PDF Oxu

Müsahibə

  • 1 337

Hikmət Babaoğlu: “Bu layihə Azərbaycana, Türkiyəyə və Gürcüstana böyük dividentlər gətirəcək”

Hikmət Babaoğlu: “Bu layihə Azərbaycana, Türkiyəyə və Gürcüstana böyük dividentlər gətirəcək”

"Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, bildiyiniz kimi, ötən gün Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlərinin üçlük formatında görüşü keçirildi. Ümummiyyətlə, həmin görüşün əhəmiyyəti ilə bağlı hansı fikirləri söyləmək olar?

- Son dövrlər dünyada çox sürətlə baş verən ictimai-siyasi proseslər hər bir milli dövlətin öz xarici siyasətində yeni dinamizmləri gətirməyi şərtləndirir. Şübhəsiz ki, Cənubi Qafqaz və Ön Asiya kimi mürəkkəb, eyni zamanda çox əhəmiyyətli geostrateji regionda yerləşən dövlətlərin xarici siyasətləri də dünyada baş verən bu sürətli proseslərlə ayaqlaşmalıdırlar. Biz bilirik ki, bu gün Azərbaycan Cənubi Qafqazın əsas milli aktrı, suverən dövləti kimi regionda baş verən siyasi, iqtisadi prosesləri şəkilləndirir və onların keyfiyyətini müəyyənləşdirir. Əlbəttə ki, Azərbaycanın əsas partnyorları Türkiyə və Gürcüstan dövlətidir. Əgər biz həmin görüşə nəzər salsaq görəcəyik ki, burada mühüm iqtisadi və siyasi məsələlər üçlük formatında müzakirə olundu. Hesab edirəm ki, bu görüşün Gəncə şəhərində keçirilməsi də xüsusi olaraq əhəmiyyət daşıyır. Çünki bu üç ölkə arasındakı əsas iqtisadi münasibətləri tranzit yol, mərkəz kimi - Gəncə, Tiflis və daha sonra Ərzurum, Qars, Ceyhan şəhərləri tutur. Məhz bu görüşün üçlük formatında Gəncə şəhərində keçirilməsi və növbəti görüşün Türkiyənin Qars şəhərində nəzərdə tutulması tranzit yol üzərində yerləşən məntəqələrə verilən önəmdir. Bildiyiniz kimi, həmin görüşdə "Gəncə bəyannaməsi" qəbul olundu. Burada birmənalı olaraq qeyd olundu ki, hər üç dövlət ölkələrin ərazi bütövlüyünə hörmət olunmasını tələb edir. Bununla belə beynəlxalq hüququn ən qısa bir müddətdə tələblərinin yerinə yetirilməsinin vacibliyi önə çəkildi. Beləcə Türkiyə respublikası hər iki ölkənin ərazi bütövlüyünə və suverənliyinə nə qədər böyük əhəmiyyət verdiyini bird aha bəyan etmiş oldu.

Burada müakirə olunan ikinci məsələ yəni, "Şahdəniz-2" yatağından istismar olunan qazın Avropaya nəql olunmasıdır. Burada bir daha tranzit və ixracatçı ölkə kimi Azərbaycanın, tranzit ölkə kimi isə Gürcüstan və Türkiyənin bu istiqamətdə ata biləcəkləri addımlar dəqiqləşdirildi və mövqeləri müəyyənləşdirildi. Heç şübhəsiz ki, üçlük formatında keçirilən bu görüş, eyni zamanda hər üç ölkənin gələcəkdə Avropa Birliyi ölkələri ilə və Avropada yerləşən müxtəlif regional və beynəlxalq təşkilatlarla inteqrasiyasını şərtləndirəcək. Bununla belə hesab edirəm ki, bu görüşün başqa bir əhəmiyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ilə kimi istifadəyə verilməsi ilə bağlı idi. Bu layihə iqtisadi potensialına, siyasi əhəmiyyətinə, eləcə də kommunikasiya əhəmiyyətinə görə, Bakı-Tblisi-Ceyhan neft kəməri qədər önəmlidir. Hətta bu yolu yeni, müasir dəmir İpək yolu da adlandırırlar. Biz bilirik ki, hər cür ehtiyyatlar tükənə bilər, amma dəmir yolundan yük daşımaları, kommunikasiya tükənə bilməz. Şübhəsiz ki, bu layihə Azərbaycanla bərabər Türkiyə və Gürcüstana da çox böyük dividentlər gətirəcək. Eyni zamanda bu, Cənubi Şərq Asiyadan başlayaraq Avropayadək uzanacaq kommunikasiya, nəqliyyat yolu kimi çox böyük əhəmiyyət kəsb edəcək. Bütövlükdə diqqət yetirsək görərik ki, hər üç dövlətin mövqeləri üst-üstə düşür. Hər üç ölkənin milli və dövlət maraqları bu layihələrin həyata keçirilməsini tələb edir. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu burada bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq.

