PDF Oxu

Müsahibə

  • 1 249

Politoloq: İranın nüvə proqramı ilə bağlı danışıqlarda sanki möcüzə baş verdi

Politoloq: İranın nüvə proqramı ilə bağlı danışıqlarda sanki möcüzə baş verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirlinin SİA-ya müsahibəsi:

- Elman müəllim, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar haqqında haqnsı fikirləriniz var?

- 10 ildən artıq bir müddətdə İranın nüvə proqramı ilə bağlı "5+1" variantında aparılan danışıqlarda sanki möcüzə baş verdi. Cenevrənin "Kontinental" oteli XXI əsrin olduqca mürəkkəb geopolitik problemlərinin həllini tapdığı məkan statusuna iddialı olmaq üçün ciddi əsasları var. 2009-cu ildə məhz burada ABŞ-ın dövlət katibi Hillari Klinton Rusiyalı həmkarı Sergey Lavrova Vaşinqton-Moskva münasibətlərindəki çoxsaylı ziddiyyətlərə son qoyulmasını özündə ehtiva simvolik jest etdi. "Reset" - "yüksüzləşmə" düyməsini ona bağışladı. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyuldu.

- Rusiya və ABŞ arasında Suriya probleminin həlli istiqamətində imzalanan saziş də məhz həmin oteldə baş tutmuşdu. Daha sonra "5+1" Iranın nüvə proqramı ilə bağlı imzalanan sazişin də məhz həmin oteldə reallaşması da sizcə təsadüfdürmü?

- Bəli, bu ilin sentyabr ayında Rusiya və ABŞ arasında Suriya probleminin dinc yolla həlli ilə bağlı tarixi razilaşma da məhz bu hoteldə əldə edildi. Suriya kimyəvi silahların məhv edilməsi üçün öhdəlik götürdü və onu yerinə yetirir. Region baş verməsi son dərəcə real görünən dəhşətli müharibədən sığortalanmış oldu. Nəhayət, noyabrın 23-dən 24-nə keçən gecə yenidən "Kontinental"da qitə əhəmiyyətli bir hadisə baş verdi. Bir az əvvəl qeyd etdiyimiz kimi, 10 ildən artıq bir müddətdə İranın nüvə proqramı ilə bağlı "5+1" variantında İranla aparılan və nəticəsi olmayan danışıqlarda sanki möcüzə baş verdi. Problemin həlli ilə bağlı çərçivə sənədi imzalandı. Bu nəticəyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "məğlub yoxdur, hamı qalibdir" qiymətini verib.

-Bəs məlum razılaşma hansı parametrləri ilə diqqəti cəlb edir?

- Birincisi, İran uranın zənginləşdirilməsini yalnız 5%-dək reallaşdıracağı öhdəliyini götürür. Uranı zənginləşdirməklə bağlı yeni sentrifuqlardan istifadə etməyəcəyini bildirir. İkincisi, beynəlxalq təştişçiləri bütün nüvə obyektlərinə, o cümlədən, Natanza və Araka buraxacağına razılıq verir. Üçüncüsü, İranın 6 ay ərzində bu öhdəlikləri yerinə yetirdiyi təsdiqlənəcəyi təqdirdə ona qarşı sanksiyaların mərhələli şəkildə ləğv ediləcəyi diqqətə çatdırılır. Dördüncüsü, İranın sanksiyalar nəticəsində "dondurulmuş" 100 milyard dollarlıq aktivlərinin ilkin olaraq 7-8 milyard dollarının "donunun açılacağı" qeyd olunur.

- İlk baxışdan sadə görünən bu şərtlərin razılaşdırılması üçün qeyd etdiyimiz kimi 10 ildən artıq vaxt sərf edilib. Bəs, bu nəticənin əldə edilməsində hansı amillərin rolu həlledici olub?

- Burada bir neçə amili göstərmək olar. Öncə, İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin davamlı olaraq pisləşməsini əsas amil kimi göstərə bilərik. 1979-cu ildən ABŞ-ın İrana qarşı fərdi qaydada, 2006-cı ildən BMT TŞ (ümumən, 6 qətnamə qəbul edib, onun 4-də sanksiyalar tətbiq olunur. Sonuncusu 2010-cu ildə qəbul olunub), habelə 2012-ci ilin 1 iyul tarixindən Avropa İttifaqı çərçivəsində tətbiqinə nail olduğu (enerji sektoruna qadağalar) iqtisadi-maliyə sanksiyaları artıq ölkə iqtisadiyyatını olduqca ciddi problemlərlə üz-üzə qoyub.

Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan İranda işsizlik problemi təhlükəli həddə yaxınlaşmaqdadır. Belə olan halda rəsmi Tehran İranın nüvə proqramı məsələsində Qərblə qarşdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətindədir.

İkincisi, 2013-cü il 14 iyun prezident seçkilərində praqmatik siyasətçi Həsən Ruhaninin qalib gəlməsi məlum problemin həlli üçün unikal imkan yaratdı. O,həm seçkiöncəsi çıxışlarında, həm də avqustun 4-də inauqurasiya mərasimində nüvə məsələsində Qərblə davranışın dəyişdirilməsi təklifi ilə çıxış edib, sələfi Mahmud Əhmədinecatın bu sahədə yeritdiyi siyasətin ölkənin beynəlxalq təcridinə gətirdiyini vurğulayıb. Deməli, yeni prezident bu məsələdə yeni yanaşmaların tərəfdarı olduğunu bəyan edib və bu istiqamətdə ardıcıl addımlar atmaq niyyətində olduğunu gizlətməyib. Özünün 2003-2005-ci illərdə "5+1" danışıqlarında İranı təmsil etməsi faktı da diqqətdən yayınmır. 2005-ci ildə Mahmud Əhmədinecatın prezident seçilməsindən sonra Həsən Ruhani bu prosesdən uzaqlaşdırılıb.

Üçüncüsü, bu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində "5+1" formatı xaricində ABŞ-ın İranla məxfi danışıqlar aparması da son nəticədə "Kontinental" sazişin əldə edilməsində həlledici rol oynayıb.

Nəhayət, belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib olması nəzərə çarpır. Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatikdir. İranla qarşıdurma siyasəti rəsmi Vaşinqtonun region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Geopolitik anlamda əsas rəqibinə çevrilməkdə olan Çinə enerji təhlükəsizliyi baxımından perspektivdə ciddi təsir rıçaqları əldə etmiş olar. Eyni zamanda, Rusiyanın regionda ererji ağalığına ciddi zərbə endirilmiş olar.

- Elman müəllim, regionda gözlənilən müharibəni saziş əsasında həll edilməsini Barak Obamanın uğurlu xarici siyasət aparması kimi dəyərləndirmək olarmı?

- Əlbəttə, bütün bunlardan savayı, Barak Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalar. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokratlar partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olar. Lakin qeyd edim ki, hər şey növbəti 6 ay ərzində İranın üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə riayət edəcəyindən asılı olacaq.

- Maraqlıdır, İsrail hansı mövqedən çıxış edəcək?

-Yəqin ki, İsrailin bu razılaşmanı "tarixi səhv" adlandırması, habelə Səudiyyə Ərəbistanının İrana qarşı sərt mövqedə dayanması kimi reallığa "barmaqarası" baxılmayacaq. Üzləşdiyi indiki geopolitik reallıqlarda İranın çevik və kompromisə meyilli siyasəti onu mövcud yeni situasiyanın qalibi edə bilər. Əks halda burada, məşhur "no comments" ifadəsindən istifadənin alternativi olmayacaq.

sia.az

Digər xəbərlər