İqtisadçı ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Vüqar müəllim, Azərbaycanda qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası əhalinin məşğulluğunun artırılması və yaşayış təminatının yüksəldilməsinə hansı müsbət təsirini göstərib?
- Dövlət Proqramlarının icrası vətəndaşların işlə təmin olunması, eyni zamanda yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Son 10 ildə 1 milyon 200 min yeni iş yerləri yaradılıb ki, onun da 800 mini daimi iş yerləridir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası çərçivəsində yaradılan yeni iş yerlərinin böyük bir qismi, təxminən 65 faizi məhz regionların payına düşür. Bu da investisiyaların böyük bir hissəsinin regionların payına düşməsindən xəbər verir. Azərbaycan istisadiyyatına qoyulan investisiyaların 70 faizi regionlara aiddir. İnvestisiyalarda regionların payının artması və daha çox sərmayənin regionlara yönəldilməsi birmənalı şəkildə onu göstərir ki, regionlar həm məşğulluq siyasəti, həm də daimi iş yerlərinin açılması baxımından əhəmiyyətli paya malikdir. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları nəzərdə tutulan bütün istiqamətlər üzrə qeyri-neft sektorunun, məşğulluğun təmin olunması, yeni iş yerlərinin açılması və infrastrukturun inkişafı üzrə qarşıya qoyulan bütün öhdəliklərə nail ola bilib. Regionlarla paytaxt arasında fərqin aradan qaldırılması prosesi hər kəs tərəfindən yüksək qiymətləndirilir.
- Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə dövlət siyasəti sahibkarlığın inkişafına hansı tövhələri verəcək?
- Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə tədbirləri sahibkarlığın inkişafına əhəmiyyətli töfhələrini verəcək. Mübarizə tədbirləri təkcə sahibkarlıq sahəsində deyil, dövlətin bütün sahələrində həyata keçirilməkdədir. Belə ki, dövlət bütün vasitələri ilə vətəndaşların neqativ hallarla qarşılaşmalarının qarşısını almaqdadır. Ölkə prezidentinin fevralın 11-də "ASAN xidmət"in fəaliyyətinin genişləndirilməsi barədə imzaladığı Fərman xidmətə mütərəqqi səlahiyyətlər verir. Bunlardan biri kimi yaşayış binalarında mənzillərə orderlərin verilməsini "Asan Xidmət"in səlahiyyətinə verilməsini göstərə bilərik. Bununla da vətəndaşların qarşılaşdığı rüşvət, neqativ halların qarşısının alınacağını düşünürük. Korrupsiya ilə mübarizə elektron hökümətin inkişafı ilə paralel həyata keçirilir. Azərbaycanda elektron hökümətin inkişafı korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha səmərəli, daha effektiv olmasına imkan yaradacaq.
Sahibkarlığa gəlincə isə sahibkarlıq fəaliyyətinə müdaxilənin aradan qaldırılması ilə bağlı Cənab Prezidentin Fərmanına uyğun olaraq qanun layihəsi hazırlanıb. Sözügedən qanuna əsasən sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına uyğun olaraq risk qrupunun müəyyənləşdirilməsini özündə əks etdirir. Sahibkarlıq subyektlərinin çox hissəsində yoxlamalar üç ildən bir aparılacaq. Yalnız 10 faizində yoxlanılmaların aparılması ildə bir dəfə həyata keçiriləcək. Bu da imkan verir ki, sahibkarlıq subyektləri daha da inkişaf etdirilsin.
- Bakı şəhərində yenidənqurma işləri ilə bağlı fərdi yaşayış evlərinin sökülməsinin əvəzində konpensasiyaların verilməsi prosesində Azərbaycanla dünya ölkələri arasında fərq barədə nə demək olar?
- Bakı şəhərinin genişləndirilməsi planına uyğun olaraq bir sıra yaşayış evlərinin sökülməsi prosesi həyata keçirilir. Konpensasiyanın ödənilməsi vacib şərtlərdən olduğu üçün onlar ödəniləcək. Bakının Sovetski adlanan ərazisində 10 minə yaxın yaşayış mənzilinin sökülməsi nəzərdə tutulur ki, ona uyğun olaraq da vətəndaşlara konpensasiyalar ödəniləcək. Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında dialoqlar təşkil edilib.
Bütün hallarda vətəndaşların maraqları qorunur. Çünki dövlətin əsas qarşısında duran vəzifələrdən biri vətəndaşların maraqlarının qorunmasıdır. Yəni, vətəndaşları razı salacaq konpensasiya sistemini formalaşdırmaq və həmin sistemə uyğun olaraq da əhalini razı salmaqdır. Sözügedən ərazinin sökülməsindən sonra orada hər hansı bir biznes obyektlərinin tikilməsi deyil, istirahət parklarının salınması nəzərdə tutulur. Bu da onun göstəricisidir ki, dövlət bu ərazilərdən kommersiya məqsədi üçün istifadə etməyəcək. Digər xarici dövlətlərin praktikasına nəzər salsaq görərik ki, Azərbaycanda istənilən halda dövlət pul köçürmə prosesində vətəndaşları razı salacaq siyasəti həyata keçirməkdə maraqlıdır.
sia.az