Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin üzvü Ərəstun Cavadovdur
- Ərəstun müəllim, Milli Məclis 2014-cü il dövlət büdcəsini qəbul etdi. Sizdə büdcə müzakirələrində iştirak etdiniz. Fikrinizcə, Azərbaycanın sosial-iqtisadi inkişafı hansı səviyyədədir?
- Hər bir ölkənin büdcəsi onun sosial-iqtisadi inkişafının aynasıdır. Bu baxımdan ölkəmizdə artıq yeni mərhələ, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsi başlamış və dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın, proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. Əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, sosial rifahı yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirmək, dövlətin daha güclü, daha qüdrətli olmasıdır ki, məhz 2014-cü il üçün qəbul olunan dövlət büdcəsinin müzakirələrindən də bəlli oldu ki, özündə bu və bu kimi digər əhəmiyyətli faktorları kifayət qədər ehtiva edir. Azәrbacan Respublikası Prezidentinin rәһbәrliyi altında ölkәmizdә һәyata keçirilәn nәһәng quruculuq işlәri, әldә olunan sosial-iqtisadi inkişaf ölkәmizin qısa bir müddәtdә bölgәnin әn inkişaf etmiş, böyük nüfuz vә söz saһibi olan, әn müasir texnologiyaların tәtbiq olunduğu bir dövlәtә çevrilmәsinә sәbәb olmuşdur.
Son illər artan iqtisadiyyat, gündən-günə abadlaşan, müasirləşən paytaxt və bölgələrimiz, yeniləşən infrastruktur Azərbaycanın reallıqlarıdır. Uğurla həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra da uğurlu inkişafına əsas yaradır. Azərbaycanın bu günkü uğurları inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsinə əsas verir. Ötən hər ili uğurla başa vuran ölkəmizin qarşısında daha perspektivli, yeni vəzifələr dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq inkişaf proqramlarının əsas məqsədlərinə nail olunduğunu təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritetlərdir. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Hazırda "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" (2006-2015-ci illər), "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədlər icra olunur.
Dünya iqtisadiyyatının başlıca tələblərindən biri iqtisadi transformasiya prosesinin təkamül yolu ilə düşünülmüş və təmkinli olaraq həyata keçirilməsindən ibarətdir. Davamlı və sistemli bir proses olan təkamül yolu bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu mənada təmkinli, uzaqgörən siyasi xətlə paralellik təşkil edən təkamül yolu Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsiplərinə çevrildi.
Beləliklə də, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə daha böyük nailiyyətlərin əldə olunması bir daha sübut edir ki, Ümummilli liderimizin formalaşdırdığı sabit sosial-siyasi sistem hazırkı sürətli inkişafımızın təməlini təşkil edir.
- Siz eyni zamanda, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı kimi parlamentin Aqrar siyasət komitəsinin üzvüsünüz. Həmin bölgənin sosial-iqtisadi inkişafı, o cümlədən aqrar sahədə baş verən yeniliklər barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev aqrar siyasəti dərinləşdirməklə ölkəmizin bu sahədə yeni inkişaf mərhələsinə çatmasına səbəb olub. Dövlət başçısı aqrar sahəni ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu qeyd edərək bildirib:"Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir". Ölkə başçısının birbaşa diqqəti sayəsində torpaq mülkiyyətçilərinə dövlət dəstəyi və qayğısı ilbəil güclənib, onlara lazım olan bütün köməklikləri göstərilib. Kənd təsərrüfatında müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişləndirilib. Aqrar sahədə dövlətin birbaşa dəstəyi bir neçə formada özünü göstərir və bunlar ən qabaqcıl inkişaf modellərinə əsaslanır. Bu sırada subsidiyalaşmanın əhəmiyyətini xüsusi qeyd edə bilərik. Bir neçə ildir ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına birbaşa (yardımlar, subsidiyalar və s.) və dolayı (vergi güzəştləri, güzəştli kreditlər və s.) yolla dəstəklər göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar edilməkdədir. 2014-cü ilin Büdcəsi ilə tanışlıq onu deməyə əsas verir ki, regionlarda әsas fәaliyyәt növü olan kәnd tәsәrrüfatı isteһsalının (torpaq vergisi istisna olmaqla) bütün vergilәrdәn azad olduğu bir şәraitdә 16,7 faizlik büdcә gәlirlәrinin artımı regionlarda iqtisadiyyatın inkişafının göstәricisidir.
Keçən dövr ərzində əldə edilən nailiyyətlər bunu əyani surətdə nümayiş etdirir.
Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır. Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması ilə əlaqədardır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. 2014-cü ilin dövlət büdcəsində yerli büdcələrə dotasiyanın azalması, habelə gələn il Sumqayıt, Şirvan və Abşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonun da xərclərini özlərinin gəlirləri hesabına ödəmələri proqnozlaşdırılır. Hər il olduğu kimi 2014-cü ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox (ümumilikdə 539 milyon manat) vəsait ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri meliorasiya və irriqasiya tədbirlərinin yerinə yetirilməsi olduğundan bu sahə də həmişə diqqət və qayğı ilə əhatə olunur və 2014-cü ildə bu işlərə 239 milyon manat və ya cari ilə nisbətən 4,3 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin Ümumi Daxili Məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Bütün bunlar isə onu göstərir ki, əldə edilən neft kapitalı respublikamızın uzun müddətli, sabit və dinamik sosial-iqtisadi inkişafını təmin edən qeyri-neft sektorunun potensialının artımına və bu potensialdan səmərəli istifadəyə yönəlmişdir.
Prezident İlham Əliyevin vaxtaşırı olaraq bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməyi tərəqqinin əldə edilməsində, hər bir məmurun və icraçının vəzifə borcunu vicdanla yerinə yetirməsində mühüm rol oynayır. Hər şəhərdə, hər bölgədə, hətta hər kənddə quruculuq və abadlıq işləri böyük vüsət alır, modern standartlara cavab verən müasir infrastrukturlar yaradılır. Təmsil etdiyim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi kənd təsərrüfatı regionu kimi bu gün öz həyatının çiçəklənən bir dövrünü yaşayır. Heç vaxt bu rayonda bu qədər abadlıq-quruculuq işləri geniş vüsət almamışdır, artıq rayon həyatında yeni bir mərhələ başlanmışdır. Son illərdə Ağsu rayonunda bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Cənab Prezidentin Ağsu rayonuna hər səfəri rayonumuzun həyatında sanki yeni bir mərhələnin başlanğıcı olur. 30 oktyabr 2011-ci il tarixdə Ağsu rayonuna səfəri zamanı Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin, Ağsu mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında, Ağsuda çörək zavodunun, Ağsu şəhər stadionunun, Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin, Ağsu "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışlarında iştirak etmişdir.
Ağsu rayonuna səfərin nəticəsi olaraq cənab prezident tərəfindən imzalanan sərəncama əsasən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi və rayonda yeni xəstəxana binasının tikintisi üçün 3 milyon manat vəsait ayrıldı ki, bu da yerli problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr uzunluğunda yeni kəmər çəkilərək Ağsu şəhərinin və 3 kəndin keyfiyyətli içməli su ilə təmin edilməsi rayonun sosial həyatında tarixi bir hadisə oldu.
"Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin." Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezisi bu günün reallıqlarında öz əksini tapır. Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirilməsi yüksək səviyyədə təmin olunmuşdur.
yap.or.az