SİA Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi təsdiqlənən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin "Gündəlik Teleqraf"a verdiyi müsahibəni təqdim edir.
- Araz bəy, namizədliyi irəli sürülənlər içərisində kimləri özünüzə rəqib görürsünüz?
- Bütün rəqiblərin hamısına hörmətlə yanaşıram və çalışacağam ki, hamıya qalib gəlim. Amma seçkilərin şəksiz lideri İlham Əliyevdir. Düşünürəm ki, birinci turda böyük üstünlüklə qalib gələcək.
- Nəticədən bu qədər əmin olduğunuz halda necə oldu ki, öz namizədliyinizi irəli sürmək qərarına gəldiniz?
- Məndən başqa solların heç bir namizədi yoxdur. Hətta onu deyim ki, bizdən başqa Azərbaycanda sol partiya yoxdur. Seçki vasitəsilə bizim proqram və ideologiyanı bütün Azərbaycana təbliğ etmək imkanı tapıram. İkincisi, ölkədə olan ənənəvi milli-demokrat, radikal, nə bilim nə adlanan müxalifət var, onlar həmişə böyük-kiçiklikdən danışırlar. Seçki olsun və görünsün böyük kimdir, kiçik kimdir.
- Sol partiya olmadığını dediniz, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Vahid Kommunist Partiyaları mövcuddur axı…
- Kommunistlər sol partiya deyillər. Onlar keçmiş Sovet İttifaqı Kommunist Partiyasının (SovİKP) tör-töküntüləridirlər. Ona görə də Moskvadakı SKP-KPSS-in üzvüdürlər. Daim onların göstərişi ilə hərəkət edirlər. Onlara sol demək olmaz.
- Avqustun 18-də Milli Şura mitinq keçirdi. ASDP mitinq keçirməyi nəzərdə tutub?
- Düşünürəm ki, Azərbaycanda mitinqlərin vaxtı çoxdan keçib. Bunu Azərbaycanda ilk iki mitinqin təşkilatçısı kimi deyirəm. 1988-ci ildə, 16 və 18 mayda Azərbaycan tarixində ilk mitinqlər oldu. İnsanlar Araz Əlizadəyə görə yox, Qarabağ müharibəsinə görə toplaşmışdı. Sonra Xalq Cəbhəsi yarandı, AXC xalqın bu istəyindən istifadə etdi, qüvvə topladı, sonra apardı xalqın başını 20 Yanvarda divara çırpdı. Qaçdılar gizləndilər, sonra 1992-ci ildə dövlət çevrilişi edib hakimiyyətə gəldilər, 1993-cü ildə Vətəni vətəndaş müharibəsi qarşısında qoydular. 2003-cü ildə xalqı yenə küçəyə çıxardılar. Maşınları sındırdılar, yenə qaçdılar. Bu insanlara xalq inanmır, ona görə də mitinqlərinə gəlmirlər. Mənim mitinq keçirmək fikrim yoxdur. Ola bilsin ki, qapalı yerlərdə insanlarla, ağsaqqallarla, kənd ziyalıları ilə görüşüm.
- Müasir dövrün seçki texnologiyası nədir?
- Bu, ondan ibarətdir ki, insanlarla özün ünsiyyətdə olmalısan. Qapıları döyməkdən, kəndlərə getməkdən çəkinməməlisən.
- Birinci sualıma yenə qayıdıram. Milli Şuranın hazırkı vahid namizədi Rüstəm İbrahimbəyovdur…
- Rüstəm İbrahimbəyov əvvəldən namizəd deyildi, "Aldanmış kəvakib" idi. Yusif Sərrac idi. Ona məlumat verməmişdilər, ikili vətəndaşlıqla olmaz və s. Bizim ənənəvi müxalifətin sponsorları uzun illər tələb edirdilər ki, birləşsinlər və vahid namizədlə çıxış etsinlər. Siyasət lotuları R. İbrahimbəyovu tapdılar, onu qabağa verdilər, ondan istifadə etdilər ki, baxın, biz birləşdik, vahid namizəd də tapdıq. Gözəl bilirdilər ki, onun namizədliyi qeydə alınmayacaq. Onun kölgəsində sponsorlardan pul gəlsin və sonra özləri hərəsi seçkilərə getsinlər.
- Seçkilərə ayrı-ayrı gedəcəklər?
- Bəli.
- Amma ehtiyat vahid namizəd barədə ötən gün keçirdikləri sessiyada qərar qəbul olunub...
- Seçə bilməyiblər, axırı da Məşədi İbadın "həri"yə getməsinə çevrilib. Başlayıblar bir-birini döyməyə.
sia.az