütün dünyada geniş təbliğ edir, həyata keçirilən layihə və proqramlara öz töhfələrini verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da yaxından iştirak edirlər. Xoşməramlı səfir və Heydər Əliyev Fondunun prezidenti kimi bu məsələlərə böyük diqqət yetirən Mehriban xanım Əliyeva bütün dünyada çox böyük nüfuza malikdir.

Perspektivlər və gələcəyə baxış

- Hadi müəllim, bildiymiz kimi bu ilin oktyabrında ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bunu nəzərə alsaq, Azərbaycanda reallaşdırılan uğurlu sosial-iqtisadi siyasətin nəticələri fonunda seçki ilindəki ictimai ab-havanı necə dəyərləndirirsiniz?

- Bəli, qarşıdan prezident seçkiləri gəlir. Əslində xalq öz seçimini on il bundan əvvəl – 2003-cü ildə edərək özünün Prezidentini seçib. Xalq Ona inanıb, güvənib. Möhtərəm Prezident xalqın inamını ləyaqətlə doğruldaraq 2008-ci ildə yenidən bu etimadı qazanıb. Azərbaycanın son on ildəki dinamik inkişafı beynəlxalq təşkilatlar və dünyanın inkişaf etmiş ölkələri tərəfindən də etiraf edilir. Bu gün Azərbaycan başdan-başa böyük quruculuq meydanına çevrilib. Təkcə paytaxtda deyil, ən ucqar bölgələrdə də quruculuq işləri böyük vüsətlə gedir. Bölgələrdə yeni iş yerləri yaradılır, əhalinin sosial vəziyyəti gündən-günə yaxşılaşır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq aləmdə nufuzunu artırır. Azərbaycan bu gün bölgədə əsas söz sahibi olan lider ölkələrdən biridir. Təbii ki, bütün bu uğurlar bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin sayəsində mümkün olmuşdur. Xalq da bu uğuru görür və qiymətləndirir. Və əminliklə demək olar ki, elə bu səbəbdən də 2013-cü ildə keçiriləcək prezident seçkilərində də kimə səs verəcəyini bilir – bu, İlham Əliyevdir. Niyə məhz İlham Əliyev sualının cavabı isə hər kəsə gün kimi aydındır: son illərdə Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi bu işin təməlini qoyanın özü tərəfindən də davam etdirilməlidir, torpaqlarımızı erməni işğalından azad edərək qələbə paradını da məhz Prezident İlham Əliyev qəbul etməlidir. Çünki bu, Onun danılmaz haqqıdır. Və bir də ona görə ki, cənab İlham Əliyev daim xalqa arxalanır, xalqdan güc alır və Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi bir az sonra qeyd edəcəyimiz bir sıra keyfiyyətləri ilə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda böyük hörmət və nüfuz qazanmışdır.

İstər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir. Bu keyfiyyətlər özünü xüsusilə də geniş xalq kütlələri ilə görüşdə, xalqın taleyi ilə bağlı hər hansı bir məsələyə operativ və obyektiv münasibət bildirməsində daha çox göstərir.

Hələ millət vəkili olduğu vaxtlardan cənab İlham Əliyev həm də qayğıkeşliyi ilə fərqlənmiş, seçicilərinin, eyni zamanda, qaçqın və məcburi köçkünlərin rəğbətini qazanmışdır. O, seçiciləri ilə tez-tez görüşərək onların mənəvi-sosial sıxıntılarının aradan qaldırılmasına, əhvali-ruhiyyələrinin yüksəldilməsinə çalışmışdır. Çadır düşərgələrində yaşayan qaçqın və məcburi köçkünlərin məişət qayğıları və digər problemlərin həlli həmişə Onun diqqət mərkəzində olmuş, hər kəsin üzləşdiyi çətinliyin aradan qaldırılmasına canıyananlıqla yanaşmışdır. Xüsusilə də zəlzələ və digər təbii fəlakətlərdən zərərçəkənlərin ağrı-acılarına şərik olur, çətinliklərin aradan qaldırılmasına şəxsən nəzarət edir.

Prezident İlham Əliyevə ümumxalq sevgisi qazandıran şəxsi keyfiyyətlərdən biri də Onun insanları sevməsi, xeyirxahlığı, mənəvi, hüquqi və sosial baxımdan yaranmış hər hansı bir problemin dərhal aradan qaldırılmasına nail olması, bir sözlə, humanistliyidir. Cənab Prezidentin humanistliyi özünü həm də cəzaçəkmə müəssisələrindəki məhbuslara münasibətdə göstərir. Son on ildə minlərlə məhbus əfv edilib, qəbul edilmiş aministiya aktı sayəsində cəzasından tam və ya qismən azad olunubdur.

Dövlət xadimini xalq arasında sevdirən, bir siyasətçi kimi onun nüfuzunu artıran, ona ümumxalq məhəbbəti qazandıran keyfiyyətlərdən biri də səmimilikdir. Prezident İlham Əliyev hər görüşündə ən müxtəlif zümrələrdən olan insanlara qayğı ilə davranır, müsahibini nəzakətlə dinləyir, eyni zamanda, tərəf-müqabilini də özünə sayğı ilə yanaşmağa vadar etməyi bacarır. İstər rəsmi görüşlərdə olsun, istərsə də mətbuat və ictimaiyyət nümayəndələri ilə görüşdə, həmişə səmimidir.

Cənab İlham Əliyev o liderlərdəndir ki, cəmiyyəti də özü ilə bərabər ucaltmağı bacarır. Onun fəaliyyətinin əsasını Azərbaycanın indiki inkişafını dönməz və ardıcıl prosesə çevirmək, başladığı islahatları uğurla başa çatdırmaq təşkil edir. İnanırıq ki, növbəti prezident seçkisində də xalqımız İlham Əliyevə etimad göstərərək neçə-neçə uğurlu islahatların davam etdirilməsində Ona dəstək olacaqdır.

Seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şəraitin yaradılması imkan verir ki, növbəti seçkilərdə də xalqımız özünün iradəsini ortaya qoyaraq düzgün seçimini etsin. Heç şübhəsiz, insanlar öz seçimlərini edərkən bu günün reallıqlarını nəzərə alıb qarşıdan gələn beş ildə də ölkənin inkişafını təmin edə biləcək liderə – İlham Əliyevə səs verəcəklər. Günümüzün reallığı budur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir.

Öz prezidentlik fəaliyyətində daim xalqa söykənən, onun yüksək etimadına arxalanan dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə – 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını tam doğrultmuşdur. İctimai rəy göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək.


yap.org.az

Digər xəbərlər