"Ölkəmizin BMT TŞ-da tutduğu ədalətli mövqe və apardığı iş bir daha onu göstərir ki, Azərbaycanın tutduğu yol haqq yoludur"
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Hümanitar Forumu başa çatdı. Yekun olaraq Forumun əhəmiyyəti və mahiyyəti haqqında nələri demək olar?
- Hesab edirəm ki, bu Forumun keçirilməsi ölkəmiz üçün çox mühüm bir hadisə idi. Forumun özülü də məhz Azərbaycan tərəfindən (Heydər Əliyev Fondunun təşəbbüsü ilə) qoyulub. Bu Forum da digər forumlar kimi yüksək səviyyədə keçirildi. Forumun əhəmiyyəti dinlərarası, təriqətlərarası, mədəniyyətlərarası, ölkələrarası və dövlətlərarası qarşılıqlı dostluq münasibətlərinə, eləcə də fikir mübadiləsinin aparılması prinsiplərinə dayanırdı. Burada bir çox ölkələrin keçmiş dövlət başçıları, tanınmış ictimai-siyasi xadimlər, o cümlədən elm xadimləri, ayrı-ayrı dini qurumların iştirakı da Forumun əhəmiyyətinin yüksək səviyyədə olunmasından xəbər verirdi. Burada müzakirə olunan məsələlər, aparılan söhbətlər və ikitərəfli münasibətlər həm ölkəmiz, həm dövlətimiz, həm də xalqımız üçün vacib olan elementlərdən biridir. Eləcə də həmin Forumda cənab Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizlə bağlı həqiqətlər bütün dünya ölkələrinin diqqətinə bir daha çatdırıldı və bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər qəbul olundu. Hesab edirəm ki, bu proses çox əhəmiyyətli bir işdir. İnanırıq ki, bu gələcəkdə də yüksək səviyyədə davam etdiriləcək.
- Prezident İlham Əliyev Forum çərçivəsində etdiyi çıxışında dünya dövlətləri arasında etimad mühitinin olmadığını və bununla bağlı ciddi böhranın yarandığı da diqqətə çatdırdı.
- Hesab edirəm ki, dövlətlərarası etimadın olmaması 21-ci əsrin ən böyük problemlərindən biridir. Təbii ki, bu da ümumilikdə qarşılıqli münasibətlərin pozulmasına və xalqlar, təriqətlər, mədəniyyətlər arasında arasında soyuqlaşmaya gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, hər bir dövlətin digər dövlətə qarşı etimadı olmalıdır ki, məhz bu etimadın nəticəsində həm qarşılıqlı iqtisadi-siyasi, həm də elmi əlaqələrin və s. fonunda inkişaf yaransın. Bu olmadığı təqdirdə isə iqtisadi münasibətlər pozulur və iş adamları bura investisiya qoymaq fikrindən yayınır. Hesab edirəm ki, bu, dünyanın ən vacib problemlərindən biridir. Məlumdur ki, dünyada bəzi dövlətlər özlərini hegemon kimi aparır. Həmin bu dövlətlər digərlərinə etinasız yanaşmağa başlayırlar. Amma onlar düşünmür ki, hər bir dövlət dünya birliyində bərabərhüquqlu statusa malikdir. Yəni, BMT-nin üzvü olan dövlətlərin hamısı böyük və kiçikliyindən asılı olmayaraq eyni hüquqa malikdir. Təbii ki, hər kəsin də bir səsvermə hüququ vardır. Təəssüflər olsun ki, hələ də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı BMT tərəfindən qəbul olunan 4 qətnamə bu günə kimi yerinə yetirilməyib. Lakin başqa-başqa ölkələr haqqında verilən qərar dərhal həyata keçirilir. Hətta ayrı-ayrı Avropa strukturları və qurumlarında erməni lobbisinin təsiri və təzyiqi ilə ədalətsiz qərarlar (Azərbaycana və digər dövlətlərə qarşı) qəbul olunur. Məsələn, Türkiyə Cümhuriyyəti Avropa İttifaqına üzv olmaqdan ötrü neçə illərdir ki, müabrizə aparır, lakin bu günə kimi də onu İttifaqa üzvülüyü qəbul olunmayıb. Türkiyə dövləti Avropa Şurasının yaranmasında ilk imza atan ölkələrdən biridir. Amma bu günədək onun üzərindən monitorinq götürülməyib. Bu da təbii ki, sonda qarşılıqlı etimadın olmamasına gətirib çıxarır.
- Azərbaycan vahid Gömrük İttifaqına daxil olarsa, bu ölkəmizə nələri verə bilər?
