Politoloq Cümşüd Nuriyevin SİA-ya müsahibəsi:
- Rusiyanın prezidenti Vladimir Putin artıq Azərbaycandadır. Səfər çərçivəsində müzakirə olunacaq əsas mövzular nə ola bilər?
- Müxalifət mətbuatında Rusiya-Azərbaycan münasibətlərinin gərgin olması haqda bir sıra məlumatlar yer alsa da, belə bir hal mövcud deyil. Hər iki prezidentin şəxsi münasibətləri mövcuddur, lakin əvvəlcədən də məlum idi ki, Rusiya Azərbaycanı Qafqaz maraqlarının təmsilçisi kimi görür. Son illər Rusiyanın Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət Azərbaycanı qane etmədiyindən, dövlətimiz müstəqil ölkə kimi mövqeyini ortaya qoymuşdu. Bu Azərbaycan maraqlarına uyğun olsa da, Rusiya tərəfindən qəbul edilmir. "Qəbələ RLS"nin bağlanması, Azərbaycanın şimal xətti ilə neftin ötürülməsini dayandırması, yeni qaz kəməri olan TAP layihəsini qəbul etməsi və digər nüanslar Rusiyanın siyasi və iqtisadi maraqlarına uyğun deyildi. Azərbaycan bu addımları atmağa məcbur olmuşdu. Rusiya ilk əvvəllər bu məsələlərdə Azərbaycanın çəkingən mövqedə olduğunu qəbul edirdi. Ancaq sonralar hər hansı problemlərin yaranmasına baxmayaraq, Azərbaycanın dövlət maraqlarından geri çəkilmədiyinin şahidi oldu. Rusiya da Azərbaycanın bu mövqeyini istər-istəməz qəbul etməli oldu.
Putinin ölkəmizə səfərinin əsas məqsədi hər iki dövlət arasındakı müəyyən razılaşmalar, eləcə də yeni məsələlərin müzakirəsidir. İlk müzakirə obyekti Rusiyanın iqtisadi maraqlarının təmin olunmasıdır. Şimal boru xətti vasitəsi ilə neftin yenidən ötürülməsinin gündəmə gəlməsi əsas müzakirə mövzusu olacaq. Xəzərin qaz yataqlarından birgə istifadə etmək də günün əsas məsələsi kimi qalır. Bu da reallıqdır ki, Azərbaycan istehsal olunan qazın müəyyən hissəsini Rusiyaya bazar qiymətinə satır. Rusiyanın Avropadakı inhisarçılığı Azərbaycanın yeni layihələri ilə gündəmdən çıxa bilərdi. Təbii ki, bu da Rusiyanı narahat etməyə bilməz. Rusiyada, həmçinin miqrant məsələsi də mövcuddur. Rusiyada yaşayan əslən azərbaycanlı olan bir qrup insanın ölkəmizin əleyhinə müəyyən təbliğatlar aparması, onların içərisində Söyün Sadıqov (əsli azərbaycanlıdır), Ramazan Abdullətifov və başqaları, eləcə də bu kimi məsələlər görüşdə müzakirə olunacaq. Eyni zamanda Rusiyanın əsas istəyi Azərbaycanın Gömrük İttifaqına üzv olmasıdır. Bu məsələ o zaman reallaşa bilər ki, Azərbaycanın ərazi bütövlüyü Rusiya tərəfindən təmin edilsin. Müxalifət mətbuatı bu görüşdə prezident seçkilərinin müzakirə olunacağını ehtimal etməsi yanlışdır. Çünki prezident seçkilərində kimin qalib gəlməsini xalq təyin edəcək.
- "Milli Şura" Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin yekunlarını və onun verəcəyi mesajları gözləyir. Deyəsən, onların zəif də olsa bir ümidi var ki, Bakıda iki prezident arasındakı söhbətlərdə Rüstəm İbrahimbəyovun məsələsi də yer ala bilər. Bu nə dərəcədə reallığı əks etdirir?
- Eynulla Fətullayevin bu ssenarisini mən də oxudum. O, məqaləsində təkidlə Azərbaycanda dövlət çevrilişi hazırlandığını, bu çevriliş üçün 20 milyon manat ayrıldığını və həmin məbləğin Eldar Namazova verildiyini deyir. Bir məsələni qeyd edim ki, Eynulla Fətullayev araşdırıcı jurnalistdir və o həbsdə olub. Onun kiməsə şər atması mümkünsüzdür. Bir fakt da burada öz əksini tapır ki, Rüstəm İbrahimbəyov prezident seçkilərində "Milli Şura"nın maliyyələşdirilməsi məsələsini özünün həll edəcəyini deyir. Hər kəs bilir ki, bu qədər məbləğ onda yoxdur. Putinin Bakıdakı görüşdə İbrahimbəyovun məsələsini müzakirə etməsi müxalifətin illüziyasının məhsuludur.
- Eks-spiker Rəsul Quliyevin Rusiyanın xarici işlər nazirinə məktub yazdığı və onlardan dəstək gözlədiyi deyilir. Bu nə dərəcədə məntiqlidir?
- Onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı ilə görüşü haqqında da məlumat var. Əgər bu diplomatik səviyyədə görüş olmasaydı, o zaman belə məlumatların mətbuata sızması mümkünsüz olardı. Onun adı daima belə məsələlərdə yer alır. Rəsul Quliyevin Azərbaycan dövlətinin maraqlarına uyğun olmayan işlərdə iştirak etməsi xalqa xəyanətdir. Bəzi siyasətçilərin iqtidardan narazılığını bilavasitə dövlətin əleyhinə yönəltməsi onlara baş ucalığı gətirmir. Buna siyasət deyilmir. Bu, sadəcə milli xəyanətdir.
- "Milli Şura"nın dünən keçirilən iclasında avqustun 18-də aksiya keçirməklə bağlı qərar verilib. Bu aksiya da əvvəlkilər kimi iflasa uğrayacaqmı?
- Aksiyanın keçirilməsi haqqında bir neçə gün bundan əvvəl Eynulla Fətullayev öz yazısında da qeyd etmişdi. "Milli Şura"da heç bir səlahiyyət sahibi olmayan Zəfər Quliyevin bu məsələyə reaksiya verməsinə baxmayaraq, əslində buna Eldar Namazov cavab verməli idi. İrəli sürdüyü ittihamlar sərt idisə, gərək onlar Eynullanı məhkəməyə verərdilər. Çünki orada konkret olaraq göstərilir ki, Azərbaycanda qarşıdurma yaratmaq üçün mitinqlər təşkil olunacaq. Aksiyaların keçirilməsi məsələsi də həmin ssenariyə uyğundur. Danılmaz faktdır ki, həmin ssenari də Moskvada hazırlanıb. Onlar, daha doğrusu Eldar Namazov hesabat vermək üçün belə bir addım atmaq məcburiyyətində qalıb. Burada sadəcə hesablardan pul silinəcək.
sia.az