PDF Oxu

Müsahibə

  • 1 197

Ağacan Əbiyev: "2014-cü ildə əsas hədəfimiz keçiriləcək yarışlarda bütün idman növlərində medalların sayını artırmaqdır"

Ağacan Əbiyev: "2014-cü ildə əsas hədəfimiz keçiriləcək yarışlarda bütün idman növlərində medalların sayını artırmaqdır"

Bütün sahələrdə olduğu kimi, ölkəmizdə idman sahəsinə də xüsusi diqqət və qayğı göstərilməkdədir. Xüsusilə, son 10 il ərzində Azərbaycanda idmanın inkişafı və tərəqqisi istiqamətində ölkə rəhbərliyi tərəfindən uğurlara və nailiyyətlərə hesablanmış çoxsaylı addımlar atılıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində üçrəngli bayrağımız beynəlxalq idman arenalarında yüksəklərə ucaldılmaqdadır. Mövzu ilə bağlı millət vəkili, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Əbiyevin SİA-ya verdiyi ekskluziv müsahibəsini təqdim edirik:

- Ağacan müəllim, Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də davamlı olaraq uğurlar, nailiyyətlər əldə edilməkdədir. Siz bu kimi faktorları necə dəyərləndirirsiniz?

- Ölkəmizin bütün idman ictimaiyyəti Cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirir. Məhz dövlət başçısı, Milli Olimpiya Komitəsinin Sədri cənab İlham Əliyevin Azərbaycan idman hərəkatına göstərdiyi dəstəyin nəticəsidir ki, idmanımız bu məqama qədər yüksəlib. İdmanımız yüksələn xətlə ildən-ilə inkişaf edir və uğurlu nəticələr göstərir. İdmançılarımızın hər il keçirilən beynəlxalq yarışlarda, təkcə Avropa və dünya çempionatlarında qazandıqları medalların sayı 800-ə çatıb. İdman növlərinin artması, gənclərin idmana axını hələ Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb. 2000-ci il Sidney Olimpiya Oyunları zamanı idmançıların dövlət səviyyəsində yola salınıb qarşılanınması təşkil edildi, eyni zamanda orada iştirak edən idmançılar müxtəlif mükafatlarla, ordenlərlə təltif edildilər. Bu da bir növ gənclərimizin idmana marağının artırılmasına stimul verdi. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün regionlarında 45 olimpiya kompleksi tikilib idmançıların istifadəsinə verilib. Beş olimpiya kompleksi isə tikilməkdədir. Bu idman komleksləri də gənclərimizə idmanla məşğul olmağa köməklik göstərir.

Dünya miqyasında sahəsinə görə kiçik bir ölkənin bu qədər Olimpiya Kompleksi varsa, bu da Azərbaycanın idman ölkəsi olmasının ən bariz nümunəsidir. Cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edib ki, bizim istəyimiz idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanaraq medallar əldə etmələri ilə yanaşı sağlam böyümələridir. Azərbaycanın London Olimpiya oyunlarında 10 medal qazanaraq dünya dövlətləri sırasında 30-cu yerə layiq görülməsi sözün əsl mənasında ölkəmizdə idman olimpiya hərəkatının güclənməsindən xəbər verir.

- Bildiyimiz kimi, 2015-ci il Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bununla bağlı hazırlıqların nəticəsi barədə nə deyə bilərsiniz?

- Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar genişmiqyaslı işlər davam etməkdədir. Bununla bağlı yaradılan təşkilat komitəsi hər zaman aparılan işlərlə yaxından tanış olur. Komitənin Sədri ölkənin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə mütəmadi olaraq toplantılar keçirilərək müzakirələr aparılır, işlərin hansı müstəvidə irəlilədiyinə nəzər salınır. Əlavə olaraq, Avropa Olimpiya komitəsinin nümayəndələri də ölkəmizə təşrif buyuraraq aparılan işlərlə tanış olurlar. Bizimlə yanaşı Avropa bu oyunların yüksək səviyyədə keçirilməsində maraqlıdır. Qısa zaman ərzində idman komplekslərinin yüksək standartlara cavab verəcək şəkildə hazırlanması dövlətin bu sahəyə göstərdiyi diqqətin daha bir nümunəsidir.

- 2015-ci il Avropa Olimpiya Oyunlarının ilk dəfə olaraq, Azərbaycanda keçirilməsi gələcəkdə yay və qış Olimpiya oyunlarının da ölkəmizdə keçirilməsinə gətirib çıxara bilərmi?

