Aydın Mirzəzadə: " Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir"
Müsahibimiz millət vəkli, politoloq Aydın Mirzəzadədir
-Son zamanlar xarci dövlət rəhbərlərinin Azərbaycana səfərləri intensiv hal alıb. Azərbdaycana bu dərəcə maraq nədən irəli gəlir?
-Hesab edirəm ki, bütün bunlar Azərbaycanın apardığı daxili və xarici siyasətlə bağlıdır. Öz daxili siyasətini düzgün quran, iqtisadiyyatını gücləndirən insanlarına sosial vəzifəsini dövlətin bir nömrəli vəzifəsinə çevirən dövlətlər istər-istəməz elə bu hal ilə də beynəlxalq aləmdə nüfuz qazanıblar. Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasət isə, onun beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etmək istəyindən xəbər verir. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir. Azərbaycan bu gün regionda və dünyada günü-gündən nüfuzu artan güclü siyasi oyunçulardan biridir. Azərbaycan bu gün öz nüfuzu ilə BMT təhlükəsizlik şurasının qeyri-daimi üzvlərindən biridir. Həmçinin, Azərbaycan bu gün Avropnın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Enerji ehtiyatları böyük olan dövlətlər kifayət qədər çoxdur. Ancaq bununla belə Azərbaycan ondan səmərəli şəkildə istifadə və onu digər dövlətlərə təzyiq kimi istifadə etmək vasitəsi kimi deyil, əksinə, qarşılıqlı əməkdaşlıq üçün edən ölkələrdəndir. Hesab edirəm ki, Azərbaycanın apardığı bu siyasət onun dostlarının artmasına,onun beynəlxalq nüfuzunun artmasına və Azərbycanla ikitərəfli, qarşılıqlı əlaqələrin yaranmasında marağı olan dövlətlərin artmasına səbəb olur.
- İtaliyanın baş naziri Enriko Lettanın, Rusiya prezidenti Vladimir Putinin, Türkiyə prezidenti Abdullah Gülün və digərlərinin Azərbaycana səfərlərinin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə hər hansı bir əlaqəsi varmı?
- Birmənalı olaraq, heç bir aidiyyatı yoxdur. Belə ki, seçki olmadığı illərdə də Azərbaycana çoxsaylı səfərlər edilir və bu səfərlər əvvəldən nəzərdə tutulmuşdu. Sadəcə olaraq, seçki dövrünə düşməsini bəzi siyasi analitiklər bunu seçki ilə bağlamaq kimi cəhdlər edir. Qeyd edim ki, sadalanan hər bir dövlət ilə Azərbaycanın xüsusi münasibətləri var. İtaliya ilə diplomatik əlaqələr gücləndirilməkdədir. Əvvəl sadəcə diplomatik əlaqələr idisə, indi iqtisadi və siyasi əlaqələr müstəvisində davam edir. Azərbaycan bu gün İtaliyaya yalnız enerji daşıyıcısı deyil, eyni zamanda, Azərbaycan sənayesinin bir çox məhsullarını ixrac edir. Bu gün İtaliya texnologiyasının özünün inkişafında maksimum istifadə etmək niyyətindədir. Eyni zamanda, humanitar əlaqələrin və mədəni əlaqələrin yaranmasında ciddi cəhd edir. İtaliya dünyanın nüfuzlu ölkələrindən biridir və bu kimi ölkənin ərazicə kiçik və müstəqilliyini yeni qazanmış bir ölkəylə xüsusi əlaqələr qurmağa çalışması tamamilə başadüşüləndir. Bu gün İtaliya kapitalını yerləşdirmək üçün stabil bir ölkənin kəşf edilməsi, birgə layihələrin işlənib hazırlanması və bununla bağlı işlərin hazırlanması regionda və dünyada birgə addımların atılması üçün siyasi müzakirələrin keçirilməsidir. Hesab edirəm ki, İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri sadalanan məsələlər üzrə ümumi razılığa gəlinməsinə və qarşılıqlı fayda üçün qərarların verilməsinə gətirib çıxaracaq. Rusiya ilə münasibətlər isə Azərbaycan üçün prioritet məsələdir. Biz qonşu ölkələrik. Rusiya prezidenti V. Putinin Azərbaycana səfəri həm ikitərəfli əlaqələri gücləndirməyə və bir sıra beynəlxalq məsələləri müzakirə etməyə şərait yaradacaqdır. Azərbaycan Rusiya üçün çox ciddi bir tərəfdaşdır. Rusiya üçün maraq doğuran bir ölkədir və nəzərə alsaq ki Azərbaycan Qafqaz və Şərq ölkəsidir. Bu baxımdan Rusiya bilir ki, Azərbaycan böyük bir regionla əlaqə üçün bir açardır.
- Vladimir Putinin Azərbaycana səfəri Ermənistanı qarışdırib və gərginlik yaradıb. Bu vəziyyət nədən qaynaqlanır?
- Ermənistanda bəzi dairələr, o cümlədən hakim dairələr belə hesab edir ki, Rusiya ilə Azərbaycanın münasibətləri məhz Ermənistandan icazə almaqla və Ermənistanın tövsiyyəsi ilə olunmalıdır və iki dövlət arasında əlaqələrin daha yaxşı gücləndirilməsi, inkişaf etdirilməsi və yüksək səviyyəyə çatdırılması, əlbəttə ki, Ermənistanda böyük bir qıcıq doğurur. Ancaq birmənalı şəkildə, demək olar ki, Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Rusiyanın Ermənistanla əlaqələrinə gəldikdə isə, bu gün Ermənistanın apardığı siyasət onun kiçik qardaş statusunda qalmasına, siyasi və iqtisadi cəhətddən zəifləməsinə, ən əsas isə bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsinə gətirib çıxaracaqdır.
- Ermənistan mətbuatının yazdığına görə, noyabrın 7-də razılaşdırılmış müharibə baş verəcək və Dağlıq Qarabağın 6 rayonu erməni işğalından azad olunacaq. Ermənilərin iddialarına görə, bu məsələ Putinin Azərbaycana səfəri zamanı da müzakirə olunacaq. Bu məsələyə istərdim aydınlıq gətirəsiniz?
- Vaxtaşırı erməni mətbuatı bu cür proqnozlarla çıxış edir. Bu isə Ermənistan ictimaiyyətindəki abu-havadan xəbər verir. Ermənistan Azərbaycan tərəfindən hərbi əməliyyatların başladılmasından çox ciddi narahatdır. Azərbaycanın artan hərbi qüdrəti, bu gün beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanı dəstəkləməsi Ermənistana bir gün Azərbaycanın məsələni hərbi yolla həll etməsi qorxusu yaradır və eyni zamanda, Rusiya ilə münasibətlərin güclənməsi bu qorxunun daha da güclənməsinə səbəb olur. Qeyd edim ki, hərbi əməliyyatların başlanması elanla və əvvəldən xəbər verilmir. Azərbaycan Ermənistan üçün hər gün müharibənin başlanması qorxusu ilə yaşamalıdır.
- Ermənistan hərbçiləri arasında fərarilik son vaxtlar artıb. Bunu Azərbaycana keçənlər də təsdiqləyir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Ermənistan bu gün öz gücü daxilində olmayan ordu saxlayır və 2,4 milyard dollar büdcəsinin təqribən 40%-ini müdafiə xərclərinə yönəldir. Bu isə onun gücü daxilində olan bir hal deyil. Bu halda Ermənistanı Azərbaycanla müqayisə etmək olmaz.
Ülkər Musazadə