- Birincisi, bu çox çətin məsələdir. Çətinliyi isə odur ki, əgər Azərbaycan vahid Gömrük İttifaqına daxil olarsa, orada olan ölkələr arasında (Orta Asiya, Belarusiya, Rusiya və s.) geniş sfera meydana gəlir. Bunun siyasi tərəfi odur ki, bu gün Ermənistan tərəfi Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. Dövlətimizin işğalçı ölkə ilə eyni səviyyədə Gömrük İttifaqında daxil olması o deməkdir ki, idxal olunan bütün yüklər (sərnişinlər və s.) sərbəst şəkildə Azərbaycanın ərazisindən Ermənistana daşınacaq. Halbuki bizim qarşı tərəflə heç bir iqtisadi əlaqələrimiz mövcud deyil. Hətta bununla bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarusiya prezidenti Aleksandr Lukaşenko qeyd ediblər ki, mövcud durumda Azərbaycanla Ermənistanın vahid Gömrük İttifaqına daxil olması mümkün deyil. Bu, o halda baş verə bilər ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin və ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Təbii ki, bundan sonra Azərbaycan bu kimi beynəlxalq qurumlarda iştirak edə bilər.
- ATƏT-in Minsk qrupu həmsdərlərinin regiona səfəri ilə bağlı gözləntiləriniz nədir? Sizcə, bu səfərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa irəliləyişə nail olmaq mümkündürmü?
- ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib. Bu açıq şəkildə də bəllidir ki, həmsdərlər burada heç bir addım atmayacaq. Biz təhlil edərkən belə görürük ki, ən böyük erməni diasporu Fransada fəaliyyətdə olan erməni diasporudur. Məlumdur ki, Fransa parlamentində də ermənilərin xeyli nümayəndəsi var. O cümlədən Fransa dövlətinə qarşı Ermənistanın təsiri daha çoxdur. Hətta Fransanın keçmiş prezidenti işğalçı ölkəni özlərinin bacısı adlandırıb. Bilirsiniz ki, Amerikada (ABŞ) Böyük Ermənistan diasporu fəaliyyətdədir. Onlar Konqresə mütəmadi olaraq təsir göstərir. Təbii ki, belə olan təqdirdə onlar həmsədlərə də müəyyən mənada təsir göstərəcəklər. Üçüncü həmsədr ölkə Rusiyadır ki, bildiyiniz kimi də Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hətta bu yaxınlarda həmin hərbi bazanın komandiri öz səlahiyyətlərinə aid olmayan bəyanat verdi. Məhz bununla əlaqədar olaraq da Azərbaycan Müdafiə Nazirliyi həmsədrlərə məsələ ilə bağlı izahat verilməsini tələb etdi. Ermənistan Rusiyanın for-postudur. Ümumilikdə götürdükdə həmsədrlik məsələsi gərək üç ildən bir ratasiya olunsun. Hətta dünyanın özündə də belə bir praktika mövcuddur. Hesab edirəm ki, artıq onları əvəzləyəcək başqa dövlətlər bu işlə məşğul olmalıdır. Bunların regiona səfəri sadəcə olaraq turistik səfərə hesablanıb.
- Gürcüstanda yeni hakimiyyət dəyişiklikləri baş tutdu. Yeni seçilmiş prezident Georgi Marqvelaşvilinin rəhbərlik etdiyi hakimiyyətlə Azərbaycan arasındakı gələcək münasibətləri necə xarakterizə etmək olar?
- Düşünmürəm ki, burada hər hansı ciddi bir dəyişikliklər olsun. Gürcüstanla Azərbaycan arasında çox güclü iqtisadi münasibətlər mövcuddur. Gürcüstana bütün həlledici məqamlarda Azərbaycan dövləti, hakimiyyəti, xalqı hər zaman dəstək olub. Təbii ki, bunu bütün gürcü xalqı və cəmiyyəti də bilir. Bu mənada hesab edirəm ki, gürcü cəmiyyətinin iradəsindən kənar orada hər hansı bir addım atıla bilməz. Beləcə, bu münasibətlər bundan sonra da olduğu kimi davam edəcək.
- Son olaraq, Azərbaycan BMT TŞ-da qeyri-daimi üzvülük müddəti başa çatıb. Ölkəmizin Şuraya üzv olduğu müddətdə hansı uğurlu nailiyyətlər əldə olunub?
- Birincisi, 155 dövlətin səsi ilə Azərbaycanın BMT TŞ-ya üzv seçilməsi ölkəmiz üçün ən böyük uğurlardan biri idi. Bildiyiniz kimi BMT-yə 200-ə yaxın dövlət daxildir. Bu onu göstərir ki, Azərbaycanın xarici siyasəti çox uğurlu şəkildə aparılıb. Dünya ölkələrində artıq Azərbaycan ciddi dövlət kimi tanınır. Ölkəmizin istər iqtisadi inkişafı, istər dövlətimizdə aparılan demokratik islahatlar, istərsə də digər məsələlər onu göstərir ki, Azərbaycan nüfuzlu bir dövlətdir. Ölkəmizin burada tutduğu ədalətli mövqe və apardığı iş bir daha onu göstərir ki, Azərbaycanın tutduğu yol haqq yoludur.
sia.az