PDF Oxu

Müsahibə

  • 1 433

Hikmət Babaoğlu: “Avropanın aparıcı ölkələləri bir-birlərinin telefon danışıqlarını dinləyirlər”

Hikmət Babaoğlu: “Avropanın aparıcı ölkələləri bir-birlərinin telefon danışıqlarını dinləyirlər”

"Azərbaycan dövləti tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz qlobal, beynəlxalq əməkdaşlıq platformasına çevrilib"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, artıq III Bakı Beynəlxalq Hümanitar Forumu başa çatıb. Forumun əhəmiyyəti və mahiyyəti haqqında hansı fikirləri söyləmək olar?

- Bilirsiniz, Azərbaycan dövləti tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz qlobal, beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Azərbaycan Respublikasının xarici siyasəti müəyyənləşdirilərkən onun əsas strateji kamponentlərindən birini dövlətimizin yaxşı əməkdaşlıq, rəqabət və dilaoq müstəvisi çərçivəsində inkişafı təşkil edib. Bu gün ölkəmiz həqiqətən də beynəlxalq əməkdaşlıq və dialoq (həm region, həm də dünya üçün) mərkəzinə çevrilib. III Bakı Beynəlxalq Hümanitar Forumunun keçirilməsi isə bu mənada tarixi və əlamətdar bir hadisədir. Əgər biz Forumun gündəliyinə diqqət yetirsək görərik ki, burada təkcə hümanitar deyil, eyni zamanda innovativ, elmi-mədəni və s. sahələrdə də dialoqlar qurulub, fikir mübadiləsi aparılıb. Bununla belə Forumda innovativ elmi istiqamətlər də müzakirə olunurdu. Yəni, gələcəyin elmi hesab olunan innovativ elmlərin ayrı-ayrı sektorları üzrə müxtəlif elmi diskussiyalar, məşvərətlər və məsləhətləşmələr aparılıb. Bu ondan xəbər verir ki, Azərbaycan regionun iqtisadi, siyasi mərkəzi olduğu kimi, həm də mədəni və elmi mərkəzə çevrilməlidir. Cənab Prezident İlham Əliyev Şamaxı məscidinin açılışında belə fikir səsləndirib ki, "Azərbaycan bölgənin, regionun iqtisadi, siyasi lideridir və elmi, mədəni mərkəzə çevrilməlidir". III Bakı Beynəlxalq Hümanitar Forumun keçirilməsi bir daha onu sübut etdi ki, ölkəmiz həqiqətən də bu istiqamətdə böyük addımlar atır. Bütün bunlarla bərabər Forumda müzakirə olunan məsələlər, orada iştirak edən nümayəndələr və onların səsləndirdikləri fikirlər həmin Forumun nüfuzundan, qüdrətindən xəbər verir. Bu Forumda bir neçə beynəlxalq Nobel mükafatı laureatı iştirak edirdi.

III Bakı Beynəlxalq Hümanitar Forumunda cənab Prezident İlham Əliyev çıxış edərək qeyd etdi ki, bu gün dünya siyasətində baş verən hadisələr keyfiyyət və problemlərin həlli baxımından bir o qədər adekvat deyil. Burada dövlət başçısı iki əsas məsələni irəli sürdü. Bunlar hesab edirəm ki, bugünkü siyasi gerçəkliyi təsbit və ifadə edən proqmatik fikirlərdir. Ölkə başçısı dedi ki, bu gün dünyada etimad böhranı yaşanır. Sözün həqiqi mənasında bu belədir. Belə ki, dövlətlərarası münasibətlərdə hər nə qədər rəsmi müqavilələrlə, anlaşmalarla, sazişlərlə tənzimlənən münasibətlər varsa, bir o qədər də qarşılıqlı etimad və etibara söykənən münasibətlər var. Amma təəssüf ki, 2001-ci ildən başlayan yeni siyasi era dövründə bu, beynəlxalq təşkilatlar və dövlətlərarası münasibətlərdəki etimad günü-gündən zəifləməyə başladı. Bu gün həqiqətən də bir etimad böhranı yaşanır. Əgər biz Avropa qitəsinə nəzər salsaq görərik ki, Avropanın aparıcı ölkələləri bir-birlərinin telefon danışıqlarını dinləyirlər. Bu onu göstərir ki, ölkə başçıları, liderləri arasında etimad mühiti yoxdur.

- ATƏT-in Minsk qrupunun regiona səfəri ilə bağlı gözləntiləriniz nədir? Sizcə, bu səfərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa irəliləyişə nail olmaq mümkündürmü?

