Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:
- Bahar xanım, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat- təşviqat kampaniyasını, ümumilikdə hakim partiyanın seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Əgər biz ümumilikdə seçki prosesini dəyərləndirsək və bu prosesin içərisində prezidentliyə namizədlərin öz seçki təbliğatını necə qurmasına diqqət yetirsək görərik ki, seçki prosesi Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə davam edir. Seçki prosesinə qatılan bütün namizədlər, seçkilərə hazırlığını və təbliğat işini qanunun tələbləri çərçivəsində həyata keçirməyə çalışırlar. Biz bu günə qədərki dövrü dəyərləndirsək deyə bilərik ki, hər hansı bir namizədin öz işi, imkanları və qabiliyyətinə mane olacaq addımlara rast gəlinməyib. Əlbəttə ki, prosesin içərisində bu və ya digər məsələlər, hadisələrlə bağlı müxtəlif mövqelər ola bilər. Ümumilikdə mən seçki prosesini açıq, şəffaf və sərbəst dəyərləndirirəm. Çünki namizədlərə, onların təşəbbüs qruplarına və onlara dəstək verən insanlara öz işlərini qurmaq üçün bütün şərait yaradılıb. Bu da istənilən namizədin onlar üçün yaradılan şəraitdən maksimum yararlanaraq, öz təbliğatını istədiyi kimi qura bilməsinə imkan verir. Bununla da həmin namizəd öz platformasını, proqramını, məram və hədəflərini seçicilərə, Azərbaycan vətəndaşlarına çatdıra bilər. Son qərar isə seçicilərin öz mövqelərini müəyyənləşdirməsidir.
- Amma radikal müxalifət öz platformaları haqqında cəmiyyəti məlumatlandırmaq əvəzinə, hakimiyyətə böhtan ataraq özlərinə bəraət qazandırmağa çalışır. Sizcə, bu nə dərəcədə düzgündür?
- Birmənalı olaraq mənim bu hallara qarşı münasibətim çox mənfidir. Bunun başqa qiyməti və dəyəri də yoxdur. Çünki, bu fikirlər yalnız qarşı tərəfi qaralamağa, kimlərisə təhqir etməyə və provokasion hərəkətlərə hesablanıb. Bu yanlış fikirdir və ona qarşı münasibət də mənfidir. Hesab edirəm ki, seçki prosesində, xüsusilə seçkiqabağı təbliğat-təşviqat kampaniyasında bu cür qara piardan, təhqiramiz ifadələrdən və digər bu kimi fikirlərdən istifadə edilməsi hüquqi məsuliyyət yaradır. Ümumiyyətlə seçki prosesində iştirak edən şəxslər qanunun tələblərini nəzərə almalıdırlar. Hüquqi məsuliyyət hər kəs üçün bərabərdir və hamı qanun qarşısında cavabdehlik daşıyır. Bəlkə də bu, bir çoxlarına özlərinin daxili aləmini göstərmək və onlara qarşı hansısa hüquqi məsuliyyətin, tənbehin edilməsi istəyindən irəli gəlir.
- Ümumiyyətlə, seçki prosesində qadın seçicilərin fəallığı hansı səviyyədədir?
- Baxmayaraq ki, biz qadınların dövlət, cəmiyyət həyatında əldə etdiyi nailiyyətlərin az olduğunu düşünürük, amma bu günə qədər bütün dünyada və Azərbaycanda seçkinin təşkili prosesinə cəlb olunan iştirakçıların əksəriyyəti qadınlar olub. Təbii ki, onlar da öz vəzifələrinə kifayət qədər məsuliyyət və vicdanla yanaşırlar. Qadınlar seçkidə seçici kimi iştirak etməklə yanaşı, həmçinin öz mövqelərini ortaya qoyurlar. Qadınların səsvermədə iştirakı həlledicidir. Prezidentliyə irəli sürülən namizədlər arasında qadınlar olmasa da, bütün namizədlərin işini təşkil edənlərin əksəriyyəti qadınlardır. İnanıram ki, səsvermə günü seçki məntəqələrinə gələnlərin əksəriyyəti də qadınlar olacaq. Onlar bu yolda iradə və mövqelərini nümayiş etdirəcək, bu gün yürüdülən siyasətin növbəti 5 ildə də davamına dəstək olacaqlar.
- ATƏT-in Aralıq hesabatında ölkədə keçiriləcək seçkilərlə bağlı bir sıra iradlar yer alıb. Sizin hesabata münasibətiniz?
