PDF Oxu

Müsahibə

  • 1 708

Azərbaycan demokratik inkişafının yeni mərhələsindədir

Azərbaycan demokratik inkişafının yeni mərhələsindədir

Seçkilərin şəffaf və ədalətli keçirilməsini xarici və yerli müşahidəçilər də etiraf etdilər

Məlum olduğu kimi, oktyabr ayının 9-da Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Azərbaycan Mərkəzi Seçki Komissiyasının 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə ilkin nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,55 faiz (3 126 612 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib. Əlbəttə ki, xalq Cənab İlham Əliyevə səs verməklə real praqmatik düşüncəyə malik olduğunu nümayiş etdirdi. Çünki ölkəmizin bütün bölgələrinin inkişafı göz qabağındadır və bu mənada Azərbaycan xalqının mifik planlara inanması qeyri-mümkün idi. Bir sözlə, Azərbaycan xalqı iradəsini ortaya qoydu və Prezidentini seçdi. Təbii ki, bütün parametrlər üzrə götürdükdə, seçkilər şəffaflığı və demokratikliyilə xalqın iradəsini əks etdirdi. Elə bu faktı Azərbaycanda seçkiləri izləmiş xarici və yerli müşahidəçilər də etiraf etdilər.

Xarici müşahidəçilər razıdırlar

Belə ki, Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatlarının konfrans sədri Qustavo Karvajal Moreno deyib ki, Azərbaycanda xüsusilə barmaqlara mürəkkəb vurulması təcrübəsini alqışlayıram: "Müşahidələrim zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişəm. Qadınların seçki prosesində fəallığı da bizim diqqətimizi cəlb etdi". Dağıstan Xalq Məclisinin sədr müavini İsakov Seyfulah Beydullahoviç də hər-hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib.

Seçkini izləyənlər arasında olan ATƏT-in çoxsaylı təmsilçiləri paytaxtla yanaşı bölgələrdəki prosesin gedişini dəyərləndiriblər. Smirnov Vilyam (Rusiya), Yeva Kristin Urestat Pedersin (İngiltərə) səsvermənin gedişini izləyərək, prosesdən razılıqlarını ifadə ediblər.

ATƏT-in digər qısamüddətli müşahidəçiləri Silja Gunnarsdoltirin (İslandiya), Heck Bernhardın (Almaniya) fikrincə proses normal keçib. ATƏT-in Çexiyadan olan nümayəndələri Zeman Robert, Rusiyadan Axtarayev Timur və Drukin Mitri, Almaniyadan Rocky Helmud, Böyük Britaniyadan Adam Bruk və Çaver Evans, Qazaxıstandan Kuttımurat-Ulı Əlimuhamməd, Aman-Turlina Tamara Uteqenovna və Ernar Baspayev seçki məntəqələrində müşahidələr apardıqlarını və seçki prosesində hər hansı qanun pozuntusu aşkarlamadıqlarını bildiriblər.

Amerika səfirliyindən seçkiyə diqqət Amerikanın ölkəmizdəki səfirliyinin də seçki prosesinə diqqəti böyük olub. Səfirliyin nümayəndələri Dotokumaşe Desilva, Qarsiya Juan Karlos seçki fəallığından razılıqlarını bildiriblər. Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı da seçki prosesinin izləyənlər arasında olub. Səsvermənin gedişi ilə tanış olan xanım Morninqstar məntəqədəki yerli müşahidəçilərlə fikir mübadiləsi aparıb.

MDB-dən olan müşahidəçilər Nikiyev Vadim Nikolayeviç, Varapayev Viktor Aleksandroviç, Maqdunov Vladimir İqoroviç də seçkini izləyənlər arasında olub. Müşahidəçilərin sözlərinə görə, seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməyib.

Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyətinin rəhbəri Yaroslav Palasın da fikrincə, seçkilər yüksək səviyyədə təşkil olunub. Seçki ilə bağlı rəyini açıqlayan Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək. Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu vurğulayıb və seçkilərin demokratik keçirildiyini bildirib: "Mən bu gün yüzdən çox insanla danışdım. Düşünürəm ki, Azərbaycan prezidentini artıq təbrik etmək olar".

Azərbaycanda prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun fikrincə, nəticələr seçicilərin iradəsini əks etdirir. Qrup nümayəndələrinin seçki ilə bağlı rəyinə əsasən, müşahidələr seçkinin demokratik keçdiyini söyləməyə əsas verir.