- Təbii ki, idmanda qazanılan bu qədər uğurdan sonra 2020-ci ildə Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi gözlənilən haldır. Bir neçə il öncə Masallıda olimpiya kompleksinin açılışı zamanı Avropa Olimpiya komitəsinin sədri Patrix Xixi fikir bildirərkən, Azərbaycanı dünyanın Olimpiya mərkəzi kimi təqdim etdi. Bu kimi dövlətimiz, idmanımız haqqında söylənilən müsbət fikirlərdən sonra təbii ki, gələcəkdə Olimpiya oyunlarının Azərbaycanda keçiriləcəyinə şübhə yoxdur. İnanıram ki, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi ümumdünya Olimpiya oyunlarının da ölkəmizdə keçirilməsinə kifayət qədər təkan verəcək. Ümumdünya Olimpiya Oyunlarına ev sahibliyi etməyimiz üçün şansımız böyükdür.

- Qarşıdan 2014-cü il gəlir. Bu ildə idman sahəsində hansı yeniliklər gözlənilir?

- Bəzi idman növləri var idi ki, onlar tamamilə unudulmuşdu. Ancaq son illərdə bu idman növlərini inkişaf etdirməyə çalışırıq. Qadınların məşğul olduğu bədii gimnastika demək olar ki, artıq mövcud deyildi. Dünya arenasında bu kimi bəzi idman növlərinin yenidən gündəmə gəlməsində bizim ölkəmizin rolu böyük olub. Hazırda beynəlxalq tədbirlərdə bu idman növündə qazanılan medalların sayı ilbəil artmaqdadır. Məhz, Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın əməyi və səyi nəticəsində Bakıda sözügedən idman növündə Avropa və Dünya çempionatları keçirilib. Bundan başqa bir neçə gün öncə Qusarda "Şahdağ" yay-qış turizm mərkəzində ilin yekunlarına dair tədbirdə idmançılarımız mükafatlandırıldı. Beynəlxalq standartlara cavab verən bu mərkəzdə qış idman növləri üçün çox rahat və səmərəli infrastruktur yaradılıb ki, bu da heç kimin nəzərindən qaçmadı. Bu baxımdan, yay idman növləri ilə yanaşı gələcək illərdə qış idman növlərində də uğurlar Azərbaycanı gözləyir. 2014-cü ildə əsas hədəfimiz keçiriləcək yarışlarda bütün idman növlərində medalların sayını artırmaqdır.

- Ağacan müəllim, İdman Akademiyasında 2013-cü ildə hansı yeniliklərə imza atılıb?

- Akademiyamızın tarixi çox böyük və keşməkeşlidir. 1930-cu ildə Zaqafqaziyada ilk bədən tərbiyəsi institutu kimi fəaliyyətə başlayan akademiyada bu illər ərzində strukturda müəyyən dəyişikliklər həyata keçirilib. Azərbaycanın təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya etdiyi bir zamanda biz də çalışırıq ki, bu sistemə uyğunlaşaq və bu yöndə işlərimizi quraq. Məzunlarımızın Avropada və Amerikada rahat işləməsi üçün akademiyada islahatlar keçirilir. Misal olaraq birini göstərmək istərdim. Belə ki, bizim qiymətləndirmə sistemimiz Avropa universitetlərinin qiymətləndirmə sistemindən çox fərqlənir. Bunun üçün də sistemli şəkildə işlər həyata keçiririk ki, bərabərlik yaradaq. Akademiyada baloniya sistemi yaratmaqla da müsbət yöndə dəyişikliklər əldə etməyə qadir olmuşuq. Əgər tələbə 4 il ərzində 240 kredit toplayarsa, o artıq rahat şəkildə diplom işini müdafiə etməyə hazırlaşır. Tələbə 240 krediti toplayıbsa, deməli əsaslı dərsləri keçib və qiymətləndirilib. Bu yenilik təhsilin yüksəlməsinə gətirib çıxaran amillərdəndir.

- İdmanın perspektiv inkişafı ilə bağlı daha hansı fikirləriniz var?

- Hər bir ölkədə idmanın hansı səviyyədə olduğunu biz hər dörd ildən bir keçirilən Olimpiya oyunlarının nəticələrində görürük. Keçirilən digər beynəlxalq yarışların ən əsası Olimpiya olduğu üçün bu qənaətə gəlirik. Dövlət başçısının bütün sahələrə göstərdiyi diqqət və qayğını üzərində hiss edən hər bir idmançı və məşqçi daha böyük uğurlar əldə etməyə hazırdır. İdman ictimaiyyətinə ən böyük töhfə isə odur ki, bu gün müstəqil Azərbaycanı dünyada tanıtmaq, təbliğ etmək üçün qələbələrə doğru irəliləsinlər. Qələbələrə böyük əzmlə çalışmalıyıq ki, bu sahəni daha da inkişaf etdirək. Çünki hər bir qələbə bilavasitə Azərbaycanın qələbəsi deməkdir.

sia.az

Digər xəbərlər