PDF Oxu

Müsahibə

  • 1 611

Kərim Kərimov: "Azərbaycanın daxili işlərinə heç bir dövlət qarışa bilməz"

Kərim Kərimov: "Azərbaycanın daxili işlərinə heç bir dövlət qarışa bilməz"

"Biz tam azad, ədalətli və şəffaf seçkilər keçirəcəyik"

- Kərim müəllim, ümumilikdə "Milli Şura" daxilində gedən prosesləri necə qiymətləndirirsiniz?

- "Milli Şura"da tək siyasi partiyalar deyil, eləcə də özlərini demokrat adlandıran xarici təşkilatlarla, ölkələrlə əlaqələri olan qüvvələr iştirak edirlər. Əvvəllər "Milli Şura" təsis edilərkən orada 129 nəfərin siyahısı olub. Təbii ki, mən həmin siyahı ilə yaxından tanış oldum. Amma onların böyük əksəriyyətinin kim olduğu mənə məlum olmadı. Bu insanlar hakimiyyətə düşmən münasibətdə olan şəxslərdən təşkil olunmuş "Milli Şura" yaradıblar. Həmin insanların özləri yekcins adamlar olmayıb. 129 nəfərin içərisində əks mövqeli, ambisiyalı insanlar çoxluq təşkil edib. Bunlara heç komandada demək belə olmazdı. Təsəvvür edirəm ki, heç Rüstəm İbrahimbəyov özü də həmin insanları tanımırdı. İbrahimbəyov "Milli Şura" yaradıldıqdan sonra Azərbaycanda olmayıb. Başa düşə bilmirdim ki, Rüstəm İbrahimbəyov onlara necə rəhbərlik edəcək? Təbii ki, rəhbərlik etmək üçün vahid komanda olmalıdır. Amma "Milli Şura"da əskinə komanda olmayıb. Maraqları, mənafeləri, baxışları antroponist xarakter daşıyan bu insanlar əgər öz aralarında birlik yarada bilmirlərsə, xalqı "Milli Şura" ətrafında necə birləşdirə bilərlər?

Məhz buna görə də "Milli Şura" ilk günlərdən özünü təsdiq edə bilmədi. İbrahimbəyov hətta keçmişdə nəinki seçkilərdə iştirak edib, seçki məntəqəsinə gəlib, o, heç seçki mexanizmi ilə belə tanış deyil. R.İbrahimbəyovun Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, Konstitusiyasından və prezidentliyə namizəd üçün hansı tələblərin lazım olduğundan belə xəbəri yoxdur. Amma gəl ki, indi bu insan, prezident olmaq iddiasına düşüb. Sonradan isə ikili vətəndaşlıq, xarici ölkələrdə öhdəliyinin olması məsələsi ortaya çıxdı. Artıq zaman daralır, seçkilər yaxınlaşır. Bu insan hələ də özünün vətəndaşlıq məsələsini yoluna qoya bilmir. Bu gün Azərbaycanda stabil vəziyyət, əmin-amanlıq hökm sürür. Bunlar olmayan yerdə isə heç bir inkişaf, abadlıq işlərindən, xüsusilə də, ordu quruculuğundan söhbət gedə bilməz. Dövlət quruculuğu, idarəçilik xüsusi bir elmdir. Bunu inkar edənlər (Rusiyada bolşeviklər, Azərbaycanda cəbhəçilər) öz ölkələrini rəzil vəziyyətə düçar etdilər. Hətta Əbülfəz Elçibəy prezident olduğu dövrdə onun heç idarəçilikdən xəbəri yox idi. İndi hakimiyyətə can atanlar da həmin dövrdəki Cəbhə hərəkatının mövqeyindən çıxış edirlər. Hətta onlar bir zaman "kölgə kabinet"i yaratmaq istədilər və bunu yaratdılar da! Yəni, onlar hakimiyyətə gələcəkləri təqdirdə kimin hansı vəzifəni tutacağı məsələsi qaldırıldı. Təsəvvür edin ki, Mirzə Sakit yeni qurulacaq hökumətdə Narkomaniyaya Qarşı Mübarizə Komissiyasının sədri olmalı idi. Axı necə ola bilər ki, həmin insan narkotika üstündə həbs edilib və cibində narkotik gəzdirə-gəzdirə komitə sədri olsun?

