Hafiz Hacıyev: "Onun məqsədi ermənilərə xidmət etməkdir"
Müsahibimiz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir
- Hafiz bəy, Cəmil Həsənlinin teledebatda şərəf və ləyaqəti təhqiri ilə bağlı çıxışına münasibətiniz?
- Bilirsiniz ki, Cəmil Həsənli seçki platformasından yox, ölkəni dağıdıcılığa doğru aparan fikirlər danışır. Bu adamın müstəqil fikri yoxdu. Erməni qəzetlərini oxuyur, orada nələr yazıblarsa, gəlib elə onları da təkrarlayır. C.Həsənlinin yolu cinayət yoludur, tutduğu xətt cinayət xəttidir. Bununla əslində, onlar qara piar aparırlar. Bilirsiniz, C.Həsənlinin mənəvi haqqı yoxdur ki, bu kimi fikirlər işlətsin. Hamı bilir ki, həmin fikirlər, erməni lobbisinin xarici nəşrlərdə səsləndirdikləri fikirlərlə eynidir. Buna görə C.Həsənlinin namizədliyi MSK tərəfindən mütləq ləğv edilməlidir. Bu adam hələ bir-iki cümlə də olsun öz platforması haqqında deməyib. Axı nə desin ki? Aydındır ki, onun seçki platforması yoxdur. Onun platforması bundan ibarətdir ki, Azərbaycanı talan etmək, dağıtmaq, sonra da ermənilərə vermək. İngilis kürəkəni tapşırıqlar verir və o da icra edir.
- "Milli Şura" 22 sentyabrda mitinq keçirməyi planlaşdırır. Sizcə, bu gün həmin mitinqə hansısa zəruriyyət varmı?
- Mitinqə heç kim getməyəcəkdir. Çünki artıq hamı onları tanıyır və bilir ki, onlar satqın, şəxsiyyəti olmayan insanlardır. Getsinlər stadionda yığışsınlar, boş-boş danışsınlar gəlsinlər. Axı platformaları yoxdursa, bunlar nə danışmalıdırlar? C.Həsənlinin özünü də qabağa verən Kərimov Əli və Qəmbərov İsadır. Sizi əmin edirəm ki, seçkidən sonra Kərimov Əli həbs ediləcəkdir.
- İcrimai televiziyada Cəmil Həsənlinin şərəf və ləyaqətə toxunan çıxışı ilə bağlı MSK-ya hansısa müraciət etmək fikriniz varmı?
- Mən orada öz sözümü demişəm. Hamıdan da xahiş edirəm ki, tele-debatdakı həmin çıxışa təkrar-təkrar baxsınlar. Mən heç kimi təhqir etməmişəm. Əksinə, Cəmil Həsənli YAP-ın namizədini təhqir etdi. Bu adama bənzəməyən məxluq şəxsiyyətini və mənəviyyatını ortaya qoydu. Ona görə də biz MSK-dan xahiş etmişik ki, bu məsələ ilə bağlı ciddi ölçü götürsün. Lap lazım olsa idi mən durub orada C.Həsənlinin qulağını da kəsərdim və gedib türmədə yatardım.
- "Milli Şura" üzvləri iddia edirlər ki, siz debatdan sonra Cəmil Həsənlini vurmusunuz. Belə hal baş veribmi?
- Vurmaq yox, istəyirdim ki, onun qulağını kəsim, çıxıb getsin. Sərdar bəy Cəmil Həsənlini qoltuğuna vurub apardı.
- Sizcə, nəyə görə Əli Kərimli və İsa Qəmbər özləri gizlənərək Cəmil Həsənlini irəli veriblər?
- Qəmbərov İsanın və Kərimov Əlinin dili yoxdu ki, çıxıb nəsə desinlər. Ə.Kərimli və İ.Qəmbər nə vaxtdan kişi olublar ki, irəli çıxsınlar. Onlar bu 20 ildə nə iş görüblər ki, nəsə haqqında da danışsınlar. Ordan-burdan aldıqlarını basıb yeyirlər və milləti də aldadırlar ki, gəlirik. Aldıqlarından da yanındakılara verməyiblər, onlar da qaçıb gediblər. Ona görə C.Həsənli kimi şəxsiyyət fağır, bədbəxt adamı qabağa veriblər. Düşünmürdülər ki, onların qarşısına kimlər çıxacaq? Nə desinlər ki? Ermənistana, onların lobbisinə işləməklərinimi çıxıb camaata desinlər? Vaxtilə də alkaş Rüstəm İbrahimbəyovu qabağa vermişdilər. Gördülər ki, o da içkidən ayıla bilmir, C.Həsənlini verdilər qabağa. Azərbaycan xalqı da yaxşı bilir ki, günah kimdədir və kim kimdir?
- "Milli Şura" xarici havadarlarının külli miqdarda maliyyə dəstəyini alıb, mitinqlər keçirib, iğtişaşlar törətməyə cəhd göstərirlər. Bu, qanunla ziddəyyət təşkil etmir ki?
- Əbəttə ki, ziddir. Mən 1-2 ay bundan öncə də bu məsələni diqqətə çatdırmışdım ki, "Milli Şura"ya xaricdən milyonlarla pul gəlir. Mən də bilirəm ki, erməni lobbisi tərəfindən göndərilən pullar kimlər tərəfindən mənimsənilir. Bütün Avropaya yayılmış ermənilər və onun kürəkəni də, yəqin ki, onun da ermənilərlə əlaqəsi var, sonra da hesabat tələb edirlər. Bunların əsas məqsədi Azərbaycanda gedən inkişafa mane olmaq və onun qarşısını almaqdır.
Cahid Süleymanov,
Sadiq Qaçayev