PDF Oxu

Müsahibə

  • 1 610

Yevda Abramov: “Belə çıxır ki, Rusiya bütün dövlətlərlə müharibə etməlidir?”

Yevda Abramov: “Belə çıxır ki, Rusiya bütün dövlətlərlə müharibə etməlidir?”

Millət vəkili Yevda Abramovun SİA-ya müsahibəsi:

- Yevda müəllim, bəzi politoloqlar iddia edirlər ki, Rusiyadan Azərbaycana qarşı böyük təhlükə var. Sizcə, bu təhlükə gözləniləndirmi?

- Əvvəla, hər bir adam hansısa siyasi prosesi necə istəyirsə, elə də şərh edir, yəni başa düşdüyü tərzdə cəmiyyətə çatdırmağa çalışır. Belə bir iddia ilə çıxış edənlər ona əsaslanırlar ki, Azərbaycan BMT Baş Məclisində Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verib və bu da Rusiyanı qıcıqlandırıb. Ancaq orda Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə təkcə Azərbaycan səs verməyib ki! Dünyanın əksər dövlətləri Rusiyanın bu addımının əleyhinə səs verdi. Onda belə çıxır ki, Rusiya bütün dövlətlərlə müharibə etməlidir? Krım məsələsinə görə Azərbaycanla Rusiya arasında heç bir provokasiya ola bilməz. Ruiya tərəfindən bizə heç bir təhlükə yoxdur. Düzdür, Rusiya özünün xarici siyasətində müəyyən düzəlişlər edəcək, müəyyən məsələlərdə Azərbaycanla barışmayacaq. Ancaq bu dərin bir düşmənçilik siyasətinə çevrilməyəcək. Rusiyanın bizə qarşı açıq şəkildə heç bir hücumu gözlənilən deyil. Azərbaycan müstəqil şəkildə sözünü deyib və buna görə də heç kim ölkəmizə heç bir şəkildə təhlükə yarada bilməz. Azərbaycan cırtdan dövlət deyil ki, kimsə istədiyini etsin!

- NASA Rusiya ilə əlaqələrini kəsdi. Sizcə, Qərbin Rusiyaya sanksiyaları nə ilə nəticələnəck?

- Təbii ki, Qərbdən Rusiyaya qarşı sankasiyaların tətbiq olunacağı əvvəldən bəlli idi. Rusiya Krımı ələ keçirməklə, həm də böyük riskə getdi, bu ona qarşı dünya tərəfindən böyük sanksiyaların tətbiq olunmasına gətirib çıxaracaq. NATO-nun Rusiya ilə bağlı qərarı, böyük dövlətlərin hər birinin bu barədə bəyanatları, indi də NASA-nın Rusiya ilə əlaqələrini kəsməsi Rusiya üçün kifayət qədər ciddi və təhlükəli məsələdir. Ancaq istənilən halda güman edirik ki, bu hərbi münaqişlərə gətirib çıxarmayacaq.

- Türkiyədə keçirilən seçkilərin nəticəsini necə qiymətləndirirsiz?

- Seçki keçirmək hər bir ölkənin daxili işidir, seçki məsələsinə qoşulmaq olmaz. Qıraqdan oturub seçkiyə qiymət vermək düzgün deyil. Məsələn, bizim müxlaifət kimi, Azərbaycanda oturub Türkiyədəki seçkilərə qiymət verirlər və deyirlər ki, qardaş ölkədə seçkilər saxtakarlıqla keçirilib. Halbuki müxalifətin heç orada bir nümayəndəsi belə olmayıb. Yəni bizim müxalifət Türkiyədəki seçkilərə öz xarakterlərinə uyğun şəkildə qiymət verir. Bunlar kimdir ki, sözlərinə də önəm verilsin? Digər tərəfdən, seçkidən narazı qalanlar həmişə olub, bundan sonra da olacaq. Ancaq bu o demək deyil ki, seçki xalqın iradəsini əsk etdirməyib. Hesab edirəm ki, Türkiyədə keçirilən seçkilər xalqın iradəsini əks etdirib və AKP-nin qələbəsi şəksizdir. Bizim müxalifət yaxşı olar ki, öz fəaliyyətlərinə qiymət versinlər. Daha qatar getdi, arxasınca baxmaq lazım deyil. Oturub, öz işləri ilə məşğul olsunlar.

sia.az

Digər xəbərlər