Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.Az-a müsahibəsi:
-YAP-ın bu seçkilərdə şüarı nə olacaq?
-Seçki mesajı, şüarı və digər bu kimi məsələlər hazırlanır və seçkilərə az müddət qalmışa kimi gizli saxlanılır. YAP-ın seçki şüarı təbliğat günü - ayın 16-da açıqlanacaq. Ancaq YAP-ın seçki şüarı da yenidir. Hər şey yeni işlənib hazırlanıb.
-Xarici seçki texnoloqları və imicmekerlərə müraciət olunub?
-Bu seçki texnologiyası da özümüz tərəfindən hazırlanıb. Çünki bizim 20 ildən artıq seçki təcrübəmiz var. Artıq 20 ildən çoxdur ki, Azərbaycanda azad, ədalətli və demokratik seçkilər keçirilir. Həmçinin, ayrı-ayrı inkişaf etmiş ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində də iştirak etmişik. Odur ki, YAP bütün bu seçki texnologiyalarını öyrənib və təkmilləşdirərək özünün seçki planını hazırlayıb. Ona görə də bizim hər hansı ölkədən texnoloq və ya imicmeker gətirməyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər öz təcrübəmiz var və bu təcrübədən də istifadə olunacaq.
-Artıq Milli Şura Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürdü. Bunu necə qarşılayırsız?
- Bu məsələ artıq geridə qalmış məsələdir. Bilirsiz ki, artıq seçkilərə hazırlıq işinə başlanılıb və ayrı-ayrı partiyalar və vətəndaşlar öz namizədliklərini Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməklə irəli sürürlər. Onlar müvafiq sənədlərini də MSK-ya təqdim edirlər. Bu baxımdan da hələ Milli Şura namizədini müəyyənləşdirə bilmirsə, yəqin bu seçkilərdən sonra bələdiyyə seçkiləri üçün müəyyənləşdirər.
-Milli Şuranın komissiya sədri Eldəniz Quliyev sizin adınızı çəkərək söyləyib ki, hakimiyyət Milli Şuranı ABŞ və Avropanın projesi kimi təqdim etməyə çalışacaq. Buna münasibətiniz necədir?
-O, səviyyəsiz adamdır. Eldəniz Quliyev adını rejissor qoyub, ancaq indiyədək "Cin mikrorayonda" filmindən başqa nə isə çəkə bilməyib. O, adını ziyalı qoyub, ancaq onda ziyalılıqdan əsər-əlamət yoxdur. Eldəniz Quliyev danışdığı sözü bilmir. O, heç bir əxlaqa və tərbiyəyə uyğun olmayan insandır. O, heç zaman olduğu yerdə də hörmətə malik olmayıb. Azərbaycan cəmiyyəti, xüsusilə də rejissorlar və ssenaristlər Eldəniz Quliyevin kim olduğunu çox yaxşı tanıyır. O, çalışdığı dövrdə "demaqoqluq" edib yazmadığı adam qalmayıb. İndi adını demokrat qoyub, ancaq vaxtilə ən çox şikayət məktubu yazan adam olub. Eldəniz Quliyev hamının haqqında "demaqoq" anonim məktublar yazıb. Əgər mənə inanmırsızsa, o zaman gedib Kinostudiyadan onun haqqında soruşun. Görün nələr danışacaqlar. Kinostudiyada da onu "demaqoq" kimi tanıyırlar.
-Bu arada, Rusiya prezidenti Vladimir Putin də ayın 13-də Bakıya səfərə gələcək. Bu səfərin xüsusi əhəmiyyəti nədir?
-Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Biz Ermənistandan savayı bütün qonşu dövlətlərlə xoş münasibətlər saxlayırıq. Rusiya prezidentinin də Azərbaycana səfəri bunun bariz nəticəsidir.
-Bu səfər zamanı keçiriləcək görüşlərdə Rüstəm İbrahimbəyov və "Milyarderlər İttifaqı" ilə bağlı məsələlər də müzakirə oluna bilərmi?
-Rüstəm İbrahimbəyov kimdir ki, Putinin səfəri ilə əlaqəli olsun. Rusiya və Azərbaycan arasında münasibətlərdə Rüstəm İbrahimbəyov məsələsi qəti ola bilməz. Bu cür iddiaların ortaya atılmasında məqsəd Rüstəm İbrahimbəyovu diqqətdə saxlamaqdır. Rüstəm İbrahimbəyov adi rejissordur. Dövlət başçılarının oturub Rüstəm İbrahimbəyovla bağlı nə isə söhbət aparması çox gülünc olar.
Vasif Həsənli