PDF Oxu

Müsahibə

  • 1 519

Siyavuş Novruzov: "Ənənəvi müxalifət partiyaları parlament seçkilərinə getsələr də, uğur qazana bilməyəcək"

Siyavuş Novruzov: "Ənənəvi müxalifət partiyaları parlament seçkilərinə getsələr də, uğur qazana bilməyəcək"

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

- Siyavuş müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirildi. İclasda partiyanı düşündürən əhəmiyyətli məsələlərlə yanaşı müəyyən edilmiş komissiyaların fəaliyyət planları da müzakirə edilib. Fəaliyyətə başlamış komissiyaların aparacağı işlər nədən ibarətdir?

- Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında partiyanın 2013-cü ildəki fəaliyyəti müzakirə olunaraq hesabatı dinlənildi. Ötən il 31 mindən çox insan partiya sıralarına daxil olub, 100-dən artıq yeni ilk partiya təşkilatı yaradılıb. Sevindirici haldır ki, partiyamızın sıralarına daxil olan insanların 60 faizə yaxını gənclərdir. Ümumilikdə, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş olub. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yenidən ölkəyə rəhbər seçilməsi 2013-cü il ölkəmizdə keçirilən prezident seçkilərində partiya nümayəndələrinin yüksək fəallığının göstəricisidir. Bundan başqa, partiyanın tərkibində 12 komissiya yaradılıb ki, onlar da müxtəlif sahələri əhatə edir. Komissiyaların yaradılmasında əsas məqsəd bu sahələri daha da inkişaf etdirmək və görüləcək işlərə dəstəyin göstərilməsidir. Artıq komissiyalar özlərinin iş planlarını təqdim ediblər. Növbəti aylar ərzində müxtəlif səpkili tədbirlərini həyata keçirəcəklər.

- Ölkədə cərəyan edən ictimai-siyasi proseslərdə ənənəvi müxalifətin fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Fəaliyyət istiqamətlərini daxili çəkişmələrə yönəldən partiyalar bununla hər hansı yenilik əldə edə bilərmi?

- Bu cür addımlarla onlar heç bir uğur qazana bilməz. Çünki həmin partiyaların daxilində heç bir islahat getmir. O partiyalar bir neçə nəfər tərəfindən monopoliyaya götürülən partiyalardır. Kimsə hansısa bir demokratik fikir səsləndirirsə, dərhal partiyadan uzaqlaşdırılır. Bunu Müsavat Partiyasının gənclərinin seçkilərində və digər partiyaların fəaliyyətində açıq-aydın gördük. Bir neçə nəfər təmsil olunduqları partiyaları ictimai-siyasi proseslərdə aktiv iştirak etmək üçün deyil, özlərinə bir gəlir mənbəyi üçün istifadə edirlər. Bu baxımdan, həmin partiyaların perspektivi yoxdur. Sadəcə gündəmdə qalmaq üçün müxtəlif vasitələrlə dedi-qodular ərsəyə gətirirlər. Kütləvi informasiya vasitələrindən istifadə edərək gündəlikdə qalmağa üstünlük verirlər. Siyasi partiyaların müxtəlif funksiyaları var ki, o partiyaların heç biri bunları yerinə yetirmir. Ona görə də, getdikcə ləğv olurlar və yaxud, digər təşkilatlarla birgə fəaliyyət göstərməyə məcbur olurlar.

- Zaman-zaman radikal müxalifət nümayəndələri xarici səfirliklərdə mətbuata qapalı görüşlər keçirir, müəyyən beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər. Bu kimi qapalı görüşlərin arxasında sifarişli və təlimatlandırıcı amillərin durduğunu söyləmək olarmı?

- Hər bir səfir siyasi partiyalarla, ictimai təşkilatlarla görüşlər keçirə bilər. Lakin bu görüşlər qapalı deyil, cəmiyyət üçün açıq keçirilməlidir. Yeni Azərbaycan Partiyasının ayrı-ayrı ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri olur və bu görüşlər mətbuatda ətraflı şəkildə işıqlandırılır. Həmçinin, görüşlərin stenoqramması da yazılır ki, gələcəkdə hər hansı bir məsələdə əməkdaşlıq edilsin və ya fikir mübadiləsi aparılsın. Bu mənada, keçirilən görüşlərin məqsədi və məramı Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd etməyə və dövlətçilik əleyhinə olmamalıdır.

Təəssüflər olsun ki, bəzi səfirliklər ölkənin daxili işlərinə qarışaraq bu yöndə fəaliyyət göstərirlər. Ənənəvi müxalifətin cəmiyyət üçün heç bir təsiri olmadığı üçün bəzi ölkələrin səfirləri yeni təşkilatlar yaratmağa cəhd göstərirlər. Xüsusilə, xarici ölkələrdə təhsil alan, onların təsir dairələrində olan insanları hədəf seçiblər. O cümlədən, qrantlar vasitəsilə maliyyələşdirdikləri qeyri-hökümət təşkilatlarına daha çox üstünlük verirlər. Ənənəvi müxalifəti nə qədər himayə etsələr də, heç bir nəticə əldə edə bilmədilər. Çünki cəmiyyətimiz bunları qəbul etmədi. İndi də "istiqaməti" dəyişib yönəliblər 2015-ci ildə keçiriləcək parlament seçkilərinə. İndidən onları parlament seçkilərinə hazırlayırlar. Əgər kimsə siyasi partiya və ya təşkilat yaratmaq arzusundadırsa, "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidir.

- Qeyd etdiniz ki, ənənəvi düşərgə təmsilçiləri 2015-ci il parlament seçkilərinə hazırlıq görürlər. Onların düşdükləri böhranlı vəziyyəti qəbul etməmələrinin arxasında onlara verilən vədlər dayana bilərmi?

- Ənənəvi müxalifət partiyaları parlament seçkilərinə getsələr də, uğur qazana bilməyəcək. Sadəcə insanları bununla həvəsləndirirlər ki, ətraflarından uzaqlaşmasınlar. Onların namizədliklərini irəli sürəcəklərini vəd verərək şirnikləndirirlər. Əslində isə bu insanların potensialları tamamilə tükənib. Gənc nəsildən qorxduqları üçün onlara siyasi meydan vermirlər. Bu baxımdan, da ancaq öz aralarında namizədlikləri bölürlər. Ona görə də, parlament seçkilərində bunların şansı sıfıra bərabərdir.

- Son günlərdə radikal dini qruplaşmların Suriyaya axını müşahidə olunmaqdadır. Bununla bağlı hansı addımlar atılacağı gözlənilir?

- Sözügedən məsələ ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə cəmiyyətə həm dini, həm də qanuni baxımından ətraflı məlumat verib. Əgər belə insanlar varsa, onlar Azərbaycanın işğal olunmuş ərazilərin bərpası ilə bağlı öz köməkliklərini göstərə bilərlər. Hesab edirəm ki, bu insanlar kimlər tərəfindənsə yoldan çıxarılır. Həm təhlükəsizlik, həm də dini baxımından məsələni həll etmək üçün lazımi addımlar atılacaq.

sia.az

Digər xəbərlər