- Fevralın 15-də Ermənistan prezidenti Serj Sarkisyan "Yerkrapa" Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham edib. O bildirib ki, geniş miqyaslı müharibəyə başlamaq üçün Azərbaycanın gücü və imkanı yoxdur. Bu barədə nəyə deyə bilərsiniz ?

- Ümumiyyətlə, Ermənistanın xarici siyasəti siyasi şantaj və manupulyasiya üzərində qurulub. Azərbaycanın qüdrətinin günü-gündən artması, iqtisadi baxımından güclənməsi, ordusunun inkişaf etməsi və s. heç şübhəsiz ki, işğalçı ölkəni narahat edir. Onlar əmindirlər ki, Azərbaycan dövləti beynəlxalq, regional şərtlərin imkan verdiyi ilk fürsətdə öz torpaqlarını işğaldan azad edəcək. Məhz buna görə də onlar müxtəlif vasitələrlə bu proseslərlə manupulyasiya etməyə çalışırlar. Bu gün Azərbaycan beynəlxalq ictimai rəylə daha keyfiyyətli işləyir və özü haqqında daha obyektiv məlumat çatdıra bilir. Hesab edirəm ki, Avropada qərar qəbul edəcək dairələrin hamısında kifayət qədər ətraflı və obyektiv məlumat var. Onlar bilirlər ki, Azərbaycanın torpaqları işğal olunub. Təbii ki, ermənilər də bunun fərqində olduqları üçün ölkəmizi şantaj etməyə çalışırlar.

- Rusiyalı polkovnik Viktor Baranetsin "Əgər Azərbaycan Ermənistana hücum etsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq" fikri ilə bağlı hansı fikirləri söyləyə bilərsiniz?

- Bu insan vaxtilə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat katibi olub. Hesab edirəm ki, onun bu fikirləri RF-nın rəsmi siyasi ilə uzlaşmır. V.Baranetsin hesab edir ki, Ermənistanla Azərbaycan arasında bir konfilikt baş verərərsə, işğalçı ölkənin ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası dərhal hərəkətə keçəcək. Bu bəyanat əslində V.Baranetsin siyasi proseslərə yad olduğunu göstərir. Əgər Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəksə, təbii ki, bu münaqişə ölkəmizin öz ərazisində baş verəcək. Belə olan halda Rusiya dövləti hansı hüquqi əsasla və müqavilə əsasında bu prosesə müdaxilə edə bilər? Görünür bu, rus polkovnikinin erməni dostlarına olan jestidir.

- Hikmət müəllim, Ukraynada baş verən proseslərə diqqətinizi çəkmək istərdim. Artıq bildiyiniz ki, ölkədə vəziyyət gərgin olaraq qalır. Sizcə, Ukrayna dövlətinin bundan sonrakı atacağı addımlar nədən ibarət olacaq ?

- Çox təəssüf ki, Ukrayna dövlətinə münasibət birmənalı deyil. İstər Avropa ölkələri, istərsə də Şimali Atlantika bloku içərisində olan dövlətlərin Ukrayna ilə bağlı konkret siyasətləri yoxdur. Ukrayna və onun xalqı Avropaya inteqrasiya olunmağa cəhd etdiyi bir halda çox təəssüf ki, Avropadakı bəzi mərkəzlərin xoş olmayan oyunları ilə qarşılaşırlar. Hesab edirəm ki, Ukraynada bu cür proseslərin baş verməsi olduqca pis nümunədir. Azərbaycanın Ukrayna dövləti ilə bir çox sahələrdə (iqtisadi, siyasi, mədəni və s.) əməkdaşlığı mövcuddur. Bu ikitərəfli münasibətlərin çox dərin tarixi kökləri var. Hesab edirəm ki, Ukrayna xalqı üçün ən yaxşı gələcək vəd edən və ən yaxşı siyasət onların qarşılıqlı şəkildə anlaşma qurmaları ola bilər.

- Son olaraq bildiyiniz kimi, fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunacaq. Ümumiyyətlə, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda görülən işlər barəsində hansı fikirləri söyləyə bilərsiniz?

- Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Azərbaycanda çox böyük işlər görülür. Heydər Əliyev Fondu tərəfindən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bütün ölkələrində bu işlər (sərgilər keçirilir, filmlər nümayiş olunur, müxtəlif tədbirlər keçirilir və s.) davam etdirilir. Hesab edirəm ki, bunun nəticəsi olaraq bir çox ölkələr Xocalı soyqırımını məhz soyqırım kimi tanıyıblar. Təbii ki, bu gün bunun Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Düşünürəm ki, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına yardımçı olacaq. Çünki bu gün bu həqiqətləri görən insanlar sabah dünya siyasətini müəyyənləşdirən insanlar olacaqlar. Hesab edirəm ki, bu gün informasiya-kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, artıq heç bir şeyi gizlətmək olmaz. 1914-15-ci illərdə ermənilər özləri Şərqi Anadoluda və Azərbaycanda insanları qətlə yetirdilər və dezinformasiya yaydılar.

sia.az

Digər xəbərlər