"Növbəti görüş Dağlıq Qarabağ düyününün açılmasında hər hansı bir həll edici rol oynamayacaq"
SİA politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edir:
- Noyabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyişin olacağı ehtimalı varmı?
- Düşünürəm ki, bu da növbəti görüşlərdən biri olacaq. Çünki bütün hallarda Ermənistan hazırda çox aqresiv mövqe nümayiş etdirir. Məsələ ondan ibarətdir ki, Ermənistanın dövlət siyasətini Serj Sarkisyan yox, kənar qüvvələr idarə edirlər. Yəni, orada bir qrup oliqarx hakimiyyətdədir. Onlar da sadəcə öz mövqelərini qorumaqla məşğuldurlar. Burada Dağlıq Qarabağ planı olduğuna görə çalışırlar ki, bu məsələ daha uzansın. Əslində, Azərbaycan tərəfi həddindən artıq konstruktiv, eləcə də kəskin mövqe tutduğundan Ermənistan da çıxılmaz vəziyyətdə qalıb. Digər tərəfdə isə hazırda dünyanın qloballaşma prosesində gedən şərait Ermənistanın xeyrinə deyil. Burada tək Ermənistanın iqtisadiyyatının zəifləməsi deyil, eyni zamanda həmin ölkənin müstəqil dövlət idarə edə bilməməsi əsas məsələdir. Beynəlxalq güclər də Ermənistana bir dövlət kimi arxa çevirə bilmirlər. Bir tərəfdən Qərb Ermənistanı Rusiyadan qopara bilmir, digər tərəfdən isə Rusiya onu Qərblə əlaqələrini tam kəsə bilmir. Buna görə Ermənistan hələlik hər ikisindən yararlanmağa çalışır. Təbii ki, bu da Qərb dövlətlərinə sərf etmir. Bütün bu səbəblərdən də noyabrda olacağı planlaşdırılan görüş elə əvvəlkilər kimi olacaq. Əgər bu görüşdə hər hansı bir çərçivədə saziş imzalanması üçün işçi qrupu yaranacaqsa, o zaman bu kimi məsələ inandırıcı ola bilər. Digər variant isə inandırıcı deyil. Beynəlxalq güclərin ikili standartlar yürütməsi bizə əminlik vermir ki, növbəti görüş Dağlıq Qarabağ münaqişəsi düyününün açılmasında hər hansı bir həlledici rol oynayacaq.
- Avropa Birliyi hər il olduğu kimi bu il də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bir sıra ölkələrə müəyyən məbləğdə vəsait ayırır. Bu il adıçəkilən təşkilat Azərbaycana 30 milyon avro, Ermənistana isə 39 milyon avro məbləğində vəsait ayırıb. Göründüyü kimi qurum Ermənistana Azərbaycandan çox vəsait ayırıb. Bu addımı Avropa Birliyinin növbəti ikili standartı kimi qəbul etməm olarmı?
- Əslində, Azərbaycanın həmin pula ehtiyacı yoxdur. Mahiyyətə baxdıqda, həmin vəsait ölkə əhalisinin sayına görə verilməlidir. Misal üçün Ermənistana 39 verilirsə, o zaman Azərbaycana 50 milyon vəsait ayrılmalıdır. Təbii ki, bizim dilənçi payına ehtiyacımız yoxdur. Lakin burada Qərb dövlətlərinin müəyyən mənada xristian həmrəyliyi var. Düzdür, hazırda Ermənistanın vəziyyəti çox ağırdır. Ancaq bütün hallarda bu kimi hallara yol verilməməlidir. Azərbaycan özü artıq donor dövlətdir. Bu il hələ başa çatmasa da adambaşına düşən ÜDM-yə görə Azərbaycan növbəti həmləni BMT-nin ayırdığı 7900 dolları ötə bilər. Bu da o deməkdir ki, Azərbaycan orta inkişaf edən dövlətlər səviyyəsinə çatıb. Belə bir şəraitdə Avropa dərk etməlidir ki, Azərbaycan öz maraqlarını heç vaxt nəyəsə qurban verməyəcək. Bir faktı bilmək kifayətdir ki, Azərbaycan Ermənistan deyil. Ona görə də belə məsələlərdə mütənasiblik yaratmaq lazımdır. Əgər tərsi olarsa, o zaman ikili yox, çox üzlü standartlardan danışmaq olar.
- Azərbaycan BMT TŞ-nın 2 illik qeyri-daimi üzvü olub. Artıq üzvlük müddətimiz başa çatdı. Bu 2 illik müddət ərzində nə kimi nailiyyətlər qazanılıb?
- İlk öncə onu deyə bilərə ki, keçmiş MDB məkanından bir müsəlman ölkəsi Azərbaycanın həmin qurumda təmsil olunması dövlətimiz üçün böyük uğur idi. İkincisi, Azərbaycan bu 2 il müddətində iki dəfə sədrlik etməklə bir növ dünyaya göstərdi ki, ölkəmiz düşünülmüş xarici siyasət yürütmək bacarığı var. Bununla yanaşı, Azərbaycanın öz maraqlarını qoruya bilən xarici siyasəti var. Üçüncüsü isə Azərbaycan Dağlıq Qarabağ məsələsini, eləcə də BMT TŞ-nın qəbul etdiyi qərarların icra olunmamasını gündəmə gətirməklə bir növ BMT-yə və digər beynəlxalq qurumlara öz etirazını bildirmiş oldu. Bununla yanaşı, Azərbaycan üzvlük müddətində öz nailiyyətlərini də dünyaya çatdırmış oldu. Tək iqtisadi deyil, eləcə də siyasi və digər sahələrdə, xüsusilədə kulturoloji baxımdan dünyaya açıla bildi. Təbii ki, bütün bu məsələlərdə Azərbaycanın BMT TŞ-yə üzv olmağımızında xüsusi rolu olub.
sia.az