Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov ANS TV-də "Hesabat"ın qonağı olub və bu il ölkədə keçiriləcək prezident seçkisi barədə Mir Şahinin suallarına cavab verib. SİA həmin müsahibəni təqdim edir:
- Əli müəllim, Azərbaycanda prezident seçkisi ərəfəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Ümumən müşahidə olunur ki, Azərbaycanda vəziyyət kifayət qədər sabitdir. Artıq 10 ildir ki, Azərbaycanda bu sabitlik möhkəmlənibdir. Bu sabitlik təkcə, belə deyək hakimiyyət institutlarının səyi ilə deyil, cəmiyyətin bütövlükdə dayanıqlılığı ilə möhkəmlənibdir. Bu da bütün proseslərə olduğu kimi, seçki prosesinə də öz təsirini göstərir. Seçkilər bütövlükdə, həm namizədlərin irəli sürülməsi, həm imzaların toplanması, həm də bu gün təşviqat mərhələsi qanuna müvafiq surətdə həyata keçirilir. Seçki inustitutları, icra strukturları, seçkiyə qoşulan siyasi partiyalar və siyasi partiya blokları, təşəbbüs qrupları və s. hər kəs qanunvericiliyə müvafiq olaraq seçki prosesində iştirak edir. Düşünürük ki, bu belə də başa çatacaqdır. Biz seçkiləri müvəffəqiyyətlə və uğurla yekunlaşdıracağıq. Əhalinin iradəsini, seçki və səsvermə iradəsini bütövlükdə reallaşdırmaq sahəsində bütün lazımi qanunvericilik və praktiki addımları həyata keçirəcəyik və bu ilki prezident seçkiləri Azərbaycan tarixinin bəlli mərhələsinə qovuşacaqdır.
- Hakimiyyət tərəfindən bir az arxayın, soyuqqanlı, rahat seçki kampaniyasının indiyədək şahidi olmamışam. Bunun səbəbləri nədir?
- Arxayın seçki kampaniyasının bir neçə səbəbləri var. Əvvəla onu deyim ki, biz artıq müəyyən təcrübə toplamışıq. Bu 5-ci prezident seçkiləridir. Və bunun üstünə gəl 4 parlament seçkiləri, təxminən bir neçə də bələdiyyə seçkiləri. Artıq Azərbaycanda seçki təcrübəsi formalaşıbdır. Həm seçki inustitutları formalaşıblar, həm icra strukturları, digər inzibati hakimiyyət strukturları onlara aid olan vəzifələri mənimsəyiblər və faktiki olaraq bu sahə üzrə peşəkarlaşıblar. Digər tərəfdən əlbəttə bu təcrübə ilə yanaşı Azərbaycanın inkişafı da öz rolunu oynayır.
Azərbaycan inkişaf etdikcə vətəndaşların seçib-seçilmək vərdişləri də müəyyən qədər təkmilləşib, püxtələşib. Faktiki olaraq Azərbaycan seçicisi bu gün 1995, 1998, 2000-ci illərdə olduğu kimi namizədlərin görüşünə belə böyük həvəslə qatılmırlar. Nəyə görə, çünki artıq bu namizədləri tanıyırlar. Azərbaycan seçicisinin özünəməxsus dəyərlər sistemi formalaşıb. Kimə və niyə səs verdiyinin artıq fərqindədir. Bu fərq də ondan irəli gəlir ki, keçən 20 illik müddətdə seçici prezidentliyə namizədlərin və onların təmsil etdiyi partiyalarla, düşərgələrlə faktiki olaraq yaxından tanışdır. Çünki indi informasiya əsridir. Və informasiya əsrində bir namizədin platforması ilə tanış olmaq üçün, dövlətin gələcək inkişafı ilə bağlı nəyə qadir olduğunu bilmək üçün onunla görüşə getmək o qədər də vacib deyil. Gündəlik informasiya vasitələrindən, elektron və print media vasitələrindən onun platforması ilə tanış olmaq mümkündür.
Beləliklə, faktiki olaraq bu sakitliyin səbəbi həm də insanların informasiya texnoloqiyalarının verdiyi imkanlardan istifadə edərək öz seçimlərini etmək imkanlarının yaranmasıdır. Və faktiki olaraq həm də Azərbaycanın bu günki təcrübəsi, inkişafı, əhalinin sabit elektoratının formalaşması ona gətirib çıxarır ki seçkilər belə rahat gedir. Düşünürük ki, seçki günü də belə rahat yekunlaşacaq.
- Son zamanlar belə bir məlumatın da şahidi oluruq ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların, xüsusilə seçki mövzusunda, rəylərini nəzərə almır. Belə bir məlumatlar həqiqətə uyğundurmu?
- Düşünürəm ki, bu informasiyalar doğru deyil. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların rəylərini, tövsiyyələrini, onlarla birgə fəaliyyət zamanı ortaya çıxan təklifləri diqqətlə dinləyir və onların Azərbaycan dövlətinə, onun maraqlarına, Azərbaycan xalqının maraqlarına müsbət təsir göstərən bütün təklifləri nəzərə alır. Amma Azərbaycan müstəqil bir dövlətdir. Bu dövlətin təməlində Azərbaycan xalqı durur. Bu dövlət ona görə Azərbaycan xalqı tərəfindən qurulub ki, ilk növbədə Azərbaycan xalqının maraqlarını ifadə etsin, onun maraqlarına cavab versin. Biz beynəlxalq təşkilatlarla da, dünya ilə də ona görə əlaqələrə giririk ki, bu maraqları tam ifadə edə bilək. Yəni, beynəlxalq təşkilatlarla əlaqəyə girmək, onlarla ünsiyyət qurmaq bir vasitədir. Əlbəttə heç kim bizə iradəsini diktə edə bilməz, nə beynəlxalq təşkilatlar, nə qonşu dövlətlər. Amma eyni zamanda Azərbaycan bir dövlət olaraq beynəlxalq aləmin, beynəlxalq ictimaiyyətin, dünya hüququnun bir subyekti olaraq beynəlxalq aləmdən təcrid olunmuş şəkildə siyasət yürütmür. Biz ATƏT-lə də, Avropa Şurası ilə də, Avropa İttifaqı ilə də, üzv olduğumuz İslam Konfransı Təşkilatı, digər regional və beynəlxalq təşkilatlarla daim və konstruktiv əməkdaşlıq edirik. Biz dünya siyasətində böyük-kiçik anlayışını qəbul etmirik. İkili standartları da qəbul etmirik. Bunlara qarçı davamlı olaraq öz səsimizi qaldırırıq. Amma bu o demək deyil ki, biz beynəlxalq təşkilatların rəylərini nəzərə almırıq.