- ATƏT-in Minsk qrupunun regiona səfəri regional və beynəlxalq siyasətdə baş verən yeni keyfiyyət dəyişiklikləri mərhələsində reallaşır. Bu mənada hesab edirəm ki, həmin səfər özlüyündə pozitiv hadisədir. Yəni, ATƏT-in Minsk qrupu ona görə yaradılıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilsin. Amma bəzi hallarda görürük ki, burada həddindən artıq ləng hərəkət və qərarsızlıq mövcuddur. Bütün bunlara rəğmən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların və ya həmsədr ölkələrin özlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi siyasətə baxmayaraq Azərbaycanda bu məsələ daimi olaraq gündəlikdə tutulur və dilaoq mühiti yaradılır. Hesab edirəm ki, 9 oktyabr ölkəmizdə keçirilən prezident seçkilərindən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri, danışıqlara yeni dinamizm gətirəcək. Biz buna çox böyük ümid edirik. Lakin radikal dəyişikliklərin olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Amma hər bir halda atılan addım hesab edirik ki, bu problemin həllinə yardım göstərir. Dəfələrlə ölkə rəsmiləri də bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Hesab edirəm ki, bu səfəri zəruri edən baş bir amil də mövcuddur. 2013-cü il ölkəmizdə keçirilən 9 oktyabr prezident seçkilərindən sonra Azərbaycan buradan qalibiyyət əldə edərək çıxdı. Ölkə hakimiyyətinin leqitimliyinin nə qədər dərin və əsaslı olduğunu hamı gördü. Amma bütün bunlar danılmaz faktdır ki, bəzi qərb dairələrini narahat etməyə başladı. Bu gün dünyada qlobalistlər, neoimperialistlər və dünya siyasətini müəyyənləşdirən hegemon güclər, əksər hallarda ayrı-ayrı ölkələrdə liderlə vətəndaş arasında və yaxud rəsmi prezidentlə vətəndaşlar arasında inamsızlıq mühiti formalaşdırmaqla cəmiyyətdə xaos yaradırlar. Bununla da dövlətin, millətin milli maraqları arxa cəbhəyə, xarici dairələrin maraqları isə əksinə önə keçir. Şübhəsiz ki, ölkəmizdə də bununla bağlı müəyyən planlar var idi. Amma 9 oktyabr seçkilərindən sonra xalqın öz liderini yenidən dəstəkləməsi və ona inanması, beynəlxalq təşkilatları məcbur etdi ki, onlar ölkəmizə münasibətdə öz mövqelərində korrektələr etməlidirlər.

- Erməni seperatçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf kimi çıxış etmək iddiasındadırlar. Siz bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, bu yeni məsələ deyil. Dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bu məsələlər mütəmadi olaraq irəli sürülüb və heç bir effekti olmayıb. Hesab edirəm ki, Ermənistan tərəfinin köhnə məsələləri yenidən siyasi gündəliyə gətirməsi heç də məqbul deyil. Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı deyib ki, icma kimi Dağlıq Qarabağın erməni və Azərbaycan icması müşahidəçi statusunda bu prosesdə iştirak edə bilər. Hamı bilir ki, Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistan tərəfi bütün silahlı qüvvələri ilə birbaşa iştirak edib. Hələ biz onların xaricdən aldıqları yardımlar barəsində danışmaq istəmirik. Bu kimi məsələlər sadəcə olaraq siyasi gündəlikdə manipulyasiya etməyə hesablanıb. Əgər doğirdan da ATƏT-in Minsk qrupunun həməsdərləri bu danışıqlarda irəliləyişin əldə olunmasını istəyirlərsə, heç şübhəsiz ki ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın işğalçı ordusunun çəkilməsi ön planda olmalıdır. Hesab edirəm ki, əsas bu məsələ müzakirə olunmalıdır.

- Son olaraq, Azərbaycan BMT TŞ-da qeyri-daimi üzvülük müddəti başa çatıb. Ölkəmizin Şuraya üzv olduğu müddətdə hansı uğurlu nailiyyətlər əldə olunub?

- Azərbaycan BMT TŞ-da qeyri-daimi üzv kimi gündəlikdə ilk növbədə aktual məsələləri yadda saxlamağa çalışdı. Eyni zamanda müsəlman Şərqi ilə bağlı problemləri aktuallaşdıraraq, BMT TŞ-nın gündəliyinə təqdim etdi. Hesab edirəm ki, bu, kifayət qədər ciddi bir məsələ oldu və unutdurulmağa çalışılan problemlərə işıq tutdu. Azərbaycan bu müddət ərzində tərəfsiz olaraq sözün həqiqi mənasında beynəlxalq münasibətlərin real mənzərəsinə uyğun olaraq təhlükəsziliyi təhdid edən ən aktual məsələlərlə məşğul oldu. Bu həmçinin ölkəmizin beynəlxalq imici və xarici siyasəti baxımından dünyaya kifayət qədər lazımlı ismarıclar verə bildi.

sia.az

Digər xəbərlər