- "Milli Şura"dakılar alternativ namizəd kimi Cəmil Həsənlinin namizədliyini irəli sürüblər. Sizcə, nəyə görə məhz Cəmil Həsənli?

- "Milli Şura" radikal müxalifət partiyalarının və özlərini demokrat adlandıran "müstəqil siyasətçilərin" toplaşdığı qurumdur. Orada heç bir partiya digəri ilə yaxşı münasibətdə deyil. Onların özlərinin arasında rəqabət gedir. Ona görə də hər hansı bir partiya sədrinin "Milli Şura"nın sədri olması mümkün deyil. Burada bir növ partiyalılığı olmayan namizəd lazım idi ki, hamını "Milli Şura"da birləşdirə bilsin. Bu məqsədlə də İsa Qəmbərin namizədliyi qəbul olunmayıb. Cəmil Həsənli isə Azərbaycan Respublikasına rəhbərlik etmək qüdrətində olan siyasətçi deyil. Çünki dövləti idarə etmək üçün idarəetmə işini, qanunları mükəmməl bilmək lazımdır. Bu, çox məsuliyyətli bir işdir. Hakimiyyətə ümumilikdə xalqı birləşdirmək iqtidarında olan insan lazımdır. Bu keyfiyyətlər isə Cəmil Həsənlidə yoxdur.

- Rüstəm İbrahimbəyovun "Milli Şura"ya hərə bir manat versin" çağırışı ilə bağlı məsələsinə münasibət necədir? Nəyə görə, bu insan dilənmək yolunu tutub?

- Təbii ki, bu, R.İbrahimbəyovun xarakterindən irəli gəlir. Bu insan elə bilir ki, xalq onu və "Milli Şura"nı sevir və s. Həmin insanlar çox yanlış fikirdədirlər. Bu gün Azərbaycan xalqına əmin-amanlıq, asayiş, stabillik hər şeydən vacibdir. Biz paytaxt Bakıya diqqət yetirsək görərik ki, ölkəmiz günü-gündən necə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramı qəbul olunub. Bu iki Dövlət Proqramını həyata keçirmək üçün Prezident İlham Əliyev bölgələrə 300-dən çox səfər edib, 900-dən çox iri sənaye obyektlərinin, yolların açılışında, Olimpiya İdman Komplekslərinin, hava limanlarının tikilməsi mərasimində iştirak edib. Prezident İlham Əliyev 10 ildə böyük işlərə imza atıb. Cəmil Həsənli isə bu kimi işləri görə bilməz. Axı Cəmil Həsənli indiyədək hansı dövlət işində işləyib ki, seçkilərdə də uğurlar qazansın. Bu işlər müqayisə oluna bilməz. "Milli Şura" oktyabrda keçiriləcək prezident seçkilərində səs toplamayıb çox biyabırçı şəkildə də öz işini yekunlaşdıracaq.

- "Milli Şura"nın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların (ATƏT, AŞPA, EU, EP) Bakı ofislərinin rəhbərləri və Qərb ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşüb. Bu görüş barədə fikirlərinizi bilmək istərdik.

- Həmin insanlar özlərinə güvənmək üçün ilk növbədə xalqın etimadını qazanmalıdırlar. Axı onların xalq qarşısında hansı xidmətləri var ki, xarici qüvvələrdən də dəstək alsınlar? Bundan başqa xarici dövlətlərin Azərbaycanla münasibətləri normal məcrada davam edir. Hakimiyyətə gəlmək üçün ilk növbədə dəstəyi xalqdan almaq lazımdır. Onlar sadəcə olaraq öz mülahizələrini fantaziya üzərində qururlar. Hətta biz onların hansı çətinliklərlə 40-50 min səs toplayacaqlarını şahidi olacağıq. Mütəxəssislər onların topladığı səsə diqqət yetirərkən xeyli sayda saxta imzaların şahidi olacaqlar. Bu insanlar realist deyillər. Bu qüvvələr Qərb ölkələrinin ölkəmizdəki səfirləri ilə keçirdikləri görüşdə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Biz tam azad, ədalətli və şəffaf seçkilər keçirəcəyik.

Ceyhun Rasimoğlu

Digər xəbərlər