- Hesabatda seçkilərdə qadın namizədinin olmaması ilə bağlı yer alan irad qərəzli və qeyri-obyektiv bir yanaşmadır. O ki qaldı hesabatda yer alan seçki prosesi ilə bağlı iradlara, Azərbaycan hökuməti və müvafiq qurumlar bununla bağlı cavablarını veriblər. Xüsusilə MSK orada səslənən iradlara aydınlıq gətirib. ATƏT-in aralıq hesabatı müəyyən mənada qərəzli və qeyri-obyektiv yanaşmaları özündə əks etdirir. Amma bu, bizi narahat etmir. Ona görə ki, biz bunun nədən doğduğunu və nəyə görə bu fikirlərin səsləndirildiyini az-çox bilirik. Lakin bu o demək deyil ki, bildiyimizə görə rahatıq. Sadəcə Azərbaycanda mövcud durum, keçirilən seçkilər, seçkilərdən gözlədiyimiz hədəflər bizə demokratik cəmiyyət quruculuğu vəd edir. Biz gördüyümz işləri hər hansı bir təşkilatın hesabatlarına görə etmirik. Biz demokratik, sivil, azad vətəndaş cəmiyyəti qurmaqdayıq və bu yolda xeyli sayda uğurlarımız var. Dostcasına deyilən fikirləri biz qəbul edirik, amma qərəzli fikirlər səsləndirənlərə öz fikrimizi açıq şəkildə çatdırırıq. Seçki prosesi Azərbaycan qanunvericiliyi və standartlara uyğun şəkildə davam edir. 9 oktyabrda keçiriləcək Prezident seçkiləri indiyə qədər Azərbaycanda keçirilən demokratik seçkilər tarixinə iz salacaq.
- Bahar xanım son 10 ildə ölkə başçısının gördüyü işləri necə qiymətləndirirsiniz?
- Ölkə başçısının son 10 ildə gördüyü işlər hər bir Azərbaycan vətəndaşının həyatını, onun məişətini, sosial durumunu müsbət mənada dəyişib. Ümumilikdə son 10 ildə Azərbaycan heç zaman olmadığı qədər böyük sürətlə və hərtərəfli inkişaf edib. Azərbaycan tarixindəki son 10 il, inkişafın qızıl dövrü kimi qiymətləndirilir. Bu sadəcə bizim istəyimiz deyil, konkret işlərə, arqumentlərə əsaslanan faktdır. Qarşıda bizi bundan da yüksək inkişaf gözləyir. Son 10 il ərzində Ulu öndər Heydər Əliyev siyasəti və bu siyasətin reallaşdırılması nəticəsində əldə etdiyimiz nailiyyətlər Azərbaycanı ona qonşu olan, yaxın-uzaq münasibətdə olan ölkələrdən qat-qat irəliyə aparıb. Bu bizim reallığımız, nailiyyətimizdir. Hər bir Azərbaycan vətəndaşı bu işlərin içindədir. Kimlərinsə bunu görməzlikdən gəlməsi, bu inkişafı danması bizim üçün heç nəyi dəyişmir. Bu gün Azərbaycanda gedən sürətli inkişafı və insanların gələcək yaşamına hesablanmış uğurlu siyasəti xalq görür. Bu da bizə kifayət edir. Bu siyasət Azərbaycanı inkişafdan-inkişafa, qələbədən- qələbəyə qovuşdurur.
- İngiltərənin "Diplomatiya" jurnalında ölkə başçısı İlham Əliyevi əks etdirən "Bir prezidentin portreti" adlı məqalə dərc edilib. Bu ilk yazı deyil. Dəfələrlə xarici mətbuatda ölkəmiz və Prezident İlham Əliyev haqqında yazılar yazılır. Siz bunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə Ulu öndər Heydər Əliyev siyasətini bu gün davam etdirən Prezident İlham Əliyevin gördüyü işlər təkcə Azərbaycanda deyil, ölkədən kənarda da qəbul olunur və qiymətləndirilir. Bu da bizim üçün əsasdır. Getdikcə daha aydın görünür ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycanın inkişaf modeli formalaşıb. Bu model həm iqtisadi, həm siyasi, həm də sosial cəhətdən bütün dünya üçün çox maraqlıdır və onlar bunu hərtərəfli analiz edirlər. Ona görə də mən xarici mətbuatda bu kimi materialların işıq üzü görməsini, müxtəlif məqalələrin çap olunmasını obyektiv dəyərləndirirəm. Açıq-aydın görünən bir həqiqətin mətbuatda işıqlanması normaldır. Bəlkə də orada yazlanlar olduğundan az yazılıb. Ölkə başçısının siyasətindən, gördüyü işlərdən sonsuz yazılar yazmaq mümkündür. Bu, həqiqətin dərk olunmasının təzahürüdür. Azərbaycanda gedən inkişafı izləmək, dəyərləndirmək və yekun olaraq öz mövqelərini bildirmək həmin ölkələrin üstünlüyüdür. Sevindirici haldır ki, ölkəmizdə görülən işləri dostcasına, obyektiv qiymətləndirənlər var. Prezident İlham Əliyev həyatının mənasını xalqa xidmətdə görür. Ölkə başçısı əldə etdiyi nailiyyətləri də özünün deyil, xalqın nailiyyəti kimi qiymətləndirir.
sia.az