PDF Oxu

Müsahibə

  • 1 377

Bahar Muradova: “Hal-hazırda bu məsələlər üzərində işlər gedir”

Bahar Muradova: “Hal-hazırda bu məsələlər üzərində işlər gedir”

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:

- Bahar xanım, Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Azərbaycanla Aİ arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?

- Bu ilin əvvəlində cənab Prezident İlham Əliyevin Brüsselə səfəri, orada keçirilən görüşlər və həmin görüşlər nəticəsində toxunulan məsələlər, müzakirə edilən problemlər, tərəfdaşlar arasında əməkdaşlığın səviyyəsi və s. barədə aparılan fikir mübadiləsi, bizə onu deməyə əsas verir ki, Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığını daha da intensivləşdirməkdə və onun mövzu dairəsini genişləndirməkdədir. Bu Azərbaycanın Avropaya inteqrasiya prosesində keçdiyi rola və qarşıda dayanan hədəflərə rəğmən məntiqi məzmun daşıyır. Bununla belə, bu, ölkəmizin getdikcə tutduğu geosiyasi, geostrateji mövqeyə, eləcə də Avropa ilə Şərq-Qərb arasındakı rola uyğundur. Hesab edirəm ki, bu təşkilatla bizim əməkdaşlığımızın səviyyəsi ona imkan verir ki, bundan sonra da bu hədəflərə doğru daha sürətli, dinamik bir şəkildə irəliləyək. Cənab İlham Əliyevin həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla, həm də NATO-nun baş katibi Rasmussenlə keçirdiyi görüşdə Azərbaycanın bu qurumla əlaqəli fəaliyyətinin müsbət dəyərləndirilməsi, ölkəmizin rolunun getdikcə artması və xüsusilə Əfqanıstanla bağlı probemlərin yəni, qoşunların Əfqanıstandan çıxarılması istiqamətində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin hər iki tərəfi qane etdiyi və bundan sonra həmin məsələlərə daha çox ehtiyac olduğunun vurğulanması və s. əməkdaşlığın getdikcə genişlənəcəyinə işarədir. Cənubi Qafqaz üzrə gedən proseslərdə Azərbaycanın getdikcə artan rolu, lider dövlətə çevrilməsi, iqtisadi, siyasi və hərbi imkanlarının getdikcə bu standartlara daha uyğun gəlməsi bizi çox sevindirir. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşması istiqamətində atılan addımlar və bu sahədəki əməkdaşlığın genişlənməsi bundan sonra da instensivləşəcək. Düşünürəm ki, bu səfər zamanı həmin qurumların rəsmilərinin Azərbaycan haqqında söylədikləri fikirlərin də çox böyük əhəmiyyəti vardır. Hesab edirəm ki, 2014-cü ilin əvvəlində keçirilən bu görüş hər iki təşkilatla münasibətlərimizi zamanın və Azərbaycanın maraqlarının tələb etdiyi səviyyəyə uyğun olduğunu göstərir.

- ATƏT- in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahat olduğunu bildirib. Amerikalı həmsədr öz şəxsi Twitter səhifəsində bildirib ki, təmas xəttində zorakılıq və gərginlik münaqişənin danışıqlar yolu ilə nizamlanması üzrə səylərə mənfi təsir edir. Siz bu barədə nə düşünürsünüz?

- ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir müddət əvvəl çox ciddi, çalarlı fikirləri var idi. Beləcə, mən onun bu nikbinliyinin nəyə əsaslandığını nədən qaynaqlandığını başa düşə bilmirdim. Düşünürəm ki, bu cür ciddi insanlar, fiqurlar istər nikbin ruhlu, istərsə də bədbin ruhda olan fikirlərini ifadə edərkən həddən artıq ciddi olmalı və ölçülü, çərçivəli münasibət bildirməlidirlər. Çünki sonradan belə hadisələr zamanı nə onlar, nə də ki onların fəaliyyətini, açıqlamalarını, bəyanatlarını gözləyən insanlar məyus olmasınlar.

- Bildiyiniz kimi, artıq "Milli Şura" daxilində parçalanmalar, qarşıdurmalar səngimək bilmir. Bu ərəfədə qurum daxilində daha bir qurumun Koordinasiya şurasının yaradılması sizcə, nə deməkdir?

- Radikal müxalifətin bundan sonrakı gedişatını nə mən, nə də başqa birisi düşünmür. Əlbəttə, nəticəsizliyin özü də bir nəticədir. Amma bu nəticəsizlik və bunun nəticə hesab olunması müxalifətə heç nə vəd etmir. Radikal müxalifətin, xüsusilə onun bu gün çox açıq mübarizə müstəvisinə keçmiş münasibətləri hər zaman mövcud idi. Bu, Azərbaycan vətəndaşları üçün də sirri deyildi. Ona görə də bu günə qədər həmin insanların və onların cəmləşdiyi bu qurumların bir-birinin ardınca iflasa uğraması heç kəsdə təəccüb doğurmayıb, əksinə hamı bunu qanunauyğun bir nəticə kimi qəbul edirdi. Düşünürəm ki, Azərbaycan vətəndaşları haqlı olaraq ölkəmizin inkişaf yoluna inanırlar.

- Son olaraq, Milli Məclisin yaz sessiyasının gündəliyində duran məsələlər haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, yanvarın 15-dən etibarən komitələr öz fəaliyyətini bərpa ediblər. Bu ayın sonuna kimi isə bütün komitələrdə yaz sessiyasının qanunvericilik işləri planına daxil olunacaq məsələlər müzakirə olunacaq. Sonda isə həmin sənəd təsdiq üçün parlamentin yaz sessiyasının birinci plenar iclasına tövsiyyə olunacaq. Hal-hazırda bu məsələlər üzərində işlər gedir. Eləcə də ötən sessiyadan qalan qanunvericilik işləri planına daxil olmuş qanun layihələri bura daxil ediləcək.

sia.az

Digər xəbərlər