"Cəmil Həsənli radikal müxalifəti birləşdirmək üçün yox, diqqəti radikal müxalifət liderlərinin buraxdıqları, bəlkə də nə zamansa xəyanət kimi dəyərləndirəcək səhvlərindən yayındırmaq üçün seçilmiş bir fiqurdur"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəylinin SİA-ya müsahibəsi:
- Elçin müəllim, Cəmil Həsənli parçalanmış və dağılmış "Milli Şura" və radikal müxalifəti bir araya toplaya biləcəkmi?
- "Milli Şura" layihəsinin əsil mahiyyəti, hansı xarici qüvvələr tərəfindən və nə üçün ortaya atıldığı artıq hər kəsə bəllidir. Özünü Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən qüvvələrin istifadəsinə vermiş radikal müxalifət təmsilçiləri kimin kölgəsində və arxasında gizlənirlərsə gizlənsinlər, bu günə kimi atdıqları addımlara hansı don geyindirirlərsə geyindirsinlər, ifşa və iflas prosesini dayandıra bilməyəcəklər. Cəmil Həsənli radikal müxalifəti birləşdirmək üçün yox, diqqəti radikal müxalifət liderlərinin buraxdıqları, bəlkə də nə zamansa xəyanət kimi dəyərləndirəcək səhvlərindən yayındırmaq üçün seçilmiş bir fiqurdur. İflas prosesinin və gözlənilən acınacaqlı məğlubiyyətin məsuliyyətini onun üzərinə yükləmək istəyirlər.
- Belə xəbərlər yayılır ki, "Milli Şura"nı müntəzəm tənqid edən Rəsul Quliyevə qarşı ölçü götürüləcək. Sizcə, bu kimi addımların Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra baş verməsinin səbəbi nədir?
- "Milli Şura" adlanan bir qurum artıq yoxdur. Sadəcə ad və bu adın altında ayrı-ayrı maraqların bir araya gətirdiyi insanlar var. Əslində Rəsul Quliyevin "Cəmil Həsənli 1-2 faiz səs toplaya biləcək" deməsində təəccüblü heç nə yoxdur. "Milli Şura"nın biyabırçı iflasından sonra seçkilərin nəticələri barədə proqnoz vermək üçün böyük intellekt sahibi olmaq lazım deyil. Görünən dağa nə bələdçi? Amma Rəsul Quliyev bir məsələdə ciddi səhvə verir. Rüstəm İbrahimbəyov olmur, Cəmil Həsənli olsun, Cəmil Həsənli olmur, Kərbalayi Xudaverdi olsun, indiki halda "Milli Şura"nın istənilən namizədi ən yaxşı halda 1-2 faiz səs toplaya bilər. Problem namizədliyi irəli sürən şəxslərdən daha çox "Milli Şura"nın həyata keçirdiyi xəyənatkar missiyadadır və bu missiyanın utanc gətirən dividendindən layihənin içərisində yer alan hər kəsə pay düşür, o cümlədən də Rəsul Quliyevə...
- "El" hərəkatında da parçalanmalar baş verir. Sizcə, bunun səbəbləri nədir?
- Əvvəla Namazovun adından götürülmüş bu siyasi manqanı hərəkat adlandırmaq qarışqa ilə filin müqayisə edilməsinə bənzəyir. Parçalanmanın baş verməsi üçün ortalıqda bütöv, tam nə isə olmalıdır. Eldar Namazov özü kimi 1-2 uğursuzu yığıb ətrafına, adını da qoyub "hərəkat". Hərəkat bir neçə siyasi partiyanın iştirakı ilə yaradılır. Bu adam indiyədək nəinki siyasi partiya, heç ictimai birlik belə yarada bilməyib.
- Əflan İbrahimovun Milli Şura tərəfindən ixtişaşlar törədəcəyinə dair açıqlamalarını necə qiymətləndirirsiniz?
- Özünü Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin istifadəsinə verən kəslərdən hər şey gözləmək olar. Yəqin ki, baş prokurorluq adıçəkilən şəxsin açıqlamalarında yer alan faktlara aydınlıq gətirəcək.
sia.az