Asəf Əsədov: "Vergilər Nazirliyinin insan resurslarının dayanıqlı inkişafı ilə bağlı yeni tvinninq layihəsi hazırlanıb"
Müsahibimiz Elektron audit, insan resursları və informasiya texnologiyaları sahələrinin modernizasiyası məsələləri üzrə Vergilər Nazirinin müşaviri 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədovdur
- Asəf müəllim, elektron auditin praktik tədbiqi sahəsində hansı addımlar atılır və e-auditin aparılması bacarığına malik işçi heyətinin formalaşdırılması ilə bağlı hansı işlər aparılır?
- 2013-cü ilin may ayında tvinninq layihəsi başa çatdı. Layihə çərçivəsində aparılan pilot vergi yoxlamaları hal-hazırda davam edir. Eyni zamanda, bu layihə müddətində treninq keçmiş auditorlar digər auditorlara öz bilik və bacarıqlarını ötürməkdə davam edirlər. Bu iş isə əsasən xüsusi rejimli vergi xidməti departamentində aparılır. Treninq proqramı iş yerində həyata keçirilir, işçilər e-audit üzrə hazırlanan metodogiyaları ilə tanış olurlar, e-audit üzrə proqram təminatını istifadə etmək üçün onlara tədris video materialları verilir. Hər həftə auditorlar üçün praktiki məşğələlər təşkil olunur. Bu iş bu ilin sonuna qədər davam edəcək və yeni ildən departamentin əksər auditorları e-audit metodologiyasının tədbiqi üçün hazır olacaqlar. E-auditin geniş miqyasda tədbiqi üçün Vergilər Nazirliyinin auditorları ilə yanaşı, iri müəssisələrin maliyyə və İT xidmətləri də hazır olmalıdır və ən əsası onlar tələb edilən elektron məlumatları lazımi formatda və vaxtında təqdim etməlidir. Vergi Məcəlləsində qeyd olunub ki, yoxlama üzrə tələb edilən e-məlumatlar 15 gün ərzində həyata keçirilməlidir. E-məlumatlar əsasən vergi ofisində xüsusi proqram təminatı əsasında təhlil edilir və nəticə olaraq yoxlama ilə bağlı son addımlar palanlaşdırılır. Bu metodologiyanın tətbiqi həm vergi orqanı, həm vergi ödəyicisi tərəfindən informasiya mübadiləsi üzrə əməkdaşlıq platformasında həyata keçirilməlidir. Bunun üçün Vergi Məcəlləsində vergi partnyorluğu sazişlərinin imzalanması imkanları nəzərdə tutulub.
- E-auditin tədbiqi ilə bağlı hüquqi bazanın tam formalaşdığını söyləmək olarmı?
- 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinə elektron auditin tətbiqi məqsədilə bir sıra yeni maddələr əlavə olunub. Onu da qeyd etmək yerinə düşərdi ki, e-audit ilə bağlı 13 maddə mövcuddur. MDB məkanında e-auditin hüquqi və metodoloji bazası ilk olaraq Azərbaycanda yaradılıb.
- Elektron audit vergi orqanları və vergi ödəyiciləri üçün hansı üstünlükləri yaradır?
- Birinci növbədə e-audit yoxlamalara sərf edilən insan resurslarına və vaxta ciddi qənaət etməyə imkan yaranır. Vergi yoxlamaları ilə bağlı təhlillər əsasən vergi ofisində komyuterlər vasitəsilə həyata keçirilir. Bu, həm vergi orqanı, həm də vergi ödəyicisi üçün böyük üstünlükdür. İkinci növbədə, e-auditə hazırlaşan vergi işçiləri və yoxlanılan müəssisənin mühasibat və İT xidməti öz peşəkar səviyyəsini artırır. Müəsissənin e-mühasibat sistemi tam yoxlanılır, şəffaf olur və gələcəkdə belə müəssisələrdə əsasən distant yolu ilə həyata keçirilə bilər. Belə müəssisələr xarici investisya və kreditlərin alınması üçün üstünlüklər qazanırlar.
- E-audit Avropa İttifaqı ilə həyata keçirilən uğurlu layihələrdən biri idi. Bundan sonra yeni əməkdaşlıq layihələri gözlənilirmi?
- Hazırda Vergilər Nazirliyinin insan resurslarının dayanıqlı inkişafı ilə bağlı yeni tvinninq layihəsi hazırlanıb. Avropa İttifaqı tətəfindən tender elan edilib. Müasir texnologiyalar tətbiq edə bilən, müasir menencment üsullarından istifadə etməyi bacaran və yüksək xidmət etikasına riayət edən peşəkar kadrların hazırlanması-vergi sisteminin dayanıqlı inkişafı üçün çox vacibdir.
İntizarə Məmmədova,
Cahid Süleymanov