"Erməni lobbisinin sifarişi ilə Azərbaycan haqda saxta hesabatlar hazırlayır"
SİA "Səs" qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyevin editor.az-a verdiyi müsahibəni təqdim edir:
- "Freedom House" təşkilatı Azərbaycanda insan haqlarının pozulmasına dair növbəti hesabat yayıb. Sizcə, bu təşkilatın Azərbaycan dövlətini hədəf seçməsində məqsəd nədir?
- Əvvəla, "Freedom House" təşkilatının fəaliyyəti haqqında bir neçə söz demək istəyirəm. Bu təşkilat dünyada insan haqlarının qorunması ilə yox, lobbiçilik fəaliyyəti ilə məşğuldur. Müəyyən dairələrdən, xüsusən erməni lobbisindən pul alaraq, onların sifarişi ilə saxta hesabatlar hazırlayır. Bu təşkilatı nəinki hədəfə aldığı dövlətlərdə, heç Amerika və Avropanın özündə də ciddi qəbul etmirlər. Bu təşkilat hər il müxtəlif dövlətlərdə saxladığı agentlər vasitəsilə saxta məlumatlar əsasında heç bir araşdırma aparmadan hesabat yayırsa, bu onların qeyri-peşəkarlığını ortaya qoyur. Bu təşkilatı Azərbaycanda tanımırlar. Sadəcə, müxalif nəşrlər onların erməni lobbisindən aldığı pullardan bir qisminə şərik olaraq onlara donos ötürürlər. Nəzarətində saxladığı mətbuat orqanları vasitəsilə oxucuları guya bu hesabatların ciddiliyinə inandırmağa çalışırlar.
- "Freedom House"dan söz düşmüşkən bu qurum təmsilçisinin "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevlə maliyyə vədi qarşılığında inqilab ssenarisi hazırlamasına dair audioyazı yayıldı. Sizcə, bu konkret olaraq cinayət əməli sayıla bilərmi?
- Azərbaycanda Mehman Əliyev kimilər az deyil. Onlar üçün milli maraqlar həmişə arxa planda dayanıb. Həmişə və hər yerdə öz şəxsi maraqlarını güdüblər. Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, Mehman Əliyev, Rüstəm İbrahimbəyov… Siyahını uzatmaq da olar. Mehman Əliyev agentdir. O, təkcə "Freedom House"a deyil, digər beynəlxalq təşkilatlara da agentlik edir. Son audioyazı onun iç üzünü ortaya qoydu. Bu adamlar şəxsi maraqları naminə hər şeyi satmağa, milli maraqları belə alver predmetinə çevirməyə hazıdırlar. Guya ki, "Freedom House"un hansısa səfeh nümayəndəsi ilə Mehman Əliyev və Xəqani Hüseynli birləşib siyasi alver edəndə Azərbaycanda hakimiyyət dəyişəcək?! Bu "ac toyuğun yuxuda darı görməsi"nə bənzəyir. Onlar xam xəyallarında, ölkəmiz isə öz inkişafında olsun.
- Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda rüşvətxorluğa qarşı mübarizənin davam edəcəyini bildirdi…
- Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə İlham Əlieyvin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bundan öncə də bu mübarizə aparılıb, indi də davam etdirilir. Əgər ölkə başçısı özü hər həftə regionlara səfər edib, vətəndaşları şəxsən dinləyirsə, onların problemləri ilə maraqlanırsa, hansısa məmurun vətəndaşlara və onların problemlərinə laqeyd yanaşmağa mənəvi haqqı yoxdur. Bu mənada İlham Əliyevin məmurlara xəbərdarlığı və onları təvazökarlığa səsləyən bəyanatı həm də yerində olmayan məmurlara isamrıj kimi də qəbul oluna bilər. Rüşvətxorluq və korrupsiya bütün dövlətlərin bəlasıdır və Azərbaycanda bu problemə ölkə rəhbəri səviyyəsində müdaxilə göstərir ki, bu kimi hallar tamamilə aradan qalxacaq.
- Yeni təyin olunan nazirlər kadr islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri ilə gündəmə gəlir. Sizcə, digər məmurların da bu təcrübədən istifadə etməsi labüddürmü?
- Ölkədə həyata keçirilən hər bir islahat və hər bir kadr təyinatı dövlətin güclənməsinə xidmət edir. Biz bunu yeni kadr təyinatlarında da aydın gördük. Əgər İlham Əliyev hansısa kadrı yüksək vəzifəyə təyin edirsə, demək həmin kadrın idarəçilik imkanları bu vəzifəni idarə etməyə imkan verir. İstər yeni, istərsə də öncədən təyin olunan nazir və yüksək çaplı məmurların neqativ hallara qarşı mübarizə tədbirləri müsbət qiymətləndirilə bilər. Bu həm də İlham Əliyevin siyasi iradəsini ifadə edir və ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilir. O ki qaldı gənc kadrların irəli çəkilməsinə, İlham Əliyev gənc kadrlara öz potensialını ortaya qoyub dövlətə xdimət etmək imkanı yaradır və bu da ölkə gənclərinin qarşısında yeni imkanlar açır. Nəsillər dəyişdikcə gənc kadrların önə çəkilməsinə zərurət yaranır.
- Televiziyaların efir siyasəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Cin çıxarılması, insanların şəxsi problemlərinin müzakirəyə çıxarılması telekanalların efir siyasəti ilə bağlı inzibati metodların işə düşməsinə zərurət yaradırmı?
- Milli Televiziya və Radio Yayımları Şurasının bununla bağlı xəbərdarlığı oldu. Əslində baxanda şou verilişləri bütün dünyada yayımlanır. Biz demirik ki, ümumiyyələ telekanallarda şou verilişləri nümayiş olunmasın. Amma hər şey həddində gözəldir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın öz mental dəyərləri var və şərq üslubu mental dəyərlərimizdə xüsusi yer tutur. Bu mənada bayağı verilişlərin efir məkanını başına götürməsinə, insanların şəxsi problemləri üzərindən reytqin yığmağa ehtiyac yoxdur. Unutmaq lazım deyil ki, tamaşaçılar televiziyaların deyil, televiziyalar tamaşaçıların zövqünü formalaşdırır və "Tamaşaçılar belə istəyir" kimi arqumentlərin əsası yoxdur. Mən buradan müğənni Röya Ayxanın Heydər Əliyev sarayındakı konserti zamanı şou xatirinə soyunmasına da kəskin etiraz edirəm. Soyunmaq istəyirsən, get başqa yerdə soyun. Bu məsələdə Heydər Əliyev sarayının rəhbərliyinin də günahı var. Heydər Əliyev sarayının rəhbərliyi hara baxır ki, dahi şəxsiyyətin adını daşıyan sarayda Röya alt paltarını nümayiş etdirir.
sia.az