Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SİA-ya müsahibəsi:
- Aydın müəllim, Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır. Qurultayın baş tutması üçün guya Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına münasib yer ayırmayıb. Məhz buna görə də, İsa Qəmbər məhkəməyə müracitə edib. Sizcə, İ. Qəmbərin bu addımı nəyə hesablanıb?
- Azərbaycanın, eləcə də regionun ən böyük və avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçirilən sonuncu qurultayında bir neçə yüz adam iştirak etdi. Halbuki, Yeni Azərbaycan Partiyasının faktiki olaraq 600 mindən çox üzvü var. Müsavat Partiyasının iddia etdiyi kimi, yəni "qurultayda partiya üzvlərinin hamısı iştriak etməlidir" prinsipi ilə yanaşsaq, onda belə çıxır ki, ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının 600 min üzvünün hamısı partiyanın qurultayında iştirak etməli idi. İ. Qəmbər iddia edir ki, qurultay keçirmək üçün təklif olunan yerlər Müsavata darlıq edir və onlara daha böyük zal lazımdır. Halbuki, Müsavat Partiyası siyasi proseslərin qızışdığı bir vaxtda, seçki ərəfəsində belə əməkdaşlıq etdiyi AXCP, KXCP və başqa partiyalarla birlikdə "Məhsul" stadionunu doldura bilmədilər. İndi tutaq ki, bunlara 30-40 min nəfərlik yer verildi. Bəs oranı kim dolduracaq? Axı Müsavat Partiyası sosial bazadan məhrum olmuş, şəxsi istəklər üzərində bu gün özünün fəaliyyətini quran, xalqdan heç bir dəstək almayan və heç bir mütərrəqi fəaliyyəti olmayan partiyadır!Digər tərəfdən, əgər təklif olunan yerlər Müsavata azlıq edirsə, o zaman özəl saraylara müraciət etsinlər. Özəl sahələr də ödənişlidir, bu isə İsa Qəmbərə sərf etmir. Çünki o, Müsavatda qazandığı pulları partiyanın bir işinə belə xərcləməz. Necə olur ki, İ. Qəmbərin mühafizəçiləri, bahalı maşınları var, amma ödənişli sarayların birində qurultay keçirmək məsələsi ortaya atılanda o, pulsuzluqdan şikayət edir? O zaman onun bahalı maşınlara, mühafizəçilərə xərclədiyi pullar hardandır? İ. Qəmbər istəsə, şəxsi xərclərini azaldıb, ödənişli və çox böyük zal kirayə götürə bilər. Amma bu da onları növbəti rüsvayçılıqdan xilas edə bilməz. Çünki biz dəfələrlə görmüşük ki, onların iddiaları əməllərindən daha böyükdür. İstəyirsən onlara ən böyük zalı ver, heç o zalın cüzi bir hissəni də doldura bilməyəcəklər. İsa Qəmbər qurultay adı altında Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməklə spekulyasiya ilə məşğuldur. Görüntü yaratmaq istəyirlər ki, guya fəaliyyət göstərirlər, guya hansısa vacib işlə məşğuldurlar. Onların sayı o qədər azdır ki, hətta Müsavat Partiyasının qərarhagında da qurultaylarını keçirə bilərlər. Sadəcə onlara növbəti şou lazımdır. Həmçinin Müsavatın qurultay keçirmək üçün bir müddət öncə Gürcüstana da müraciət etməsi göstərdi ki, bu adamların məqsədi başqadır. Bunların addımları sadəcə şəxsi istəklərinin reallaşmasına, anti-milli addımlarının həyata keçirilməsinə hesablanıb.
- "Milli Şura" müxalifətçilər haqqında dezinformasiyalar yaydığına görə "Yeni Müsavat" qəzetini qınayır. Sizcə, "Milli Şura"nın bu ittihamının əsasında nə dayanır?
- Bunu hər kəs bilir ki, Müsavatla AXCP arasındakı ənənəvi düşmənçilik qəzet müstəvisində daha çox özünü göstərir. "Azadlıq" qəzeti Müsavat Partiyasını, "Yeni Müsavat" qəzeti də AXCP-ni hədəfə götürür. Bu, onların ənənəvi düşmənçilik münasibətidir. Digər tərəfdən, Müsavatın "Milli Şura"dan çıxaraq "Düşüncə Mərkəzi" adlı yeni bir qurum yaratmaqla bağlı iddiası da Əli Kərimlidə müəyyən qədər qəzəb yaratdı. Yəni "Milli Şura"dan, eləcə də "Azadlıq" qəzetindən "Yeni Müsavatın" ünvanına səslənən ittihamlar, birbaşa Əli Kərimlinin İsa Qəmbərə olan ittihamlarıdır.
sia.az