Nəcəf Novruzov: "Dünənin, bugünün və gələcəyin partiyası olan YAP-ın namizədi Cənab İlham Əliyevin prezident seçkilərində qələbəsi şübhəsizdir"
Müsahibimiz Bakı şəhər Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü Nəcəf Novruzovdur:
-Nəcəf müəllim, ölkəmizdə keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərin bu prosesdə yerini və rolunu ümumilkdə necə dəyərləndirirsiniz?
-1992-ci ildə yaranan ölkənin, eləcə də regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin böyük çoxluq təşkil etməsi Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısının nəticəsidir. YAP-ın 2-ci qurultayında çıxışı zamanı Ümummilli Lider "gərək bu partiyada gənclərin sayı daha çox olsun" deyə bildirmişdi. Partiyanın gələcəyinə böyük inamla yanaşan Ulu Öndər həmçinin onu da qeyd etmişdi ki, həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Dahi Şəxsiyyətin əsasını qoyduğu uğurlu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Onun nəticəsidir ki, bu gün YAP-ın 600 min üzvünün 40 faizini gənclər təşkil edir. Biz YAP-ın gəncləri olaraq düzgün, doğru yolla getməyi və partiyamıza sadiq olmağı özümüzə amal seçmişik. Ölkənin iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrində gənclər fəal iştirak edir, eyni zamanda bütün proseslərdə öz mövqelərini sərgələyirlər. Gənclər nəinki bu proseslərin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələridirlər. Ölkəmizdə keçiriləcək prezident seçkisi ərəfəsində partiya sıralarında birləşən gənclər YAP-ın seçki qərargahlarının işində fəal iştirak etməklə, partiya tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin fəal təbliğatçısı olmaqla, seçki proqramının uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilirlər. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində istər paytaxtda, istərsə də bölgələrdə partiyanın Gənclər Birliyinin rayon təşkilatlarının nümayəndələri mütəmadi olaraq gənclərlə görüşlər keçirərək maraqlı müzakirələr aparırlar. YAP-nın gəncləri olaraq bizim məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqdır. Dünənin, bugünün və gələcəyin partiyası olan YAP-ın namizədi Cənab İlham Əliyevin prezident seçkilərində qələbəsi şübhəsizdir.
-Sizcə Azərbaycan gəncliyi niyə məhz yenidən Cənab İlham Əliyevin Prezident seçilməsində israrlıdır?
-Çünki Azərbaycan gəncləri Cənab Prezidentin onlara göstərdiyi xüsusi diqqət və qayğıdan çox məmnundular. 21 illik müstəqillik tarixmizdə ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsi, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında təmsil olunması və 2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərə diqqət və qayğının dövlətin siyasətində prioritet məsələ olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da gənclərlə bağlı müddəanın öz əksini tapması, bu sənədə uyğun olaraq 2013-2023-cü illər üçün Dövlət Proqramının hazırlanmasının zəruriliyi də gənclərə diqqət və qayğının təzahürüdür. Tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Məhz, görülən bu işlərin nəticəsi olaraq da Azərbaycan gəncləri Cənab İlham Əliyevin ətrafında sıx birləşiblər.
- Azərbaycan gəncləri ictimai siyasi proseslərdə fəal iştirak edə bilirlərmi?
-Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Son 10 ildə gənclərə ayrılmış büdcə 100 dəfə artırılaraq, 25 milyon manat təşkil edib. Gənclər təşkilatlarının sayı 51-dən 250-yə çatıb ki, onların da təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq, layihələrinin qismən maliyyələşdirilməsi üçün 71-nə 1 milyon 500 min manat məbləğində qrant ayrılıb. Gənclər təşkilatlarının əhatə etdikləri məsələlər də öz növbəsində kifayət qədər genişdir. Belə ki, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və sair kifayət qədər aktual məsələlər bu təşkilatların həyata keçirtdiyi əsas istiqamətlərdəndir. Bu gün ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.
İntizarə Məmmədova