PDF Oxu

Müsahibə

  • 1 101

Ermənistan dünya birliyindən təcrid olunur

Ermənistan dünya birliyindən təcrid olunur

Elşad Mirbəşiroğlu: "Ermənistan bundan sonra Rusiyadan daha çox dəstək gözləyəcək"

Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur

- Elşad müəllim, Ermənistanın Avrasiya İttifaqına qoşulması Rusiyanın rəsmi Yerevana olan təzyiqlərinin müəyyən qədər aradan qaldırmağa hesablanmış bir addım ola bilərmi?

- Ermənistan qəti şəkildə göstərdi ki, müstəqil olmayan və Rusiyadan tam asılı olan bir dövlətidir. Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya İttifaqına qoşulmaqla yanaşı, həm də Ermənistanın Avrasiya iqtisadi birliyinə qoşulma ehtimalının olduğunu da nümayiş etdirdi. Burada bir məqama diqqət yetirmək lazımdır ki, bununla Ermənistan prezidenti S.Sarkisyan bir daha sübut etdi ki, Ermənistanın bir dövlət olaraq siyasəti olduqca paradoksal bir siyasətdir. Yəni dünyanın ən paradoksal siyasət yeridən dövləti məhz Ermənistandır. Ermənistanın bəzi nüfuzlu şəxsləri bəyan edirdilər ki, Ermənistanın nə Rusiya, nə də ki, Belarusla birbaşa sərhədinin olmadığına görə, Ermənistan Gömrük İttifaqına qoşula bilməz. Amma hər şey dəyişdi və Ermənistan prezidentinin Rusiyaya səfəri zamanı Ermənistanın Avrasiya İttifaqına qoşulması haqqında qərar qəbul olundu. Bundan sonra nələr olacağını zaman göstərəcək.

- Ermənistan prezidentinin Rusiyaya səfəri zamanı Dağlıq Qarabağ məsələsi müzakirə mövzularından biri olub. Məlumata görə, V.Putin S.Sarkisyana münaqişənin həllinə güzəştə getməyin vacibliyini başa salmağa çalışıb. Sizcə, S.Sarkisyan bu xəbərdarlıqdan nəticə çıxara bilərmi?

- Hesab etmirəm ki, Ermənistan prezidenti S.Sarkisyanla Rusiya prezidenti V.Putin arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir müzakirənin aparılması, münaqişənin ədalətli həlli üçün hər hansı bir zəmin yaradılıb. Ermənistan prezidentinin Rusiyaya səfəri zamanı əsasən gündəmdə olan məqam ondan ibarət olub ki, Rusiya və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqdır. Amma göründüyü kimi daha bir məsələ ətrafında müzakirələr aparıldı. Yəni, Rusiya üçün strateji olan məsələ ətrafında müzakirələr aparıldı və qərar qəbul olundu. Ermənistanın Avrasiya İttifaqına qəbul olunmasından sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konstruktiv addım atacağı qeyri-real görünür. Demək olar ki, bu haqda düşünmək sadəlövhlük olardı. Əksinə, Ermənistan bunun əvəzində Rusiyadan daha çox dəstək gözləyəcəkdir. Bir məqam burada pozitiv kimi qiymətləndirilə bilər ki, bundan sonra Ermənistanın Avropa ölkələri ilə münasibətləri birmənalı olmayacaqdır. Çünki artıq Avropadan müəyyən mesajlar gəldi. Bu mesajlarda göstərilirdi ki, Ermənistan Avropa ilə nəzərdə tutulan bir sıra əməkdaşlıqlardan kənarda qalacaqdır. Avropada hesab edirlər ki, Ermənistan siyasətində 180 dərəcə dönüş etmişdir. Bundan başqa həmçinin Avropada belə bir fikir qətiləşdi ki, bu günə kimi Ermənistan sadəcə olaraq Avropaya inteqrasiya imitasiyası ilə məşğul olurdu. Reallıqda isə hər zaman Ermənistan Rusiyanın yanında olmuşdur. Bu, bir daha Rusiya və Ermənistan prezidentlərinin görüşü zamanı qətiləşdi. Bu baxımdan, Avropa ola bilsin ki, Ermənistanın bu addımından sonra Azərbaycanın ədalətli mövqeyini daha çox dəstəkləməyə meyilli olsun. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qəti addımlar atsın.

Gülyanə

Digər xəbərlər