Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun SƏS TV- yə müsahibəsi:
- Milli Şuranın ətrafında son vaxtlarda baş verən olaylar, bir-birilərinin əleyhinə yönələn qarşılıqlı ittihamlar haqqında nə deyə bilərsiniz?
- Mən bunun obyektiv səbəbini təşkilatlanma prosesinin pozulmasında görürəm. İstər Milli Şuranın siyasi səhnəyə gəlməsi, istərsə də bu gün öz mövcudluğunu davam etdirməsi, siyasi təşkilatlanma proseslərinə zidd şəkildə həyata keçirilir. Bildiyiniz kimi seçkilərdən öncə Rüstəm İbrahimbəyov tərtib etdiyi siyahı əsasında Milli Şuraya kimlərin üzv olacağını müəyyən edirdi. Bu da Milli Şuranın yalnız Rüstəm İbrahimbəyovun orada fəaliyyət göstərdiyi təqdirdə mövcud olması demək idi. Nəticədə Rüstəm İbrahimbəyov müşahidələrdən də göründüyü kimi, şurada fəaliyyətini azaldaraq dayandırdı. Lakin Milli Şura onun olmadığı təqdirdə belə fəaliyyət göstərdi. Burada ziddiyyətlər də məhz elə, bu dövrdən başladı. Belə ki, Rüstəm İbrahimbəyovun ətrafında birləşən qüvvələr onun buradan uzaqlaşdığını gördükdə, şuranın tərkibindən çıxmağa başladılar. Milli Şuranın bu kimi təhlükə qarşısında qaldıqdan sonra fəaliyyətinin davam etdirilməsinin özü yanlışlıq idi. Digər problem Milli Şuranın hədəfləri ilə bağlıdır. Onlar öncədən müəyyən etmişdilər ki, Milli Şuranın başlıca hədəfi seçkilərdə müxalifəti vahid namizədlə təmin etməkdir. Seçkilər bitdiyinə görə, Milli şurada yeni vəzifələr müəyyən edilməli idi. Lakin belə bir halın baş vermədiyinə görə, onun fəaliyyətinin dayanması şərt idi.
- Rüstəm İbrahimbəyov bəyanat verdi ki, Milli Şuranın sədrinin Əli Kərimli və ya İsa Qəmbər olacağı təqdirdə bu şura tamamı ilə dağılacaq. Sizin fikrinizcə, bu bəyanat İsa Qəmbər və Əli Kərimli ilə Cəmil Həsənlini qarşı-qarşıya qoya bilərmi?
- Qətiyyən, düşünmürəm ki, Cəmil Həsənli Rüstəm İbrahimbəyovun kadrıdır. Çünki o, uzun müddət Əli Kərimlinin müavini olub və Əli Kərimliyə olduqca yaxın fiqurdur. Digər tərəfdən, Cəmil Həsənlinin liderlik qabiliyyəti yoxdur. O, insanları ətrafına birləşdirmək gücünə malik deyil. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun Əli Kərimli və ya İsa Qəmbər haqqında verdiyi bəyanat tamamı ilə doğrudur. Çünki Milli Şuraya daxil olanlar məhz, bitərəf birinin rəhbərlik etməsi şərtini irəli sürüblər. Təbii ki, orada hər hansısa bir siyasi partiyanın nümayəndəsi rəhbərlik edərsə onların irəli sürdükləri şərt pozulmuş olacaq.
- Milli Şuranın bundan sonrakı aqibəti haqda nə deyə bilərsiniz?
- Bizim Milli Şuradan öncə də bir sıra müxalif bloklarımız olub. Bildiyiniz kimi, iki cür proses var. Biri çürümədir, digəri isə ləğvetmə prosesidir. Məhz Milli Şurada bu gün çürümə prosesini yaşayır. Bu səbəbdən də, sözügedən şura qısa müddət ərzində dağılaraq, siyasi səhnədən çıxacaq. Digər tərəfdən Milli Şura ilə İctimai Palata eynilik təşkil edir. Çünki onların hər ikisinin tərkibi eyni insanlardan ibarətdir. Hər ikisinin eyni zamanda fəaliyyət göstərməsi onların potensialını azaldaraq, siyasi səhnədən getməsinə zəmin yaradır. Ona görə də, Əli Kərimli, İsa Qəmbər və oraya daxil olan digər şəxslər Milli Şura və İctimai Palata haqqında qəti qərar qəbul etməlidirlər. İkisindən birinin ləğv olunması barədə qəti şəkildə göstəriş verməlidirlər. Milli Şuranın saxlanacağı təqdirdə onun başlanğıc prinsipləri dəyişdirilməlidir.
