Niyaməddin Orduxanlı: "Müsavatçılar Rüstəm İbrahimbəyovu "Milli Şura"dan uzalaşdırmaq istəyirlər"
Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır
- Niyaməddin müəllim, "Milli Şura" daxilində AXCP-Müsavat qarşıdurması kritik xarakter daşıyır. Sizcə onlar nəyi bölə bilmirlər?
- Bu gün "Milli Şura" fəaliyyət göstərmiyən bir quruma çevrilib. Artıq bu qurumun mövcudluğu sual altındadır. Əli Kərimli ilə müsavatçıların qarşıdurması heç vaxt bitməyib. İndi də Əli Kərimli İsa Qəmbərin "Milli Şura"nı ələ keçirməsinin qarşısını alır. Yəni ənənəvi düşmənçilik davam edir.
- Eldar Namazovun "Milli Şura"nın iclaslarına qatılmaması Rüstəm İbrahimbəyovun ona hər hansı bir tapşırığı ola bilərmi?
- Azərbaycan siyasətində Eldar Namazov bitmiş şəxslərdən biridir. Son vaxtlar onun görünməməsinin əsas səbəbi prezident seçkilərində Rusiya layihəsinə geniş dəstək verib, heç bir uğur qazanmamasıdır. Bu adam seçkidən əvvəl hər kəsi inandıra bilmişdir ki, bunlar hakmiyyətə gəlir. Çoxları da məhz R.İbrahimbəyovla E.Namazovun şirin vədlərinə inanmışdı. İndi isə Eldar Namazov aldatdığı adamların üzünə baxa bilmir.
- Daha çox "Milli Şura" daxilində qalmaqalları Müsavat yetkililəri yaratmaqla nəyə nail olmaq istəyirlər?
- Hazırda R.İbrahimbəyovun tərəfdaları ilə Əli Kərimlinin tərəfdarları birləşib Müsavata qarşı mübarizə aparırlar. Birmənalı şəkildə müsavatçılar R.İbrahimbəyovu "Milli Şura"dan uzalaşdırmaq istəyirlər. Əsas dava bunun üstündədir. Bu addımı atmaqla öz reputasiyalarını təmziləmək istəyirlər. Yəni Rusiyanın adamı olan R.İbrahimbəyovu uzaqlaşdırıb, quruma nəzarət etdikləri görüntüsünü yaratmaq istəyirlər.
- Sizcə, "Milli Şura" daxilində həmsədrlik inistitunun yaradılması ilə nəyə nail olmağı planlaşdırırlar?
- Həmsədrlik instituti qalsa, bu, o deməkdir ki, İbrahimbəyov qurma rəhbərlik edəcək. İsa Qəmbər isə əksinə İbrahimbəyovu qurumdan uzaqlaşdırmaq istəyir. Məncə, bu qurum tezlikə buraxılacağını elan edəcək.
- Nəyə görə müxalifət düşərgəsində təmsil olunan qüvvələr bir-birinə qarşı qısqancılıq hissi ilə yanaşır?
- 20 ildən artıqdır ki, müxalifətçilər arasında bu qısqancılıq davam edir. Bunun da əsas səbəbi müxalifət partiya rəhbərlərinin həmin düşərgədə birinci olmaq istəyindən irəli gəlir. Elə bu səbəbə görədir ki, İsa Qəmbər 1998-ci ildə Əbülfəz Elçibəyin prezident seçkilərinə "vahid namizəd" olmağına razılıq vermədi. 2013-cü ildə isə Əli Kərimli bütün fəaliyyəti ilə İsa Qəmbərin "vahid namizəd" olmağının qarşısını aldı. Bu gün hamıdan çox Əli Kərimli istəyir və arzulayır ki, İsa Qəmbər siyasətdən getsin. O bilir ki, İsa Qəmbər növbəti qurultayda başqan seçilə bilməyəcək və buna görə "Milli Şuran"nın nəzarətini İsa Qəmbərə vermək istəmir. Bu səbəbdən siyasətdə öz yerini möhkəmləndirə bilər. Ona görə də, Rüstəm İbrahimbəyov da dəfələrlə vurğulayıb ki, bu quruma partiya sədri gətirlə bilməz. Bu məsələdə Əli Kərimli ilə R.İbrahimbəyov eyni mövqeydən çıxış edir. Hər ikisinin məqsədi İsa Qəmbəri tezliklə siyasətdən uzaqlaşdırmaqdır.
GÜLYANƏ