PDF Oxu

Müsahibə

  • 1 336

“Minsk qrupunun fəaliyyəti ilə bağlı indiki format və həmsədrlik institutu dəyişdirilməlidir”

“Minsk qrupunun fəaliyyəti ilə bağlı indiki format və həmsədrlik institutu dəyişdirilməlidir”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.Az-a müsahibəsi:

-Son günlər bir sıra mətbu orqanlarda Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun iqtidarı çətin duruma salması barədə məlumatlar yazılır. Hətta, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlının da Elxan Süleymanova etirazını bildirməsi qeyd olunur. Yazılanlara münasibətiniz necədir?

-Mübariz Qurbanlı tamam başqa fikir söyləyib. O deyib ki, hər hansı təşkilatdan çıxmaq parlamentin qərarı ilə mümkün ola bilər. Bu məsələyə isə hər bir deputat fərdi şəkildə öz mövqeyini bildirə və təklifini edə bilər. Hər deputatın da qanunvericilik təşəbbüsü ilə çıxış etməyə və fikir söyləməyə hüququ var. İstənilən deputat istənilən ölkə və ya qurumla bağlı fikir bildirə bilər. Bunun məsuliyyətini də hər bir deputat özü daşıyır. Bizim daxili nizamnaməyə görə qərarı ancaq parlament qəbul edir. Burada heç şişirdiləsi məsələ də yoxdur.

-BMT-nin toplaşma və birləşmə üzrə xüsusi məruzəçisi Maina Kiai "Qardian" qəzetində məqalə yazıb. BMT məruzəçisi yazısında 9 oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkisinə də toxunub. O, Azərbaycandakı seçkini Kamboca və Zimbabve ilə müqayisə edib. Buna münasibətinizi bilmək istərdik...

-Hər bir adamın ağılı nəyi kəsirsə, onu da deyir. Bir də görürsən ki, Azərbaycanı xəritədə belə göstərə bilməyən adamlar Azərbaycan haqqında fikirlər söyləyir. Bu cür ağ və qara adamlar elə gülünc fikirlər söyləyirlər ki, adam baxıb gülür. Bu cür adamlar erməni lobbisi və ayrı-ayrı dairələr tərəfindən ələ alınmış insanlardır. Amma bütün bunların Azərbaycanda keçirilmiş prezident seçkilərinə heç bir aidiyyatı ola bilməz. Seçki artıq arxada qalıb və bu məsələ bitib. Azərbaycan xalqı gəlib öz namizədini səsini verdi və prezidentini seçdi. Bununla da seçki mövzusu bitdi. Bundan sonra da bu məsələ haqda kim nə deyəcəksə, bunun heç bir əhəmiyyəti olmayacaq. Artıq biz gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırıq. Gələn ilin əvvəlində Yeni Azərbaycan Partiyası növbəti seçkilərə hazırlıqla bağlı planı təsdiq edəcək.

-Parlamentdə tez-tez ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə baölı təkliflər səslənir. Məsələyəı YAP-ın yanaşması necədir?

-ATƏT-in Minsk qrupu uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə məşğul olsa da, ancaq ötən 20 il müddətində ortaya heç bir konkret təklif qoyulmayıb. Vəziyyət gərginləşən zaman bunlar deyir ki, gedin özünüz razılıq əldə edin. Əgər biz özümüz razılıq əldə edəcəyiksə, o zaman siz nə üçünsünüz? Nə üçün ayda bir dəfə turist səfərləri edirsiniz? Dağlıq Qarabağ münaqişəsinin həllinə 3 böyük dövlət cavabdehlik daşıyır. Ancaq 20 ildir ki, bu məsələ həll olunmayıb. Artıq 21 ildir ki, münaqişənin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur. Lakin bunlar həyata keçirilmir. Ancaq BMT İraq, Əfqanıstan və digər ölkələrlə bağlı qətnamə qəbul edəndə, bu, qərarın heç mürəkkəbi qurumadan həyata keçirilir. Amma Azərbaycanla bağlı məsələyə gəldikdə isə bunun həlli mexanizmi də gizlədilir. Bunlar münaqişənin ardıcıl həlli mexanizmini göstərməyib, ancaq deklarativ qərar qəbul edilib. Ona görə də indiyədək BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Mən hesab edirəm ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı indiki format və həmsədrlik institutu dəyişdirilməlidir. Yəni, bu təşkilat münaqişənin sülh yolu ilə həllinin öhdəsindən gələ bilmirsə, o zaman onlar geri çəkilməlidir və digər təşkilatlar bu məsələ ilə məşğul olmalıdır. Hakim partiyanın da istəyi odur ki, Minsk qrupunun tərkibi dəyişsin və orada Türkiyə və digər həmsədr ölkələr yer alsın. Heç olmasa burada rotasiya olmalıdır. Başqa vaxt deyirlər ki, seçkili orqan 2-3 dəfə olmamamlıdır və sairə. Ancaq özləri 20 ildir ki, bir məsələni nə həll edə bilmirlər, nə də geri çəkilmirlər.

-AXCP-Müsavat partiyalarının birləşməsi və Cəmil Həsənlinin bu birliyə lider gətirilməsi barədə fikirlər səslənir. Bu məsələyə hakim partiyanın mövqeyi necədir?

-Milli Şurada olanlar ölü təşkilatlar və siyasi baxımdan ölmüş adamlardır. Artıq bu təşkilatlar və adamlar ölüblər və"Fatihə"si də verilib. Onlara bir rayon mollası lazımdır ki, gəlib oxusun və yola salınsınlar.

Vasif Həsənli

Digər xəbərlər