- Sizcə, Milli Şuranın dağılması yeni bir qurumun yaranmasına başlanğıc olacaqmı?
- Hesab edirəm ki, siyasi qurumların yaranması, siyasi həyatın ayrı-ayrı mərhələlərindəki öhdəliklərlə bağlıdır. Müəyyən dövrlərdə şəraitə uyğun olaraq, bir sıra müxtəlif qurumların yaranması təbii haldır. Məsələn, 2005-ci ildə biz "Azadlıq" blokunda Müsavat, Xalq Cəbhəsi, ADP ilə birlikdə fəaliyyət göstərirdik. Lakin bugünkü Milli Şuranın tərkibində olan Lalə Şövkət, Eldar Namazov "YES" blokunun tərkibində idi. Bildiyiniz kimi, qarşıdan Bələdiyyə və Parlament seçkiləri gəlir. Bununla əlaqədar müxalifətin fərqli bir mövqe nümayiş etdirməsi qaçılmazdır. Zənnimcə, təşkilatların mövcudluğunu və onların inkişafını süni sürətdə saxlamaq olmaz. Bu yalnız ölkədə baş verən hadisələrin diktəsi altında cərəyan edə bilər. Mən şəxsən bir sadə Azərbaycan vətəndaşı kimi nə Yeni Azərbaycan Partiyasının, nə Müsavatın, nə AXCP-nin, nə də ki Azərbaycan Demokratik Partiyasının dağılmasını istəmirəm. Çünki siyasi partiyalar xalqın təşkilatlanma gücünü nümayiş etdirir. O xalq güclüdür ki, orada mükəmməl təşkilatlanma mövcuddur. Siyasi partiyaların olmadığı cəmiyyətdə Yaxın Şərq hadisələrinin baş verməsi gözləniləndir.
- Sərdar müəllim, istefaları necə qiymətləndirirsiniz?
- Təbii ki, istefa verən zaman onun müəyyən səbəbi olmalıdır. Məsələn, mən seçkilərdən sonra ərizə yazaraq, istefa verdim. Hesab edirəm ki, istefa vermək demokratik cəmiyyətdə normal qarşılanan haldır. Bəzən bir liderin vaxtında verilməyən və düzgün olmayan istefası o xalqın tarixində çox böyük faciələrə yol aça bilər. Əgər, siz bu sualı ünvanlamaqla siyasi ayrılmalara eyham vurursunuzsa, bunları istefa adlandırmaq olmaz. O ki, qaldı mənim istefa vermə məsələmə, mən bunu tam şəkildə izah edə bilərəm. Mən istefa verərkən iki arqumentim var idi. İlk növbədə, mən ona görə istefa etdim ki, prezident seçkilərində biz axırıncı partiya elan edildik. Bu da təbii ki, partiyanın cəmiyyətdəki reytinqinə xələl gətirdi. Bu zaman mən bu hadisənin günahını özümdə gördüm və açıq şəkildə bunu etiraf etdim. Mənim şəxsi günahımın partiyada axtarılmasına yol verə bilməzdim. Digər tərəfdən, partiyalarda reytinq səviyyəsinin aşağı düşməsi ilə əlaqədar vətəndaşlar artıq oraya üzv olmaq istəmirlər. Mən partiyamızın sıralarının azalmasındansa, özümün buranı tərk etməyimi üstün tutdum. Lakin cəmiyyətdə mənim haqqımda yaranan yanlış fikirlərin fərqinə vararaq istefamdan imtina etdim.
sia.az