Estoniya təmsilçisi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: "Biz burada qısamüddətli missiya üçün gəlmişdik və ancaq seçki gününü müşahidə etdik. Müşahidələrimizdən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib".

Avstriya Parlamentinin deputatı Gerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini vurğulayıb: "Mən hər hansı bir zorakılıq halına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik". Qrupun üzvü Nikolas Qriffin də müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım, lakin tapa bilmədim. Seçkilər azad və demokratik şəkildə keçirildi".

Qrupun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyərək qeyd edib ki, vəziyyət heç də Bakıdakından fərqli olmayıb: "Seçki ardıcıllığı və qanunlara riayət olunması yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni sevindirdi. Onlar çox fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir".

Almaniyalı müşahidəçilərdən razılıq bəyanatı Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmiş Almaniyanın seçkiləri müşahidə qrupunun rəhbəri Eduard Lintner seçkidən razı qaldığını bildirib. Deyib ki, heyətin bütün üzvləri müşahidə aparmaq üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri diqqətlə müşahidə ediblər: "10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Seçkiqabağı müddətdə namizədlər təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabər efir vaxtı ilə təmin olunub. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və təşviqat aparmaq imkanları var idi. Seçki məntəqələrində və ətrafında demokratik seçki qaydalarının ciddi pozulması halları baş verməyib. Seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səs vermənin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst, əsas demokratik qaydalara uyğun keçdiyinə əmindirlər". Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib: "Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb".

GUAM müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili isə müşahidələrin nəticəsi ilə bağlı qeyd edib ki, 35 seçki məntəqəsində müşahidələrə əsasən, seçkilər beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına uyğun keçirilib: "GUAM seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etməyib. Seçkiləri azad və ədalətli kimi dəyərləndirmək olar".

Müxalifətin müşahidəçilərinin iradı yoxdur

Beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilər də seçki prosesinin gedişini müsbət qiymətləndiriblər. AXCP-dən olan Tofiq Hüseynov və Sahib Rüstəmov heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildiriblər. Onlar seçkinin gedişindən razılıqlarını ifadə ediblər: "Seçicilər çox fəaldır, hələlik heç bir qanun pozuntusu baş verməyib. Seçkidə belə fəallığı ilk dəfədir ki, görürük". Pezidentliyə namizəd Araz Əlizadənin nümayəndəsi Günay Süleymanova seçkilərin şəffaf keçirildiyini bildirib: "Seçki başlayandan prosesi müşahidə edirəm. Seçki prosesi tam normal gedir". Heç bir qayda pozuntusu qeydə alınmayıb. Müsavat Partiyasının nümayəndələri Fərhad Abbasov və Elnur Babayev heç bir qayda pozuntusuna rast gəlmədiklərini bildiriblər. ADP sədri Sərdar Cəlaloğlunun nümayəndəsi Tələt Qəribov da prosesin gedişi ilə bağlı heç bir irad bildirməyib: "Prosesin gedişi ilə bağlı heç bir iradım yoxdur". Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi səs hüquqlu nümayəndəsi Dilarə Babayeva da seçki prosesində problem müşahidə olunmadığını söyləyib.

Demokratik inkişafın yeni mərhələsi...

Göründüyü kimi, Azərbaycanda keçirilmiş prezident seçkiləri son dərəcədə yüksək seçici fəallığı, şəffaf və ədalətli şəkildə baş tutdu. Bunu həm xarici, həm də yerli müşahidəçilər etiraf etdilər. Seçkilərin yüksək səviyyədə təşkilindən tutmuş, namizədlərin sərbəst şəkildə fəaliyyətinə qədər bütün detalların nəzərə alınması Azərbaycanın demokratik inkişaf yolu tutduğunu isbatlayır. Bununla da, bir daha isbatlandı ki, Azərbaycan xalqı müdrik və rasional təfəkkürlü xalqdır, öz seçimini azad şəkildə etməyi bacarır. Təbii ki, yüksək demokratik inkişafın göstərici olan bu faktor Azərbaycanda da özünü nümayiş etdirdi. 9 oktyabr prezident seçkiləri, eyni zamanda, Azərbaycan xalqının daha yaxşı yaşamaq istəyini ifadə etdi. Bütün faktları ümumiləşdirməklə demək olar ki, artıq Azərbaycan sosial-iqtisadi, siyasi-hüquqi və demokratik inkişafın yeni mərhələsinə qədəm qoyur. Düşünürük ki, bu etapda artıq gənc Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatmış olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər