PDF Oxu

Müsahibə

  • 1 897

Rufiz Qonaqov: “Milli Şura”nın özü yoxdur, adı qalıb”

Rufiz Qonaqov: “Milli Şura”nın özü yoxdur, adı qalıb”

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun SİA-ya müsahibəsi:

- Vaxtilə "Milli Şura"nın ideya müəlliflərinin sonradan bu qurumu tərk etmələri nə ilə bağlı ola bilər?

- Bildirmək istəyirəm ki, ötən il ölkəmizdə keçirilən prezident seçkiləri öncəsi "Milli Şura" yaranarkən burada toplaşan partiyalar arasında münasibətlərin səmimi olmaması ilə bağlı fikirlər səslənirdi. Ümumilikdə, bu partiyalar arasında ziddiyyətlər hər zaman mövcud olub. Ona görə ki, onların rəhbərlərinin hər biri öz marağını önə çəkir. Lakin "Milli Şuraya" yarananda daxil olan Müsavat, AXCP və digər toplumda olan partiyaların rəhbərləri şuranın gələcəkdə guya hökumətə çevriləcəyi ilə bağlı fikirlər səsləndirirdilər. Guya Şura 1918-ci ildə yaradılan toplunun davamıdır. Əlbəttə ki, bu kimi fikirlər cəmiyyətdə qəbul olunmurdu və inananların sayı çox az idi. Çünki, seçki öncəsi hər dəfə bu kimi qurumlar yaransa da, sonu olmur. Həmçinin də "Milli Şura" bu aqibəti yaşadı. Bilirsiniz ki, bəzi partiyalar seçkidən öncə bu toplumdan ayrıldılar və bildirdilər ki, onların bu quruma inamları yoxdur. Nəticə də göz qabağındadır. Bu gün Şuranı yaradan əsas partiyalar qurumu tərk ediblər. Bu cür azlıqla fəaliyyət göstərən "Milli Şura" təbii ki, legitim ola bilməz.

- "Real" hərəkatı partiyaya çevrilir və Cəmil Həsənlinin də bu partiyanın sədri olacağı deyilir. Bu, "Milli Şura"nın buxarlanması demək deyilmi?

- Vaxtilə Cəmil Həsənli Azərbaycan ziyalılarının bir nümayəndəsi idi. Cəmil Həsənlini "Milli Şura" sədri seçməklə aralarında olan narazılıqları aradan qaldırmağa cəhd etsələr də, buna müvəffəq ola bilmədilər. Çünki, hər bir siyasi partiya rəhbəri prezidentlik iddiasındadır və digər partiya rəhbərinə güzəşt getməsi mümkün deyil. Mənə elə gəlir ki, "Real" hərəkatı partiya çevrilsə belə heç nəyi dəyişməyəcək. "Milli Şura"nın öz üzvləri söyləyirlər ki, bu qurumun özü yoxdur, yalnız adı qalıb. Mənə elə gəlir ki, "Milli Şura"nı zorla yaşatmağın heç bir mənası olmayacaq.

- AXCP Müsavat qarşıdurması sonda hər ikisinin də parçalanmasına gətirib çıxara bilərmi?

- Biz seçkidən öncə hər iki partiyanın rayon təşkilatlarında monitorinq keçirdik. Çox maraqlı haldır ki, o zaman onlar arasında çox səmimi münasibətlərin olduğunu gördük. Lakin bu partiyaların rəhbərlərinin ambisiyaları imkan vermir ki, partiyalar birgə fəaliyyət göstərsin və ya əməkdaşlıq etsin. Bilirsiniz ki, Müsavat Partiyası AXCP hakimiyyətdə olan zaman yaranmışdı. Elə bunun özü göstərirdi ki, o zamankı iqtidarın içərisində ikitirəlik var. Belə olan halda onların hazırki vəziyyətdə birləşməsindən söhbət gedə bilməz. Düzdür, rayon təşkilatları nümayəndələrin də belə bir arzu olsa da, rəhbərlər buna imkan vermirlər.

- İsa Qəmbər tərəfindən Əli Kərimliyə qarşıdurmaların dayandırılması ilə bağlı təklif verilsə də, AXCP sədri bunu nəzərə almır. Bunu, cəbhəçilərin müsavatçılara qarşı kəskin kin-küdurət bəsləməsi ilə əlaqələndirmək olarmı?

- Bu siyasi partiyaların rəhbərləri hələ seçki öncəsi öz mətbuat orqanlarında gizli şəkildə bir-birilərinə qarşı müxtəlif materiallar dərc edir, mübahisə edirdilər. Onlar arasında mübahisəli məsələlər hər zaman olub və bu gün də davam edir. Mənə elə gəlir ki, bundan artıq onların deyəcəyi söz qalmayıb. Onlar sözlərini mətbuat orqanları, köməkçiləri vasitəsilə bir-birilərinə söyləyiblər. Açıq nəticəsi də göz qabağındadır.

sia.az

Digər xəbərlər